Azərbaycan-İran münasibətlərinin inkişafına maneə yoxdur - Səfir Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişafına maneə yoxdur - Səfir

İran və Azərbaycan arasında münasibətlərin gücləndirilməsinə heç bir siyasi maneə yoxdur.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini, İranın Milli Sahibkarlar Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Sahibkarlar Konfederasiyası rəhbərlərinin iştirakı ilə keçirilən vebinarda deyib.

S.A.Musəvinin sözlərinə görə, İran şirkətləri və özəl sektor Azərbaycan iqtisadiyyatında daha yaxından iştirak edə bilər: “İran və Azərbaycanın ticarət dövriyyəsi iki ölkənin potensialına uyğun deyil. Azərbaycanın ərazisinin 20%-i işğaldan azad edilib. Qənaətimizcə, iki ölkənin ticarət dövriyyəsi minimum 20% artmalıdır. Hər iki ölkə münasibətlərin inkişaf etməsində maraqlıdır”.

Qeyd edək ki, İranın Ticarət İnkişafı Təşkilatının hesabatına əsasən, İranla Azərbaycanın ticarət dövriyyəsi 11 ay (20 mart 2020 – 18 fevral 2021) ərzində 364 milyon dollar dəyərində 936 min ton məhsul təşkil edib. Qeyd olunan müddətdə İran Azərbaycana 343 milyon dollar dəyərində 912 min ton məhsul ixrac, Azərbaycandan 21,4 milyon dollar dəyərində 24 min ton məhsul idxal edib.