18:01
406
ABŞ hökuməti TRIPP Fonduna ayrılan vəsaitin həcmini iki dəfə artıraraq 201 milyon dollardan 402 milyon dollara çatdırıb.
Bu barədə ABŞ hökumətinin rəsmi xərclər bazası USAspending.gov portalında dərc edilən məlumatda bildirilib.
Məlumatda layihənin həyata keçirilməsi üçün vəsaitin əsas istifadə məkanı kimi Ermənistan göstərilib.
Maliyyələşdirmə “Tramp marşrutu” layihəsi ilə bağlıdır. Qeyd edilib ki, layihə Cənubi Qafqazı Transxəzər Nəqliyyat Dəhlizi ilə birləşdirmək məqsədilə Ermənistanın cənubundan (Qərbi Zəngəzur – red.) keçən nəqliyyat marşrutunun inkişafını nəzərdə tutur.
Məlumata görə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosu 2026-cı il yanvarın 30-da TRIPP Fondu üçün 201 milyon dollar qrant ayırıb. Layihənin icra müddəti 2036-cı il dekabrın 31-dək müəyyən edilib. İyulun 16-da qrantın şərtlərinə dəyişiklik edilərək maliyyələşdirmə 402 milyon dollara çatdırılıb, proqramın başa çatma tarixi isə dəyişdirilməyib.
Bildirilib ki, 402 milyon dolların hamısı müvafiq proqram üçün ayrılıb.
Məlumatda vurğulanıb ki, ABŞ tərəfindən maliyyələşdirmənin artırılması Vaşinqtonun Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında iştirakını genişləndirməyə, həmçinin regionu Transxəzər Nəqliyyat Dəhlizi ilə birləşdirən layihələrin irəlilədilməsinə çalışdığı bir dövrdə baş verir.
Təşəbbüs müəlliflərinin fikrincə, TRIPP marşrutunun reallaşdırılması təkcə regional ticarət və logistika sahəsinə deyil, həm də Cənubi Qafqazın strateji vəziyyətinə əhəmiyyətli təsir göstərə bilər.