“Avropa hətta terrora münasibətdə də riyakardır” Siyasət

“Avropa hətta terrora münasibətdə də riyakardır”

Sabir Rüstəmxanlı: "Erməni terror təşkilatlarının, o cümlədən Asalanın, Daşnaksütyunun dayandığını Qərb bilmirmi?"

"İnsanın insan əli ilə öldürülməsi ağır faciədir. Yaşından, irqindən, peşəsindən, cinsindən, dərisinin rəngindən asılı olmayaraq. Buna görə də Fransadaki qətliamının dünyanı bu şəkildə ayağa qaldirması yaxşı hadisədir və kimsə buna etiraz edə bilməz. Biz də o cümlədən. Lakin burda bir "əmma" var və onu deməmək də doğru olmaz... Bu da dünyanın, o cümlədən Avropanın hətta faciəyə, terrora münasibətdə də saxta, ikiüzlü və riyakar olmasıdir... Say önəmli deyil. Bir insan, on insan... Hə, adamın öz taleyi və Allah tərəfindən verilmiş yaşamaq haqqı var". Bu fikirləri millət vəkili Sabir Rüstəmxanlı səsləndirib: "Ancaq Fransada bu faciə baş verəndə dünyanin başqa yerlərində də buna bənzəyən və ya bənzəməyən, hər halda günahsız insanlarin ölümü, qətlə yetirilməsi ilə nəticələnən qanlı terror hadisələri baş vermişdi. Elə həmin gün İraqda, Suriyada, Ukraynada da onlarla insan terrora, bir çoxu Qərb tərəfindən idarə edilən və ya ilhamlandırılan münaqişələrə qurban getmişdi. Dünyanın ən ideal və inkişaf etmiş ölkələrindən birinə çevrilmək imkanı olan Türkiyə otuz ildir Qərbin insan azadlığı, azlıq haqları maskaları ilə bəzədiyi, xaç atalığı etdıyı terrorçu təşkilatların zülmünü çəkir, otuz min şəhid verib, ağılasığmaz dərəcədə böyük miqdarda pullar xərcləyib... Avropa ölkələri min illər qardaşcasina iç-içə yaşamış xalqları bir-birinə qarşı qoyan, dinlər, məzhəblər. sivilizasiyalar arasında düşmənçilik təbliğatı aparan "sərsəm sözün"- xəstə mətbuatın, televiziya və radioların isti yuvasına dönüb".
O, əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafinda daha yeddi rayonumuz terroru dövlət siyasətinə çevirmiş Ermənistan tərəfindən işğal edilib, bu münaqişədə iyirmi beş mindən çox azərbaycanlı şəhid olu: "Onların arasında onlarla qələm əhli, jurnalist var idi. Ermənistandan və Qarabağdan bir milyon azərbaycanlı vəhşiliklə qovulub, qaçqınlıq məhrumiyyətləri minlərlə insanin ömrünə son qoyub. Bütün bunların və Bakı metrosunda, avtobuslarda onlarla insanın ölümüylə nəticələnən terror aktlarının arxasında erməni terror təşkilatlarının, o cümlədən Asalanın, Daşnaksütyunun dayandığını Qərb bilmirmi?
İnsanlığın bütün faciələrinin ilk şahidləri və olayları yaddaşimiza köçürənlər, ən ağır şərtlər altında öz peşə və insanlıq borclarını yerinə yetirənlər- jurnalistlərdir. Həyatı müharibə alovları içində keçən və terror qurbanı olan, yüz cür təzyiqlərlə, həbslərlə, fiziki təzyiqlərlə üzləşən jurnalistlərin sayıni müəyyənləşdirmək çətindir. Təxmini hesablamalara görə dünyada hər il yüzdən çox jurnalist bu yolda qurban gedir... Dünyada bu faciələrin, qanunsuzluqların qarşısını almaq üçün hansı ciddi iş görülüb?".
Onun fikrincə, sosialist düşərgəsi dağılandan, soyuq müharibə bitəndən sonra NATO-nun rəsmən bəyan etdiyi mübarızə hədəflərdən biri terrordur: "Amma nədən Amerikadakı, Avropadakı terror olayları bütün dünyanı silkələyən etirazlarla qarşılandığı halda müsəlman ölkələrində törədilən bənzər və bir az da ağır faciələr, terrordan fərqi olmayan hərbi əməliyyatlar, işğalçılıq müharibələri bu qədər sakit və gizli bir məmnuniyyətlə qəbul edilir. Bəlkə, Ermənistanda və Qarabağda öldürülən azərilər, Əfqanstanda, Fələstində, İraqda, Suriyada, Türkiyədə amansızlıqla qətlə yetirilən əfqanlar, ərəblər, türkmanlar, türklər insan deyil? Bəlkə, Avropa özünküləri ali insan saydığı halda Asiyada, Afrikada öldürülənləri çəyirtkə hesab edir? Beş min, on min və ya İraqdakı kimı, bir milyon ölsün, fərqi yoxdur... Hamı ölə, öldürülə bilər, amma Avropalı, Amerikalı qorunmalıdır... Çünki dünyada bunların xüsusi statusu var! Ancaq o statusun nədən ibarət olduğunu kimsə bilmir...".

Əli