“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri daha da inkişaf edəcək” Siyasət

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri daha da inkişaf edəcək”

Fuad Hüseynzadə: “Şuşa Bəyannaməsi bu istiqamətdə görüləcək işləri daha da sürətləndirəcək”

“Regionda bir çox beynəlxalq təşəbbüslərə müəlliflik edən Azərbaycanın əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Artıq Azərbaycan istər regionda, istərsə də dünyada siyasi-iqtisadi gücünü ortaya qoyub. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti bu gücünü bir daha nümayiş etdirdi”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Onun fikrincə Pandemiyaya baxmayaraq, Azərbaycan ikitərəfli və üçtərfləri əlaqələrin güclənməsi istiqamətində işləri davam etdrir: “Ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərinin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər görülür. Azərbaycan ilə qardaş Türkiyə arasında münasibətlər ildən-ilə möhkəmlənir, dövlətlərimiz regional və dünya miqyaslı birgə layihələrin iştirakçılarıdır. Bunun üçün də regionda sabit iqtisadi platformanı təmin etmək üçün zəruri olan hər şeyi etmək önəmlidir.
Xatırladaq ki, regionda kommunikasiyaların, xüsusən Azərbaycanın quru hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan Prezidentlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb. 11 yanvar 2021-ci il tarixində isə Moskvada bu ölkələrin liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan yeni sənəd imzalayıblar. Məqsəd regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpa etmək üçün tikinti, iqtisadi əlaqələr, infrastruktur layihələrin inkişafı üzrə konkret addımların atılmasıdır. Bu istiqamətdə reallaşacaq layihələr qarşılıqlı etimad mühitini formalaşdıracaq və bununla da regionda yeni inkişaf mərhələsi başlayacaq”.
F. Hüseynzadə əlavə edib ki, kommunikasiyaların bərpa edilməsi yeni iqtisadi platforma meydana gətirir: “Bu, Cənubi Qafaqaz ölkələr, həmçinin Türkiyə üçün geopolitik və geoiqtisadi baxımdan da mühüm əhəmiyyət daşıyır. Regionda yeni nəqliyyat xəttinin bərpa edilməsi qlobal olaraq da öz müsbət təsirini göstərəcək. Nəzərə almaq lazımdır ki, Orta Asiya və Avropa, Türkiyə və Rusiya, İran və Avropa, Türkiyə və Orta Asiya arasında yeni kommunikasiya xətti açılır. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcək. Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirəcək. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri daha da inkişaf edəcək. Şuşa Bəyannaməsi bu istiqamətdə görüləcək işləri daha da sürətləndirəcək. Kommunikasiyaların bərpa edilməsi həm də sülhün və təhlükəsizliyin, o cümlədən qarşılıqlı faydalı əməkdaşlığın qarantıdır. Artıq regionda yeni siyasi və iqtisadi reallıq yaranıb. Azərbaycan regional geosiyasəti quruculuq yolu ilə həyata keçirir. Daimi sülh tərfdarı olan Azərbaycan regionda və beynəlxalq aləmdə, eyni zamanda güclü iqtisadi mövqe nümayiş etdirir və bu da bir çox hallarda qonşu dövlətlərlə birgə iqtisadi layihələrin həyata keçiriliməsində özünü büruzə verir”.

Əli Zülfüqaroğlu