“Böyük qayıdış”ın yol xəritəsi: Qarış-qarış qaytardıq, kərpic-kərpic tikəcəyik - RAKURS Siyasət

“Böyük qayıdış”ın yol xəritəsi: Qarış-qarış qaytardıq, kərpic-kərpic tikəcəyik - RAKURS

44 günlük Vətən savaşı müzəffər Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı. Azərbaycan 30 illik “Qordi düyünü”nün - Qarabağ münaqişəsinin böyük ölçüdə həllinə nail oldu. Azərbaycan 1993-cü ildən işğal altında saxlanılan ərazilərimizi, o cümlədən Qarabağın simvolu sayılan Şuşanı erməni tapdağından azad etdi.

Noyabrın 10-da müharibənin dayandırılması haqqında imzalanan Ermənistan-Rusiya-Azərbaycan birgə Bəyanatından sonra bölgədə vəziyyət tam dəyişib. Azad edilən torpaqlarımızda quruculuq işlərinə hazırlıq başlanıb. Qarabağa böyük qayıdışla bağlı müxtəlif fikirlər və təkliflər var. Mediada və sosial şəbəkələrdə aparılan müzakirələrdən belə qənaətə gəlmək olur ki, qayıdışla bağlı vahid fikir yoxdur. Bir qism hesab edir ki, qayıdış prosesi sürətlə həll edilməli, məcburi köçkünlər geri qaytarılmalıdır. Bəzi şəxslər paytaxt Bakıdakı tıxacı, sıxlığı köçkünlərlə bağlayırlar. Hesab edirlər ki, qayıdış nə qədər tez başa çatarsa Bakının yükü də azalar.

Doğrudur məcburi köçkünlərin Bakı və Sumqayıtda məskunlaşması müəyyən sıxlıq yaradıb. Amma paytaxtın yüklənməsini tək onlarla bağlamaq düz olmazdı. Ötən əsrin 90-cı və 2000-ci illərdəki urbanizasiya zamanı Bakıya ölkənin müxtəlif bölgələrindən axın olub. Məcburi köçkünlər qayıdandan sonra da Bakının yükü azalmayacaq. Məcburi köçkünləri qatara doldurub geri qaytarmaq da düzgün deyil. Qarabağın azadlığı ilə nəticələnmiş Böyük zəfərin memarı Prezident İlham Əliyev böyük qayıdışla bağlı fikirlərini açıqlayıb.

Dövlət başçısı hesab edir ki, Qarabağa qayıdışla bağlı bütün işlər ardıcıllıqla görülməlidir. Öncə işğaldan azad olunmuş ərazilər minalardan təmizlənməlidir. Ermənistan işğalçıları 30 il nəzarət altında saxladıqları torpaqlarda çoxlu minalar basdırıb. Xain düşmən məğlub olandan sonra da o minalı ərazilərin xəritəsini Azərbaycana vermir.

Atəşkəsdən sonra günlərdə bir neçə hərbçimiz və mülki Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, sağlamlığını itirib. Minalardan təmizləmə böyük bir prosesdir. Hazırda Minatəmizləmə Agentliyi yenidən formalaşdırılır. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər başa çatmalıdır. Bundan sonra 30 il ərzində Azərbaycanın işğal altında olan rayonlara dəyən ziyan araşdırılmalı, hesablanmalıdır. Azad edilən torpaqlar beynəlxalq birlik tərəfindən Azərbaycanın qanuni əraziləri sayılır.

Ermənistana son 30 ildə ərazidə bir dənə salamat tikili, infrastruktur qoymayıb. Evlər, binalar, yollar dağıdılıb. Ermənistan məğlub tərəfi kimi Azərbaycana təzminat ödəməlidir. Bunun üçün də dəyən ziyan hesablanmalı, beynəlxalq qurumlara təqdim olunmalıdır. Qarabağ əzəli Azərbaycan torpağıdır və burada məskunlaşmanın tarixi qədimdir. Heç şübhəsiz ki, minalar təmizləndikdən, təhlükəsizlik tədbirləri görüldükdən, sərhədlər və müdafiə xəttləri möhkəmləndikdən sonra qayıdış başlanacaq. Ancaq indi orta əsrlər deyil.

Əhali köçəri həyat tərzi sürmür ki, bir yerdən başqa yerə asanlıqla köçürə biləsən. Minalar təmizləndikdən, təhlükəsizlik tədbirləri gücləndirildikdən sonra ərazidə yol, elektrik, qaz xəttləri çəkilməli, rabitə, poçt strukturları yaradılmalıdır. Şuşa şəhəri, Hadrut, Suqovuşan qəsəbələri və bir neçə kənddən başqa bütün dağlıq və aran Qarabağda tikililər dağıdılıb. O tikililər bərpa edilməlidir. Yeni yaşayış və inzibati binalar, uşaq bağçaları, məktəblər, xəstəxanalar inşa edilməlidir. Bununla bağlı, maraqlı təkliflərdən biri budur ki, işğala qədər mövcud olmuş bütün kənd və qəsəbələrin bərpa edilməsinə gərək yoxdur.

Tamamilə dağıdılmış 7 rayonda müasir tipli şəhərlər və iri qəsəbələr salınmalı, məcburi köçkünlər həmin yerlərə köçürülməlidir. Torpaq fonduna mümkün qədər qənaət etmək, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Azərbaycan istehlak buğdasının əksər hissəsinin xaricdən alır.

Bol sulu Qarabağın münbit torpaqlarında taxıl becərilsə, ölkə əhalisinin ehtiyaclarının xeyli hissə qarşılana bilər. Qarabağ tarixən şərabçılıqla məşhur olub. Ağdamın, Füzulinin, Cəbrayılın bərəkətli torpaqlarında üzüm plantasiyalarının salınması olduqca ağıllı yanaşma olardı. Çünki üzümçülük əhalinin məşğulluğunun təmin edilməsi üçün çox yararlı sahədir. Üzümçülük şərabçılığın inkişafına da təkan verəcək. Azərbaycan şərabının 40 il öncəki şöhrətini özünə qaytaracaq. Azərbaycanda son illər ətin qiyməti qalxıb.

Qarabağ tarixən heyvandarlığın mərkəzi olub. Heyvandarlığın inkişafı qısa zamanda ət bazarında ucuzluğa və məhsul bolluğuna səbəb olacaq. Nəhayət Qarabağ turizmin inkişafı baxımından olduqca əlverişi coğrafi mövqedə yerləşir. Qısa zamanda Şuşa, Ağdərə, Kəlbəcər, Laçın kimi bölgələrdə böyük turizm bazaları yaratmaq olar.

Bunun üçün görüləsi əsas iş erməni işğalından azad olunmuş cənnət bölgələrin oliqarxların caynağından qorumaqdır. Dövlət başçısı sonuncu müsahibəsində bu məsələyə toxundu və Şuşaya “yürüş hazırlayan” oliqarx məmurlara barmaq silkələdi. Doğrudan da, işi-gücü xalqı narazı salmaq olan bu məmurları şəhid qanı ilə yoğrulmuş müqəddəs torpaqlara buraxmaq olmaz.

Minlərlə şəhidimizin canı, qazimizin sağlamlığı bahasına işğaldan azad olunmuş torpaqlar və onun üzərində olan sərvətlər, tibbi imkanlar bu xalqın rifahına xidmət etməlidir. Ümid edirik ki, dövlət başçısının tədbirli siyasəti nəticəsində məcburi köçkünlər öz ata-baba yurdlarına dönəcək, yeraltı sərvətlər və münbit torpaqlarla zəngin olan Qarabağ 30 il öncəki kimi Azərbaycan iqtisadiyyatının sütunlarından birinə çevriləcək.

Elman Cəfərli
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri