“Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir” Siyasət

“Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir”

Azərbaycan Prezidenti: "Biz hər yerdə qardaşlığımızı möhkəmləndiririk"

Türkiyə Prezidenti: "İzmir, İstanbul, Ankara, Antalya bizim üçün nədirsə, Bakı da odur"

"Azərbaycan Türkiyə üçün adi dövlətlərdən biri deyil. Biz eyni dildə danışan, ortaq tarixi keçmişi paylaşan, sözdə deyil, əsl qardaş olan, bir millət, iki dövlətik".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qars şəhərində Heydər Əliyev adına Anadolu Peşə və Texniki Liseyinin rəsmi açılış mərasimində çıxışında deyib.
Ərdoğan 1918-ci ildə Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun rolunu xatırladıb: "Bakı, Dərbənd və Dağıstanın düşmən işğalından azad olunmasında türklər azərbaycanlılarla yan-yana vuruşub. Qarabağda zülmə məruz qalan qardaşlarımızın acısını Anadoludakı vətəndaşlarımız hər zaman ürəyində hiss edib. Qars, İğdır, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında fərq qoymuruq. İzmir, İstanbul, Ankara, Antalya bizim üçün nədirsə, Bakı da odur. Bizim heç kəsə qarşı düşmənçiliyimiz yoxdur, amma qardaşımızın haqqını müdafiə etmək, tökülən qanın hesabını sormaq boynumuzun borcudur. Həmişə qardaşlarımızın yanında olduq və olmaqda davam edəcəyik".
Rəcəb Tayyib Ərdoğan TANAP layihəsinin Türkiyə, Azərbaycan, Gürcüstan və avropalı tərəfdaşlar üçün xeyirli olmasını diləyib: "TANAP layihəsinin təməlini atırıq və təbii qazı Türkiyə üzərindən Avropaya göndəririk".
Azərbaycan Prezidenti İlham Əliyev isə öz nitqində qədim türk torpağı Qarsda olmağından məmnunluğunu bildirib: "Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyinin məhz Qarsda açılması böyük məna daşıyır. Bu məktəb atam - Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Mən bu gün Qars hava limanına enəndən sonra da ilk olaraq Heydər Əliyevin adını daşıyan parkı və onun abidəsini ziyarət etdim. Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirirəm".
Azərbaycan Prezidenti bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərib, daim çalışıb ki, Türkiyə-Azərbaycan qardaşlığı möhkəm olsun: "Heydər Əliyevin məşhur kəlamı hamımız üçün nümunədir. Heydər Əliyev deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstərmişik. Biz bütün məsələlərdə bir yerdəyik, siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Türkiyə və Azərbaycan bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir. Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir. Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər böyük yol keçib. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir".
Dövlət başçısı xatırladıb ki, Türkiyə ev sahibliyi edəcəyi "G-20" toplantısına Azərbaycanı dəvət edib: "Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk".
Azərbaycanın dövlət başçısı öz çıxışında TANAP layihəsindən də söz açıb. İlham Əliyev deyib: "Bu gün Qarsda TANAPlayihəsinin təməli qoyulur.TANAP bizim müştərək layihəmizdir".
Prezident İlham Əliyev bildirib ki, 3 il əvvəl İstanbulda TANAP layihəsi ilə bağlı sənəd imzalanıb: "Biz bu gün artıq bu layihənin təməli qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni mənzərə ortaya qoyur. Bizim həyata keçirdiyimiz birgə enerji layihələri xalqlarımız üçün yeni imkanlar, iş yerləri yaradır, siyasi və iqtisadi gücümüzü artırır".
Dövlət başçısı Azərbaycanın Türkiyəyə sərmayələr qoymağa başladığını qeyd edib: "SOCAR Türkiyəyə 20 milyard dollar dəyərində sərmayə qoymağa başlayıb, önəmli enerji layihələrinin həyata keçirilməsinə başlanacaq. SOCAR Türkiyənin təhsil sahəsinə də sərmayə qoymağa başlayıb, Qars, Ankara, Kocaeli, Ceyhan və Əliağada 5 lisey və məktəb tikilib. Təhsil sahəsinə qoyulan sərmayə gələcəyimizə qoyulan sərmayədir. Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin, elminin səviyyəsidir. Çalışmalıyıq ki, həm Türkiyədə, həm Azərbaycanda təhsili bundan sonra da inkişaf etdirək, gənclərimiz bilikli, savadlı olsunlar. Bu gün dünyada bilik, savad hər şeyi həll edir, texnoloji inkişafı şərtləndirir. Təhsilinin səviyyəsi yüksək olan ölkələr gələcəkdə inkişaf edəcək".
Prezident qeyd edib ki, Azərbaycanda da təhsil sahəsi prioritetdir. Onun sözlərinə görə, son 11 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib, təmir edilib, gənclər üçün gözəl imkanlar yaradılıb: "Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyində peşə sahibləri oxuyacaq. Daha sonra bu peşə sahibləri Türkiyə və Azərbaycan maraqlarını qoruyacaqlar. Bura artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə bir məktəbin açılması bizim hamımızı ürəkdən sevindirir. Gənclər bilikli, savadlı, eyni zamanda vətənpərvər, Vətənə bağlı olmalıdırlar. Gənclər tarixi, tarixi həqiqətləri həm bilməli, həm də təbliğ etməlidirlər".
Prezident İlham Əliyev bu gün Azərbaycan və Türkiyəyə qarşı çirkin kampaniya aparıldığını bildirib: "Keçmişimizi qaralamaq, şər, böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə öz işimizlə buna cavab veririk. Bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ölkələr tapmaq çox çətindir. Böhranlara baxmayaraq, Azərbaycan və Türkiyə bu gün inkişaf edir. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulub. Biz gələcəyimizi tarixi həqiqət üzərində qururuq. Tarixi olduğu kimi gənc nəsillərə təqdim edirik. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmir, gələcəyimizi yalan-böhtan üzərində qurmuruq. Bu gün Türkiyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən Ermənistan dövləti yalan üzərində qurulub. Onların tarixi yalan, bizə qarşı irəli sürdükləri iddialar əsassızdır".
Dövlət başçısı bildirib ki, tarixi sənədlər, həqiqət var: "Bunlar açıq sənədlərdir. Biz haqq yolundayıq, işimiz haqq işidir".