14:10
343
Qırğızıstanda vəfat etmiş şəxslərin cəsədlərinin kremasiyası (yandırılması) qadağan olunub. Müvafiq qanunu respublika Prezidenti Sadır Japarov imzalayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Mənbənin bildirdiyinə görə, qanunun məqsədi "dəfn işləri sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, ritual fəaliyyətlə biologik obyektlərlə rəftar üzrə sanitariya-texniki tədbirlərin fərqləndirilməsidir".
"Qanunda nəzərdə tutulur: vəfat edənin cəsədinin yandırılmasına (odla dəfnə) icazə verən normaların çıxarılması; tibbi fəaliyyət nəticəsində yaranan insan organları və toxumalarının sanitariya məqsədli termik məhv edilməsi istisna olmaqla, vəfat etmiş insanların cəsədlərinin, abort olunmuş və ya ölü doğulmuş dölün yandırılması üçün krematorilərdən istifadə olunmasına qadağa qoyulması", — deyə yeniliklər sıralanır.
Məlumatda həmçinin bildirilir ki, qanun ölmüş şəxsin külü olan urnanın dəfn edilməsinə və ya mövcud qəbirə əlavə olunmasına imkan verən normaları da istisna edir.
Dərc olunmuş məlumatdan göründüyü kimi, qanun rəsmi dərc edildiyi gündən 10 gün keçdikdən sonra qüvvəyə minir.
Məryəm Quliyeva