Ceyhun Bayramov: Azərbaycan–İsveçrə iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var Siyasət

Ceyhun Bayramov: Azərbaycan–İsveçrə iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

Azərbaycan və İsveçrə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur və bu istiqamətdə Birgə Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti mühüm rol oynayır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında siyasi dialoqun intensivləşməsi iqtisadi əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaradır. O xatırladıb ki, bu ilin aprelində Bakıda növbəti siyasi məsləhətləşmələr keçirilib və tərəflər həmin mexanizmin müntəzəm əsasda davam etdirilməsi barədə razılığa gəliblər.

“Azərbaycan–İsveçrə iqtisadi münasibətlərinin genişləndirilməsi kontekstində Birgə Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Komissiyanın növbəti iclasının bu ilin payızında keçirilməsi nəzərdə tutulur. İnanırıq ki, bu görüş iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə əlavə töhfə verəcək”, – deyə Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, enerji sektoru Azərbaycan–İsveçrə iqtisadi münasibətlərinin əsas istiqamətlərindən biri olaraq qalır və bu sahədə uğurlu əməkdaşlıq digər istiqamətlər üçün də nümunə yaradır.

Ceyhun Bayramov vurğulayıb ki, qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün mövcud potensial tam istifadə edilməlidir.

“Statistikaya nəzər saldıqda görürük ki, ötən il Azərbaycandan İsveçrəyə ixracın həcmi 60 milyon ABŞ dollarından çox olub. İsveçrədən Azərbaycana idxal isə təxminən 1 milyard ABŞ dolları təşkil edib. Bu göstəricilər iqtisadi əlaqələrin daha da şaxələndirilməsi və qarşılıqlı ticarətin balanslaşdırılması üçün böyük potensialın olduğunu göstərir”, – deyə nazir qeyd edib.

O əlavə edib ki, tərəflər enerji ilə yanaşı, innovasiya, yüksək texnologiyalar, elm, təhsil və digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar.