Azərbaycan xalqının 30 ildən bəri gözlədiyi bir qələbəni şübhə altına almaq əxlaqsızlığın ən son həddidir - Partiya sədrinin müavini Siyasət

Azərbaycan xalqının 30 ildən bəri gözlədiyi bir qələbəni şübhə altına almaq əxlaqsızlığın ən son həddidir - Partiya sədrinin müavini

Özünü “radikal müxalifət” adlandıran, əslində xaricdən fitlə idarə olunan müxalifətin, radikal, aqressiv nüfuz müvəkkillərinin Ali Baş Komandanın, Azərbaycan Ordusunun böyük zəfərindən əndişələnmələri, yenidən “zəhər tuluğu”, “xroniki böhtançılıq” rejiminə qayıtmaları sübuta yetirir ki, onların 44 günlük Vətən Müharibəsindən gözləntiləri fərqli olub.

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözləinə görə, müharibə dövründə nümayiş etdirdikləri qısamüddətli sükut isə sadəcə, xalqın qəzəbinə tuş gəlməmələri, ayaqlar altında qalmamaları üçün manevr xarakteri daşıyıb və indi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini qəbullanmayan, münaqişənin həlli ilə regiona təsir imkanlarını itirən, ayrı-ayrı erməni fondlarıyla siyasi korrupsiya müstəvisində işbirliyindən əlləri üzülən siyasətçilərin yer aldığı bəzi ölkələrin parlamentlərində qələbəmizə qarşı qəbul olunan qətnamələrdən ruhlanıblar, yaxud sifarişi eyni mərkəzdən alıblar:

"Prosesin paralel şəkildə aparıldığı göz qabağındadır. Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Qarabağ probleminin həlli bu nüfuz müvəkkillərinin hakimiyyətə qarşı illər uzunu irəli sürdükləri ittihamları heçə endirib. Azərbaycan xalqının Ali Baş Komandana olan sevgisi və bu sevginin hər addımda büruzə verilməsi, Prezidentlə xalqın, Ordunun sarsılmaz birliyi gözləntiləri özünü doğrultmayan “fit müxalifəti”ni və onların sosial şəbəkələrdəki tör-töküntülərini narahat edir. Nə zamansa Birinci Qarabağ Müharibəsində cəbhə bölgəsinə etdiyi təsadüfi səfər zamanı bir neçə dəqiqəlik kirayəyə götürdüyü hərbi geyimlə, silahla çəkdirdiyi fotoşəkli hər addımda gözə soxan xroniki fərarinin və əlaltılarının Azərbaycanın maraqları naminə az qala bütün dünya ilə savaşan Ali Baş Komandanı hədəfə almaları siyasi əxlaqsızlığın ən son həddidir. Ölkədəki çatışmazlıqları, problemləri hər kəs müzakirə edə, tənqidi münasibət bildirə, təkliflərini irəli sürə bilər. Amma Azərbaycan xalqının 30 ildən bəri gözlədiyi bir qələbəni şübhə altına almaq, bu qələbənin memarına qarşı əssassız mülahizələr irəli sürmək Ermənistanın revanşist qüvvələri ilə eyni cərgədə dayanmaq deməkdir. Bu mənəvi deqrodasiyanın ən son həddidir. Həm də bu əsassız mülahizələri kimlər irəli sürür? Vaxtilə Kİ-Uest danışıqları öncəsi Azərbaycandakı siyasi qüvvələrin dövlətin mövqeyinin müdafiəsi üçün təşkil edilmiş mitinqin xarici ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin səfirinin sözü ilə təxirə salınmasında müstəsna rolu olan vətən xainlərinin əlaltıları. ABŞ-ın nümayəndələr palatasında Azərbaycan və Türkiyə əleyhinə Ermənistana dəstək və qondarma soyqırımla bağlı qətnamənin müəllifləri ilə həmrəylik nümayiş etdirən, onların əllərini öpənlərin “şuradaşları”. İllər öncə “fit müxalifəti”nin başbiləni Əli Kərimli Avropa Komissiyasındakı çıxışında demişdi ki, Azərbaycan və Ermənistanda indiki hakimiyyətlər qalacağı təqdirdə sülhə təhlükə var. İndi bu adam və onun sosial şəbəkələrdəki marionetləri Azərbaycan xalqının, Ali Baş Komandanın, Ordumuzun Vətən müharibəsindəki Böyük Zəfərinin üzərinə kölgə salmaq istəyirlər. Nə üzlə və nə haqla?!".

Ekspert vurğulayıb ki, bütün proseslər xalqın gözü qarşısında baş verib: "Azərbaycan Prezidentinin, Ali Baş Komandanın Orduya rəhbərlik etməsi ilə yanaşı, informasiya savaşında, diplomatiya müstəvisindəki mücadilədə nümayiş etdirdiyi yüksək intellek, qətiyyət, güzəştsiz mövqe də həmçinin... Bu gün Qələbəmizin üzərinə kölgə salmağa çalışanlar toplusu İlham Əliyevin Vətən Müharibəsi dövründə xarici telekanllara müsahibəsində səsləndirdiyi fikirlərin bir kəlməsi çəkisində deyillər.

Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər Ordumuzun qələbəsini kiçiltməyə çalışan, milli birliyimizə zərbə vurmağa cəhd göstərən hər kəs Azərbaycan xalqının düşmənidir. Bunun başqa adı yoxdur!".