“Rusiya ilə Azərbaycanın enerji siyasətində rəqabət yoxdur” Siyasət

“Rusiya ilə Azərbaycanın enerji siyasətində rəqabət yoxdur”

İlham Şaban: "Lakin bəzi qüvvələr bu iki ölkəni qarşı–qarşıya gətirmək niyyətindədirlər"

"Rusiyanın TANAP layihəsi ilə bağlı mövqeyinə diqqət yetirərkən, ilk öncə Bakı – Tiflis – Ceyhan (BTC) layihəsini nəzərdən keçirmək lazımdır. Çünkİ Bakı – Tiflis – Ceyhan boru xətti ilə TANAP layihəsini müqayisə etsək görərik ki, Rusiya maraqlı bir tərəf kimi iştirak edirdi". Bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, Avropa 2005-ci ildə Rusiyadan qaz asılılığını azaltmaq üçün konkret addımlar atıb. Rusiya isə post- sovet ölkələrini Avropanın bu planından uzaqlaşdırmaq məqsədilə addımlar atmağa başlayıb. Azərbaycanın həyata keçirdiyi TANAP layihəsinə isə nə qoşulmaq, nə də müdaxilə etmək haqqında qərar qəbul etməyərək neytral qalıb: "BTC-də 5 variantdan biri də Rusiya ərazisindən keçməli idi. Yəni Rusiya burada maraq doğuran tərəf olaraq iştirak edirdi. Ancaq hazırki şəraitdə Rusiya Azərbaycan qazının, söhbət böyük həcmdə Azərbaycan qazından gedir, həmin qazın onun ərazisindən keçməsi ilə bağlı nə bir tenderdə iştirak edib, nə müzakirələrə qatılıb, nə də ki öz sistemi ilə qazın Avropaya ötürülməsi ilə bağlı təkliflər irəli sürməyib. Nə 5 il bundan öncə, nə də ki daha sonra bununla bağlı çıxış etməyib, bu da başa düşüləndir. Azərbaycanın ilk qazı Avropaya 2007-ci ilin ortalarında nəql olunmağa başlayıb. Hələ 2005-ci ildə isə Avropa özünün enerji bazarının divertifikasiyası ilə bağlı ilk sənədi qəbul edərkən məsələ qoymuşdu ki, məhz Rusiya qazından asılılığın azaldılmasını həyata keçirsin. Əgər Rusiya Azərbaycan qazını öz üzərindən ötürülməsi məsələsini qoysaydı, bu bir qədər gülünc olardı. Sonrakı proseslər də onu göstərdi ki, 2009-cu ildən etibarən Rusiya əvvəlki post- sovet məkanından yan keçməklə birbaşa Avropaya qaz kəmərini çəkmək arzusuna düşüb. Bu arzunun gerçəkləşdirilməsi istiqamətində Şimal Axını, daha sonra gündəmə gələn Cənub Axını kimi layihələr Avropa ilə Rusiya arasında olan ziddiyətli məqamların mövcudluğunu göstərirdi. Lakin Azərbaycan bütün bunlara baxmayaraq TANAP layihəsi üzrə ilk sazişini imzaladı. Azərbaycan qazının Avropaya çatdırılması yolunda Cənub Qaz Dəhlizinin gündəmə gəlməsi heç də Rusiyanın marağında deyildi. Ancaq buna qarşı kəskin etirazını da bildirmədi. Rəsmi Brüssel isə istəməzdi ki, qərblə Rusiya arasında "qaz alovu" şölələndirilsin". Ekspert həmçinin vurğulayıb ki, Avropa ilə Rusiya arasında qaz alqı – satqısının həcminin artırılması Ukrayna hadisələrinə qədər aktiv idi. Lakin daha sonra bu məsələ gündəmdən düşüb. Bu gün isə Rusiya ilə Azərbaycanın enerji siyasətində rəqabət yoxdur. Lakin bəzi qüvvələr bu iki ölkəni qarşı – qarşıya gətirmək niyyətindədirlər. Azərbaycanın istəyi isə sivil qaydada öz enerji bazarını tapmaqdır: "Avropa ilə Rusiya arasında 150 milyard kubmetrlik qaz alqı – satqı sazişi vardı və onu da qarşı tərəflər həmin zaman, yəni 2012-ci ildə Ukrayna ilə münaqişənin hələ başlamadığı bir zaman həmin alqı – satqını 200 milyard dollara çatdırmaq arzusunda idi. Azərbaycanın isə 10 milyarddan artıraraq 20 milyard kubmetr qismində qaz həcmini Avropa bazarına çatdırması məsələsi həqiqətən Rusiya tərəfindən başa düşülən praqmatik bir addım idi. İkinci bir tərəfdən, Azərbaycanın Avropaya çıxaracağı həmin qaz əslində Cənub Axını ilə ixrac ediləcək qazla konflikt təşkil etmir. Cənub Axını ilə nəql ediləcək qaz Yunanıstan və İtaliya bazarlarına çıxarılmaqla nə Rusiya nə də Azərbaycan şirkətlərini rəqabətlə qarşı – qarşıya qoymayacaq. Bu məsələyə dəfələrlə həm ARDNŞ tərəfindən, həm Azərbaycanın siyasi rəhbərliyi tərəfindən, həm də Rusiyanın "Qazprom" şirkəti rəhbərliyi tərəfindən münasibət bildirilib. Artıq biz 2015-ci ildə TANAP layihəsinin tikinti mərhələsinə addım atırıq. Yuxarda qeyd etdiyim səbəblərdən şimal qonşumuz, dünyanın ən böyük qaz ölkəsi olan Rusiya tərəfindən hansı isə ciddi siqnallarla üzləşmirik. Buna baxmayaraq, qərb mətbuatı və başqa qüvvələr bizi Rusiya ilə qarşı – qarşıya qoymaq istəyirlər. Lakin onu da qeyd edim ki, bu görülən işlərin hamısı normal bir vəziyyətdir və hər bir ölkə öz malını dünya bazarında sivil qaydada satmaq üçün biznesini inkişaf etdirir. Bunu başqa cür qələmə vermək olmaz".

Əli