
İlyas Hüseynov: “Tramp çıxışlarının birində Amerikanın üçüncü dünya dövlətinə çevrildiyini elan etmişdi”
Amerika Birləşmiş Ştatlar tarixində görünməmiş hadisələrə şahidlik edirik. Prezident Donald Tramp seçkinin saxtalaşdırıldığını deyir və tərəfdarlarını etiraz aksiyasına səsləyir. Bundan sonra Tramp tərəfdarları konqres binasına basqın edir və xaotik mənzərə yaranır. Təbii ki, bütün bunlar dünya mediasının gündəmini zəbt edir və ABŞ-ın imici ciddi şəkldə zədələnir. Əksər ekspertlər əslində ABŞ “demokratiyası”nın iç üzünün açıldığını vurğulayır.
Politoloq İlyas Hüseynov “Xalq Cəbhəsi”nə bildirdi ki, mətbuatdan aldığımız məlumatlara görə, hazırkı Prezident Donald Trampın çoxminlik tərəfdarları Kapitoliy yaxınlığında etiraz aksiyası keçirib, daha sonra onlardan bəziləri Konqres binasına soxulublar. O, bildirib ki, təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub: “Vaşinqtonda keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 4 nəfər ölüb.Bundan əvvəl Konqres binası qarşısında polis əməkdaşının açdığı atəş nəticəsində ağır yaralanan aksiya iştirakçısı, ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib. Konqres binası yaxınlığında qarşıdurma zamanı daha 3 nəfər ölüb.Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.
Həmin gün keçirilmiş prezident seçkilərin yekunu olaraq demokratların namizədi Co Baydenin nəticələrini təsdiqləyəcəkdi.
Co Bayden baş verənlərin demokratiyanın bütün kövrəkliyini nümayiş etdiyini bilidirib. Bayden bu hadisələrin həmçinin demokratiyanın “cəsur liderlərin” müdafiəsinə ehtiyacı olduğu faktını göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu rolu yalnız yaxşı niyyətli və ümumi rifah üçün çalışan insanlar öz üzərlərinə götürə bilər. Onun sözlərinə görə Demokratiyanı şəxsi maraqlarını güdən, hakimiyyətə həris olan insanlar qoruya bilməz. Bununla yanaşı, ABŞ Senatı və Nümayəndələr Palatası Cozef Baydenin prezident seçilməsini təsdiqləyib. Bayden Konqresin 270-dən çox seçici səsini qazanıb. Konqresdəki seçici səslərinin təsdiqlənməsi noyabr səsverməsinin nəticələrini ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır”.
Politoloq əlavə edib ki, tərəfdarların hücumu, İngiltərə-Amerika müharibəsinin gedişində ingilislərin 1814-cü ildə hücumunu xatırlatdı: “Bir sözlə, 2021-ci ilin Vaşinqton üçün böyük problemlərlə başladığını qeyd edə bilərik. Donald Trampın prezident olduğu dövrdə bir çox uğursuzluqlar yaşamış, lakin bəzi uğurları da olub. Biz ultrasağçıların Şarlotsvilldəki (Virciniya ştatı) yürüşdən (Unite the Right rally), Corc Floydun öldürülməsindən, Trampa qarşı impiçmentdən, “Yaxın Şərq Sülh Planı”ndan, Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərindənvə s. danışmayacağıq.
ABŞ-da keçirilən seçkilər və sonkarı proseslər ətrafında çoxlu maraqlı hadisələr olsa da, bəzi detalları tezislər üzərindən təhlil etməyə çalışacağıq.
1. Bütün dünyanın elektronlaşdığını və sosiallaşdığını nəzərə alaraq birinci qeyd etməliyik ki, baş verən hadisədən sonra “Facebook” rəhbərliyi “Twitter”-in ardınca Donald Trampın yeni paylaşımlarını qadağan edib. Qadağa 24 saat qüvvədə olacaq. Eyni zamanda, əgər Trump “Twitter”-də “şiddət riski” xəbərdarlıq etiketləri ilə işarələnmiş mesajları silməzsə, hesabı həmişəlik bloklanacaq. Bütün bunlar hamıya demokratiya və söz azadlığı dərsi keçən dövlətdə baş verir. Paradoksdur…
2. ABŞ-ın keçmiş prezident Barak Obama Trampı zorakılığa təhrik etməkdə günahlandırdı. Obamanın fikrincə, baş verən hadisələr “Amerika xalqı üçün böyük bir utanc anı” oldu. Müasir ABŞ tarixində görünməmiş hadisələr cərəyan etməyə başladı. Donald Trampın tərəfdarlarının Kapitolini ələ keçirtməyə çalışması dünya ictimaiyyətini şoka saldı. ABŞ demokratiyasının qalası hesab olunan Vaşinqtonda bu cür hadisələrin baş verəcəyini təsəvvür etmək mümkün deyildi. Polis zabitləri nümayişçiləri Kapitol binasının içərisinə buraxmamaq üçün silahlara əl atdılar. Bununla yanaşı, gözyaşardıcı qazdan istifadə olundu. Ekstremistlər Senatdakı vitse-prezidentin yerində durur və Nümayəndələr Palatasının spikerinin masasının arxasında otururdular. Həqiqətən də 6 yanvar tarixi ABŞ-ın ən qaranlıq günlərindən biri oldu. Sözün bütün mənalarında…
3. ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonu xatırlamalı olacağıq. O, 1797-ci ildə 2 dövrlük prezidentlikdən sonra könüllü şəkildə vəzifəsindən ayrılan şəxs kimi tarixə düşüb. Amma bunu etməyə də bilərdi. Qeyd edək ki, Konstitusiyaya prezidentliyi iki dövrlə məhdudlaşdıran 22-ci dəyişiklik yalnız 1951-ci ildə təsdiqlənib. O dövrdə Corc Vaşinqton bütün tənqidçilərin söylədiklərinə baxmayaraq vəzifədə uzun müddət qalmaq istəmədi. Həmin jestdən 200 il keçsə də bu qərar Corc Vaşinqtonun ən böyük hərəkətlərindən biri və konstitusiya demokratiyasının formalaşmasında ən əhəmiyyətli qərarlardan biri olaraq qəbul edilir. Həm də onun hakimiyyəti dövründə siyasi proseslərdə şiddətli etirazlardan daha çox qanunun aliliyinin təmin olunmasına önəm verildi. Siyasi ekspertlərin fikrincə, Donald Tramp qarşısında olan sınaqlardan çıxa bilmədi. O, könüllü olaraq və böyük lütfkarlıqla vəzifəsini tərk edə bilmədi və ya bunu etmək istəmədi.
4. Bu gün hətta Avropanın mətbu orqanları yazır ki, Tramp şiddətli etirazları dayandırmaq əvəzinə onları təşviq edirdi. Etirazçılara ünvanlanan video çox gec yayıldı və bu da kifayət etmədi. Nüfuzlu “Guardian” qeyd edir ki, Trampın çevriliş etməyə cəhd göstərib. Qəzetin fikrincə, baş verənlərin məqsədi Baydenin prezident olmasına mane olmaq idi və bu, onun prezidentliyini təmsil etmək və yeni administrasiyanın rolunu zəiflətmək kampaniyasının bir hissəsidir. Baş verənləri təsvir etmək üçün KİV-də istifadə olunan sözlər də narahatlıq doğururdu: çevriliş, üsyan, qiyam, təhrikçilik...
5. Demokratiya... Demokratiya, ortaq qərarların qəbul edilməsinə və nəticənin, nə olursa olsun hörmət edilməsinə imkan verən bir razılaşma sistemidir. Kapitolidə gördüyümüz zorakılıq avtoritar xarakter daşıyır. Bu, başqalarını təhrikçilərin iradəsinə tabe olmağa məcbur etmək üsuludur.
6. Donald Tramp çıxışlarının birində Amerikanın üçüncü dünya dövlətinə çevrildiyini elan etmişdi. İndi isə o özü daha çox qeyri-sabit ölkələrdə hakimiyyətin zorla ötürülməsi ilə bağlı həyəcan yaradı. Kapitolun içərisində konqresmenlər 1876-cı il presedentini müzakirə etdilər və Amerika Birləşmiş Ştatları Konstitusiyasının müəlliflərinin istəklərini təxmin etməyə çalışdılar. Kapitolidə baş verən insident göstərir ki, “Trampizm” heç yerə getməyib və Tramp bundan sonra da Respublika Partiyasının balanssız qalmış hissəsinin dəstəyindən istifadə edəcək, özü isə çox güman ki, “Ağ Ev”i yalnız bir müddətlik tərk etdiyini düşünəcək. ABŞ-ın digər bölgələrindən Vaşinqtona gələnlər evlərinə dönəcək və mübarizələrini davam etdirəcəklər. Ancaq ehtimal olunur ki, respublikaçıların Trampı prezidentlikdən getdikdən sonra partiyalarının lideri kimi görmək şansları xeyli azalacaq. Ola bilsin ki, D.Trumpın məsuliyyətə cəlb olunması ilə bağlı fəaliyyət də həyata keçiriləcək. Çünki bu hadisədən sonra ABŞ-ın dünyadakı nüfuzu ciddi şəkildə sarsıldı. Tramp seçkinin nəticələrini heç bir rasional izahat vermədən şübhə altına aldı və Amerika cəmiyyətinə dəhşətli yaralar vurdu. ABŞ-ı çətin bərpa dövrü gözləyir. Dəymiş ziyan çox böyükdür.
7. Donald Trampın ətrafında lap əvvəldən qəzəb, nifaq və konspirasiya nəzəriyyələridolaşırdı. Sonda isəməğlub olan, lakin güclü liderindən yapışaraq mübarizə aparan və ona inanan qəzəbli bir dəstəyə şahidlik etdik. İstənilən halda,“06.01.2021” Amerika Birləşmiş Ştatları tarixinin ən qaranlıq günlərindən biri olaraq xatırlanacaq. Hakimiyyətin dinc yolla ötürülməsini simvollaşdırmaq üçün nəzərdə tutulan bir gün əvəzinə, Prezident Tramp tərəfindən təşviq edilən və dəstəklənən bir izdihamın Kapitoliyə basqın edərək Nümayəndələr Palatasının qapılarının şüşələrini sındırdığı və silahlı qarşıdurma yaratdığı gün kimi xatırlanacaq”.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə dedi ki, ABŞ-da baş verənlər əslində həqiqi demokratiyanın yeni miladı kimi qiymətləndirilə bilər: “Çünki bu vaxta qədər bütün dünyaya ideal demokratya kmi təqdim edilən amerika demokratiyası heç də həqiqi demokratiya deyil. Tamamilə elita demokratiyası kimi səciyyələndirilə biləcək demokratiya idi”. Onun sözlərinə görə, bunun əsasını isə demokratiyanın ilkin mənbəyi kimi xarakterizə olunanan seçki sistemi təşkil edirdi: “Yəni amerikada illik demokratiya tarixində heç vaxt sadə seçici birbaşa səs verməklə öz mövqeyini ortaya qoya bilməyib, onun səsi sadəcə təmsilçi seçməklə məhdudlaşdırılıb. Ona görə də amerika demokratiyasından danışanda onu təmsilçi demokratiya adlandırılar. Bu isə əslində bir qrup siyasi elitanın hətta bir qədər də dəqiqləşdirsək anqlosakson elitanın maraqlarına xidmət edən demokratiya idi. Bu demokratiya hətta o dərəcədə süni idi ki, nəinki xalqı siyasi iştirakçılıqdan kənarda qoyur hətta elitanın içərisində belə “demokratik lider”lər layihə formasında həyata keçirilirdi. Nəticə isə ölkədə respublikaçılar və demokratlar arasında hakimiyyət ötürülməsini təmin edən mexanizm yaratmaqla vətəndaş təşəbbüskarlığını, iştirakçılığını minumuma endiridi. Bu isə heç də həqiqi demokratiya adlandırıla bilməzdi. Donald Tramp məhz bu “layihələndirilimiş,” demokrataiyaya və onun seçki sistemindəki qüsurlara etiraz edərək bir növ Amerika demokratiyasını təftişə məruz qoydu və dərhal bəlli oldu ki, bu demokratiya dayanıqlı və demokratik təzyiqə dözümlü olan daxili struktura malik deyil. Hazırda ABŞ-da yaşananları şərtləndirən amillər bu sistemin yaratdığı məhdudiyyətlərdən doğan amillərdir. Bu gün bir sıravi Amerika vətəndaşı senata daxil olub “bura mənim evimdir” şüarı səsləndirə bilirsə bu 200 illik ABŞ demokratiyasının 200 il ərzində adi vətəndaşa bu şüarı səsləndirə biləcək qədər cəsarət haqqı tanımasının yeganə nümunəsidir. Yəni əslində xalqın nəhayət həqiqi demokratiya uğrunda mübarizəyə iddialı olmasının göstəricisidir. Ona görə də 6 yanvar hadisələrindən sonra hadisələr bu cür inkişaf etməkdə davam edərsə ABŞ-demokratiya tarixində yeni keyfiyyət mərhələsi başlaya bilər. Sonuncu prezident seçkilərindən əvvəl keçirilən rəy sorğusunda iştirak edən respondentlərin kimə və nə üçün səs verəcəkləri ilə bağlı suala təqribən 30 faiz iştirakçı öz mövqelərini kiçik və orta biznesə olan münasibətə görə müyyən etdiklərini ifadə etmişdilər ki, bu kateqoriyaya əsasən latındillilər daxildir. İrqi məsələlərə görə öz siyasi mövqeyini dəqiqləşdirənlər isə ümümi respondentlərin 20 faizə qədərini təşkil edirdi ki , bunlar da əsasən afroamerikanların mövqeyi idi. 17 faiz isə pandemiyaya qarşı mübarizə metodlarının effektivliyinə görə öz siyasi mövqelərini dəqiqləşdirəcəklərini demişdi və .s. Göründüyü kimi təkcə bu müqayisədə artıq elə reallıqlar ortaya çıxır ki, hansı ki onlar rəsmi nəticələrdə təsdiqini tapmır. Əslində narazılıq edənlər də elə onlardır. Daha xırda detallara girmədən ümumiləşdirmə aparsaq görəcəyik ki, baş verən hadisələr səbəbsiz deyil. Bu isə ABŞ demokratiyasının heç də təqdim edildiyi kimi ideal olmadığının göstəricisidir”.
Əli Zülfüqaroğlu