İraqdan xalqımıza bayram təbriki Siyasət

İraqdan xalqımıza bayram təbriki

İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Partiya sədri "Xalq Cəbhəsi"nə bildirib ki, hər bir xalqın, millətin öz müstəqilliyi və azadlığı uğrunda apardığı şərəfli mübarizələr tarixi var. Azərbaycan xalqı da həmişə müstəqil yaşamaq, başqasının əlinə baxmamaq üçün mübarizə aparıb.

R.Sarıkahya bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olub. Belə ki, İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasının təməlini qoydu.

1918-ci il 28 may tarixində qurulan Azərbaycan Xalq Cumhüriyyəti müxtəlif səbəblərdən cəmi 23 ay yaşasa da xalqın mübarizliyi və həmrəyliyini sübut etmiş oldu. Bu müsəlman aləmində ilk demokratik respublika kimi tarixə düşüb. 23 ay ərzində Azərbaycanda Xalq Cümhuriyyəti bütün sahələrdə demokratik dəyişikliklərə və nailiyyətlərə sahib ola bildi. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmiş, 200-dən çox qanun, onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmiş, Bakı Dövlət Universiteti, milli ordu yaradılmış və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir və. s

R.Sarıkahya onu da qeyd edib ki, bu gün də Azərbaycan etibarlı əllərdədir. Müasir Azərbaycanın banisi ümummilli lider H.Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələr sırasındadır. Azərbaycan ildən-ilə güclənir, inkişaf edir, qüdrətlənir, demokratikləşir.

R.Sarıkahya ölkə Prezidentinə, Azərbaycan xalqına uğurlar, xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzulayıb.

Cavid