Gümrüdə, Berdzorda və digər şəhərlərdə baş verən qanlı hadisələr... Siyasət

Gümrüdə, Berdzorda və digər şəhərlərdə baş verən qanlı hadisələr...

Erməni ekspertlər hesab edirlər ki, bütün bunlar məhz Ermənistan rəhbərliyi tərəfindən hazırlanmış tamaşalardır

Ermənistan politoloqu İqor Muradyan Berdzorda – ölkənin müxalifətyönlü "Parlament təsisatı" təşkilatının üzvlərinə qarşı "DQR" polisinin vəhşiliyinə və qanlı toqquşmaya münasibət bildirərkən deyib ki, hadisənin təməlində dayanan məsələlərdən biri də "DQR" rəhbərliyinin Sarkisyanın dəstəyi ilə həmin ərazilərə Rusiya hərbçilərinin yerləşdirilməsi ideyası olub. Erməni politoloqunun həmin fikirlərini "azatutyun" radiosu yayıb. Muradyan bu olaydan hiddətə gəldiyini sübut etməkdən ötrü, hələ 2003-cü ildə Dağlıq Qarabağdakı separatçılar tərəfindən ona verilmiş "Mesrop Maştots" ordenindən də imtina etdiyini bəyan edib: "Mən bu ordeni geri qaytarıram, o mənə lazım deyil". O, həmçinin qeyd edib ki, Gümrüdə, Berdzorda və digər şəhərlərdə baş verən bu kimi qanlı hadisələr məhz Ermənistan rəhbərliyi tərəfindən hazırlanmış tamaşalardır. O sual edib: "Bəs tamaşaçılar kimdir? Bu, ruslardır. Ermənistan hakimiyyəti onlara göstərmək istəyir ki, onlar Rusiyaya qarşı nə qədər loyaldırlar. Bu çox iyrəncdir".
Muradyan "DQR"i dövlət hesab etmədiyini də deyib. O, əlindəki ordeni göstərərək deyib ki, bunu ona verənlər dövlət adamları deyillər: "Çünki orada (Qarabağda-red.) heç vaxt dövlət olmayıb. Həmin ərazi nə qədər təəssüf doğursa da, erməni ərazisi deyil…"
Politoloq son olaraq bildirib ki, bütün bunlar Ermənistan və Qarabağ rejimlərinin iqtidar sükanını əllərində saxlamaları üçün baş verir.
Bu günlərdə baş verən daha bir olay isə vəziyyətin nə qədər mürəkkəb olduğunu kifayət qədər göstərir. Məsələ ondadır ki, ermənilər arasında uzun illərdir davam edən "yerevanlı-qarabağlı" regionçuluq amili partlayış həddinə qədər inkişaf edib.
Xatırladaq ki, Ermənistanın müxalifətyönlü təşkilatlarından olan "Parlament təsisatı" qondarma "DQR"-ə avtoyürüş təşkil etmək istəyib. Lakin həmin yürüş Berdzor rayonu ərazisində kəskin və qanlı qarşıdurma ilə başa çatıb. Yürüş iştirakçılarının qarşısını "DQR" polisi xüsusi qəddarlıqla almalı olub. "Parlament təsisatı" təşkilatının iştirakçılarına qarşı gözyaşardıcı qazdan, dəyənəklərdən, rezin güllələrdən istifadə olunub. Hətta silahlardan atəş də açılıb. Ermənistanın tanınmış politoloqları və ekspertləri isə bu hadisənin, məhz Serj Sarkisyanın təlimatı ilə baş verdiyini bildirirlər. Eyni zamanda, iddia olunur ki, Sarkisyan rejimi bu vasitə ilə Rusiya hərbçilərini "DQR"-ə yerləşdirməyə çalışır.

Əli