"Bu gün Ermənistan Azərbaycana möhtacdır" Siyasət

"Bu gün Ermənistan Azərbaycana möhtacdır"

Azərbaycan bu gün nəinki regionda, eləcə də dünyada böyük nüfuz sahibi olan ölkələrdən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir, bir sıra regional layihələrin müəllifidir, güc deməkdir.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib.
O qeyd edib ki, Azərbaycan heç bir ölkənin dəstəyi olmadan dünyadakı yeri və mövqeyini möhkəmləndirib, iqtisadi gücünü artırıb: "Ermənistan isə gözünü ancaq Rusiyanın və Avropanın cibinə dikib, onlardan asılı vəziyyətdədir. Ölkənin iqtisadi durumu acınacaqlı vəziyyətdədir, işsizlik ildən-ilə çoxalır, əhali, xüsusən də gənclər ölkəni tərk edir.
44 günlük müharibə zamanı da xeyli sayda gəncin qurban verilməsi vəziyyəti bir qədər də pisləşdirib. Statistik məlumatlardan belə aydın olur ki, Ermənistan əhalisinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Cins quruluşu arasındakı fərq getdikcə artır və bu da demoqrafik problemi daha kəskin hala gətirir. Belə disbalansın əsas səbəblərindən biri məhz miqrasiyadır.
Ermənistanın xaricə borcu 6 milyard dollardır. Pandemiya işğalçı ölkəyə daha ağır zərbə vurdu. Covid-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşdü, büdcə kəsrinin böyüdü və milli valyuta ucuzlaşdı. Bir sözlə, Ermənistan fəlakət içindədir".
F.Kərimov qeyd edib ki, ermənilər sosial rifahlarını yaxşılaşdırmaq, bundan sonra üzləşə biləcək təhlükələrdən xilas olmaq üçün işğalçılıq siyasətindən əl çəkməli və qonşularıyla münasibətlərini normallaşdırmalıdırlar: "Bu onlar üçün çətindir, çünki qonşu ölkələrə ərazi iddiaları köklərindədir. Gözləri həmişə başqa ölkənin ərazisində olub. Azərbaycan, Gürcüstan, Türkiyəyı qarşı ərazi iddiasında olublar, hətta okeanın o tayına da göz dikiblər. Bu çirkin siyasət onları həmişə təhlükəyə atıb, nəticə göz qabağındadır. Ermənistan bu siyasətdən əl çəkilməli, qonşularıyla münasibəti normallaşdırmalıdır. Bu gün Ermənistan Azərbaycana möhtacdır, ayaq üstə durmaq, ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, əhalisini acından xilas etmək istəyirsə Azərbaycanın arxasınca getməlidir. Bunu özləri də yaxşı bilirlər".

Cavid