"Real Madrid" 120 milyon avroluq transferi bitirmək istəyir İdman

"Real Madrid" 120 milyon avroluq transferi bitirmək istəyir

İspaniyanın "Real Madrid" klubu Almaniyanın "Leypsiq" komandasının futbolçusu Yan Diomandenin transferini qısa müddətdə yekunlaşdırmağa çalışır.

Bu barədə "Sky" telekanalı məlumat yayıb.

Mənbənin iddiasına görə, tərəflər arasında 19 yaşlı Kot-d'İvuar millisinin üzvünün keçidi ilə bağlı yeni danışıqlar aparılır.

"Real Madrid" transferi mümkün qədər tez başa çatdırmaq niyyətindədir. Madrid təmsilçisi futbolçunun tibbi müayinədən keçməsini və "Leypsiq"in Avstriyadakı mövsümöncəsi təlim-məşq toplanışına qatılmamasını istəyir.

Məlumata görə, Almaniya klubu Diomande üçün 120 milyon avro transfer haqqı və bonuslar tələb edir. Danışıqlarda irəliləyiş əldə olunduğu bildirilir.

Qeyd edək ki, Yan Diomande ötən mövsüm "Leypsiq"in heyətində keçirdiyi 36 rəsmi oyunda 13 qol vurub, 9 məhsuldar ötürmə verib. Hazırda o, xəstəliyi səbəbindən Almaniya klubunun təlim-məşq toplanışında iştirak etmir.