17:20
329
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya ordusunun istifadə etdiyi avtomobil və dəmir yolu körpülərini, Federal Təhlükəsizlik Xidmətinin (FSB) məntəqəsini və digər hərbi obyektləri vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Xerson vilayətinin Şaslıvtseve qəsəbəsində yerləşən FSB bölməsinin müvəqqəti dislokasiya məntəqəsini vurub, itkilər dəqiqləşdirilir.
Həmçinin Rusiyanın Kursk vilayətinin Zvannoye yaşayış məntəqəsi yaxınlığında Seym çayı üzərində yerləşən avtomobil körpüsü və Zaporojye vilayətinin Svitlodolinske yaşayış məntəqəsi yaxınlığındakı Moloçna çayı üzərində yerləşən dəmir yolu körpüsü vurulub. Qeyd edilib ki, ruslar bu körpülərdən hərbi logistika, qüvvə və texnikanın daşınması məqsədilə istifadə edirlər.
Zaporojye vilayətinin Vovçanskoye və Donetsk vilayətinin Vilne yaşayış məntəqələrində yerləşən Rusiya ordusunun bölmələrinə zərbələr endirilib.
İşğal edilmiş Krım yarımadasının Olenivka yaşayış məntəqəsində “Geran” tipli zərbə dronlarının retranslyatorunun rabitə və enerji təminatı məntəqəsi, həmçinin Artemivka yaşayış məntəqəsində radioelektron mübarizə vasitələri ilə təchiz olunmuş qüllə vurulub.
Rusiya ordusunun Donetsk vilayətinin Baxmut şəhərindəki idarəetmə məntəqəsi və rabitə qovşağına da zərbə endirilib.