“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Türkiyənin xeyrinə işləyir” Siyasət

“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Türkiyənin xeyrinə işləyir”

Elxan Şahinoğlu: "Moskva ilə artan əməkdaşlıq isə Ankaranın AB-nə üzvlük marağını daha da azaldacaq"

Ötən gün "Atlas" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu "Türkiyə-Rusiya-Azərbaycan ittifaqı və Dağlıq Qarabağ münaqişəsinin həlli" mövzusunda mətbuat konfransı keçirib.
Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinin uğurlu olduğunu deyib: "İndiki vəziyyətdə Kremlin Ankara ilə əməkdaşlığa ehtiyacı var. Digər tərəfdən də Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Türkiyənin xeyrinə işləyir. Çünki, Türkiyənin bu ölkə ilə iqtisadiyyatının və enerji sahəsinin bütün istiqamətlərində münasib qiymətlərlə idxal-ixracat əməliyyatlarını genişləndirmək şansı yaranıb".
Politoloq qeyd edib ki, Türkiyə uzun illərdir Avropa Birliyinin üzvü olmaq istəsə də, buna nail ola bilmir: "Ancaq V.Putinin bu səfəri Ankaraya yeni dividentlər gətirdi. Ona görə ki, Türkiyə əgər bu birliyə qoşulsaydı, digər üzv ölkələr kimi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmaq məcburiyyətində qalacaqdı. Belə olan halda isə Rusiya bazarından, digər ortaq layihələrdən istifadə edə bilməyəcək və iqtisadiyyatında problemlərlə üzləşəcəkdi. Bu ölkə ilə artan əməkdaşlıq isə Ankaranın AB-nə üzvlük marağını daha da azaldacaq".
E.Şahinoğlu, Türkiyə-Rusiya əməkdaşlığında iki əsas istiqamətin olduğunu diqqətə çatdırıb: "Birinci istiqamət kənd təsərrüfatı və ərzaq məhsullarının ixracıdır. Qərbin sanksiyaları Rusiyada kənd təsərrüfatı və ərzaq məhsullarında qıtlıq yaradıb. Moskva əvvəllər bu məhsulları Latın Amerikasından almağı planlaşdırsa da, məsafə çox uzaq olduğundan, Türkiyə ilə əməkdaşlığa üstünlük verdi. Çünki, bu ölkədən həmin məhsulları daha ucuz qiymətə əldə edə biləcək. İkinci istiqamət isə enerji əməkdaşlığıdır. Rusiya Türkiyəyə ucuz qaz satacaq, bu ölkəyə yeni qaz xətti çəkəcək. V.Putin Ankarada "Cənub Axını" layihəsindən imtina etdiyini bəyan etdi və Türkiyənin istəyi əsasında, bu ölkəyə satdığı qazın qiymətini 6 faiz ucuzlaşdırdı".