“Terror təşkilatlarının varlığı siyasi oyunların nəticəsində meydana gəlir” Siyasət

“Terror təşkilatlarının varlığı siyasi oyunların nəticəsində meydana gəlir”

Elşən Musayev: "İŞİD-i terror təşkilatı kimi tanımamaqlarının arxasında da, məhz bu siyasi oyunlar dayanır"

Elçin Xalidbəyli: "Azərbaycanın təhlükəsizlik qurumlarının son aylarda atdıqları addımlar vəziyyətin nəzarətdə olduğunu deməyə əsas verir"

Azərbaycanda nəzarətdən çıxmış radikal qüvvələrin cəzalandırılması istiqamətində əməliyyat tədbirləri davam edir. Silahlı təlim keçmiş qrupların zərərsizləşdirilməsi intensivləşdirilib. Hüquq-mühafizə orqanları təkfirçi qrupları təkcə vəhhabi adlanan təriqətdə axtarmır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekstremist qüvvələr barədə bəyanatları artıq icra olunur.
MTN son bir neçə ay ərzində İŞİD-ə qoşulan və ya buna cəhd edən qruplaşmaları aşkar edib.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mustafayev Elxan İsa oğlu, Rəsulov Bəhruz Aydın oğlu, Əzizov Kamran İltifat oğlu, Əlixanov Nadir Mahir oğlu, Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu, Məhəmmədzadə Sadiq Yadigar oğlu, Hacıyev Rahim Sədi oğlu, Sultani Vidadi Saleh oğlu və Aslanov Ramil Urfan oğlu tutulublar.
Siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, Azərbaycanda İŞİD probleminin olduğunu birmənalı şəkildə iddia etmək hələlik mümkün deyil: "Çünki hələlik bu problemi təsdiqləyə biləcək hər hansı ciddi hadisə baş verməyib. Sadəcə, hazırda yalnız Azərbaycanın da nə vaxtsa, belə bir problemlə üzləşə biləcəyini biruzə verən əlamətlərin mövcudluğundan danışmaq olar. Ancaq Azərbaycanın rəsmi dairələrinin və təhlükəsizlik orqanlarının bu əlamətlərin ciddiləşib, dediyiniz kimi problemə çevrilməsinə imkan verəcəyinə inanmıram. Ən azından ona görə ki, Azərbaycan hazırda belə təhlükələrə tam hazır kimi görünür. Çünki Azərbaycanın rəsmi dairələrinin indiyə qədər bu problemlə bağlı dünyada və əsas qaynar nöqtələrdə baş verənləri müşahidə edərək, təhlillər üzərindən nəticə çıxartmaq üçün kifayət qədər vaxtı olub. Bu baxımdan, rəsmi Bakının belə problemlərin vaxtında zərərsizləşdirilməsi üçün qabaqlayıcı tədbirlərinin olduğunu güman etmək mümkündür. Üstəlik, Azərbaycanın təhlükəsizlik qurumlarının son aylarda atdıqları addımlar və bu istiqamətdə rəsmi dairələrin yürütdüyü siyasi kurs vəziyyətin nəzarətdə olduğunu deməyə əsas verir".
İlahiyyatçı Hacı Şahin Həsənli deyib ki, İŞİD-in müəyyən məqsədləri var: "Bu məqsədlərə Azərbaycan da daxil ola bilər. Onların nümayəndələri tərəfindən bəyanatlar veriləndə Azərbaycanın da adı çəkilir. Hansı dövlətə ayaq qoyursa, orada qanlı mənzərənin, insanların qətl edilməsinin şahidi oluruq. Olduqca təhlükəli cərəyandır. Düzdür, bunlar indiyədək Azərbaycanda təhlükə törədə bilməyiblər. Bütün hallarda biz ayıq olmalıyıq". Onun sözlərinə görə, Azərbaycan xalqı üçün radikallığın heç bir sosial dayağı yoxdur: "Xalqımızın dinə yanaşması insanların radikallığa meyllənməsinə yol vermir. Düzdür, hüquq-mühafizə orqanları tərəfindən vaxtaşırı bu cərəyanlara qarşı tədbirlər həyata keçirilir. Bu cərəyanlara qarşı mübarizə yalnız hüquqi müstəvidə yox, həm də maarifləndirmə müstəvisində davam etməlidir". Hacı Şahin bir qrup şəxsin 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları zamanı din məsələsini xüsusi olaraq qabardacağı, Qaraçuxur məscidində yanğın, Sumqayıt məscidində "Allah yoxdur" tipli yazıları gündəmə gətirəcəyi haqda yayılan məlumatlara da münasibət bildirib: "Bu məsələlərlə konkret olaraq hüquq-mühafizə orqanları məşğul olur. Məscidi yandıranların hansısa xarici dövlətin təsirində olub-olmamalarını müəyyən edəcək. Amma mən Azərbaycanda keçiriləcək geniş beynəlxalq tədbir ərəfəsində hansısa xarici dövlətin təsiri altında olan qruplar tərəfindən bu tip addımların atılmasını istisna etmirəm. Bununla görüntü yaratmağa çalışa bilərlər ki, guya Azərbaycanda dini zəmində hansısa problemlər var".
Politoloq Elşən Musayev bildirib ki, dünya birliyinin terror təşkilatlarına hər zaman müəmmalı yanaşması olub. Onun sözlərinə görə, böyük terror təşkilatları iri dövlətlərin özləri tərəfindən yaradılıb: "Terror təşkilatlarının varlığı, dövlətlər üzərində olan qlobal təhlükələr bəzi inkişaf etmiş ölkələrin siyasi oyunları nəticəsində meydana gəlir. Bu gün bütün dünyaya səs salan İŞİD-i terror təşkilatı kimi tanımamaqlarının arxasında da, məhz bu siyasi oyunlar dayanır. Azərbaycan uzun illər ASALA ilə bağlı beynəlxalq təşkilatlara, iri dövlətlərə müraciətlər edib. Ancaq edilən hər bir müraciət müxtəlif bəhanələr gətirilərək sıradan çıxarılıb. Bu günün özündə belə PKK terror təşkilatı ilə mübarizə Türkiyə dövlətinin ən önəmli məsələlərindəndir. Ancaq PKK terror təşkilatı da digər terror təşkilatları kimi qərbdən idarə olunur. Məhz buna görə də, bu cür təşkilatlarla mübarizə heç də asan məsələ deyil. Rəcəb Tayyib Ərdoğan problemin həlli yolunda müəyyən irəliləyişlərə nail olmağa çalışır, ancaq əvəzində ona qarşı olan reaksiyalarda müsbətə doğru heç bir addım atılmır. Əksinə, bu mübarizə bəzi qərb dövlətlərinin narazılıqlarına səbəb olur. Ümumiyyətlə terror təşkilatlarının yaradılması iri dövlətlərin siyasi oyunlarının nəticəsidir, onların missiyası isə məhz həmin dövlətlərin mənafeyini qorumaqdır".

Əli