Ermənilərin tikdiyi ikimərtəbəli bunker - “Alınmaz qala”nın üzərində bayrağımız dalğalanır - FOTO Siyasət

Ermənilərin tikdiyi ikimərtəbəli bunker - “Alınmaz qala”nın üzərində bayrağımız dalğalanır - FOTO

Ermənistanın Xocavənddə bunker formasında inşa etdiyi və möhkəm yerüstü istehkam qurğusu olan 2 mərtəbəli komanda məntəqəsi (KM) Xocavənd - Ağdam magistralına 500-600 metr məsafədən tam atəş nəzarətini təmin edirdi.

Bunu bu günlərdə Xocavəndə səfəri zamanı ermənilər tərəfindən inşa edilən bunkerdə olan hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, belə bir alınmaz qala imzalanan üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan ordusu tərəfindən tərk edilib. Hazırda məntəqə Azərbaycan Ordusunun nəzarətindədir və orada Azərbaycan bayrağı dalğalanır.

"Ötən həftə Xocavəndlə sərhəddə yerləşən Çeyildağda olduq. Çeyildağ 415 metr yüksəkliyə malik olmaqla bütün ətraf ərazilərə, o cümlədən Xocavənd - Ağdam magistralına 500-600 metr məsafədən tam atəş nəzarətini təmin edir. Vizual nəzarət isə həm Ağdamı, həm Ağcabədini, həm də Qarqar çay yatağını tam əhatə edir. Həmin ərazidə müşahidə və idarəetmənin təşkili üçün bundan əlverişli yer yoxdur. Düşmən ordusu da məhz belə edib, Ermənistan ordusunun 37-ci dağ atıcı diviziyasının 3-cü motoatıcı alayının komanda məntəqəsi (KM) məhz bu ərazidə inşa edilib.

Bunker formasında inşa edilən 2 mərtəbəli KM, bu günə kimi gördüyüm ən möhkəm yerüstü istehkam qurğusudur. O, təxminən 70-80 santimetr enində və 4-5 tonluq nəhəng dəmir qapısı artilleriya atəşinə davamlı konstruksiyaya malikdir. Komanda məntəqəsinin aviasiya zərbələrindən qorunmasını isə onun üzərində 5 qat və içi torpaqla dolu üzüm konteynerləri təmin edir. Qapını üst tərəfdən zərbələrdən qorumaq üçün üzərinə dəmir qoruyucu tor çəkilib. Bundan əlavə KM daxilində yerləşən müşahidə məntəqəsinin üst tərəfi əlavə torpaq və taxta konstruksiya ilə möhkəmləndirilib. Bunker formasına malik komanda məntəqəsi 2 mərtəbəlidir, daxili isə qalın dəmirdən hazırlanıb. Əvvəldən komanda məntəqəsi kimi inşa edilən istehkam qurğusu təxminən 1999-2000-ci illərdə təkmilləşdirilib. İstehkamın tikinti müddəti fasiləsiz rejimdə ən azı 2-3 ay çəkib. İstehkamın ərazisi təqribən 200 metri əhatə edirdi.

İki mərtəbəli metro tunelinə bənzəyən qabırğalı dəmir konstruksiyanın haradan əldə edildiyi də məlum deyil. Böyük ehtimalla bunlar SSRİ dövründə sursat anbarlarını nüvə zərbələrindən mühafizə etmək üçün hazırlanıb. Onların 415 metr yüksəkliyə daşınması və quraşdırılması mütəxəssislərin və ağır texnikaların cəlb edilməsi ilə böyük zəhmət tələb edir. İstehkam qurğusunun daxilində təxminən 60-80 nəfər heyətin yerləşməsi, yaşaması və silahlı mübarizə aparması üçün şərait yaradılıb. Komanda məntəqəsinin daxilində ondan çox otaq, yeməkxana, silah otağı, sanitar qovşağı, beton dəhliz və qalın dəmir qapılar da mövcuddur. Bunkerin daxili həcmi bir neçə odun sobası ilə qızdırılır. Havalandırma təmin edilib. Səngərin yanında 8-10 nəfərlik şəxsi heyət üçün ayrıca sığınacaq da mövcuddur".

Ə.Verdiyev bildirib ki, sığınacaqdan 40 metr aralıda müşahidə kameraları da olub, lakin onlar erməni hərbçilər tərəfindən sökülüb aparılıb:

"İndi onlardan sadəcə maçta qurğusu yerində qalıb. Kameraların ABŞ-ın “Raythron” şirkətinə aid olduğu ehtimal olunur. Bu kameralar gecə və gündüz rejimlərində qarşı tərəfin fəaliyyətlərini izləməyə imkan verir. Onların gündüz rejimində müşahidə məsafəsi 30 km-dir. Komanda məntəqəsinin yanında idarəetmə və rabitə maşınlarının mövqeləri, ön tərəfdə isə 1-ci və 2 eşalon bölmələrinin müdafiə rayonları (dayaq məntəqəlri), minalanan səhələr, zirehli vasitələrin əsas, ehtiyat və əlavə döyüş mövqeləri, bölmələrin müşahidə məntəqələri və s. müşahidə olunurdu".