Azərbaycanda nə üçün Krım tatarlarına dəstək verilmir? Siyasət

Azərbaycanda nə üçün Krım tatarlarına dəstək verilmir?

Azər Həsrət: "Ukraynanın üzləşdiyi avantüra Azərbaycan üçün mürəkkəb məsələdir"
DAK: "Martın 17-də Bakıda Krım tatarlarına dəstək aksiyası keçirəcəyik"

Putinin Ukrayna ilə bağlı siyaəti Krım əhalisini çətin durum salıb. Putin Krımı Ukraynadan qoparmaq üçün bütün yollara əl atır. O, Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlu ilə də telefonla bu barədə danışıb.
Mustafa Cəmil Krımoğlu Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarının yekunu barədə danşarkən deyib ki, Putin Krım tatarlarına yaxşı həyat vəd edib. Onun sözlərinə görə, yarım saatdan artıq çəkən telefon danışığında Krım ətrafında cərəyan edən hadisələr və bu məsələlər Krım tatarlarının mövqeyi müzakirə edilib. Telefon danışığı zamanı Putin Krım tatarlarına Rusiyadakı Tatarstandakı tatarların həyat səviyyəsinə uyğun xoşbəxt yaşayış söz verib.
Telefon danışığı Tatarstanın sabiq prezidenti Mintimer Şaymiyevin iştirakı ilə olub. Danışıqların yekunu olaraq qərara alınıb ki, lazım bilinən anda danışıqlar davam etdirilsin. 16 mart referendum məsələsinin də müzakirə edildiyini deyən Mustafa Cəmil Krımoğlu deyib ki, Putin Ukraynanın tam qanuni olaraq SSRİ tərkibindən çıxmadığını bildirib.
Qeyd edək ki, qardaş Türkiyədən Krım tatarlarına dövlət, millət vəkilləri, jurnalistlər, QHT-lər, ümumiyyətlə ictmiaiyyət tərəfindən dəstək nümayiş etdirilib.
Bəs Azərbaycanda nə üçün Krım tatarlarına dəstək verilmir? Nə rəsmi qurumlar, nə siyasi partiyalar, nə də QHT-lər Rrım tatarlarının hüquqlarınını qorunması ilə bağlı mövqelərini açıqlamayıblar. Ümuiyyətlə buna səbəb nədir və hansı addımlar atılmalıdır?
Dünya Azərbaycanlıları Konqresindən bildirdilər ki, Bakıda martın 17-də Krım tatarlarına dəstək aksiyası keçirəcəklər: "Aksiya Rusiyanın Bakıdakı səfirliyi qarşısında baş tutacaq. Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlik cəhdləri pisləyən şüarlar səsləndiriləcək". Konqresdən bildirilib ki, qanuna müvafiq olaraq aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Belə ki, martın 12-də DAK-ın həmsədri, deputat Sabir Rüstəmxanlının adından meriyaya məktub ünvanlanıb".
Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Krıma siyasi desant çıxarıb: "Liberal-demokrat Jirinovski Krımda ruslara dəstək verir, Kiyevə barmaq silkələyir. Bu baxımdan Krım tatarlarına da dəstək lazımdır. Onlar rus separatizmi, üstəgəl Moskvanın təxribatları ilə təkbətək qalıblar. Odur ki, ilk növbədə Türkiyədən bir qrup millət vəkilinin Krıma səfər etməsinə ehtiyac var. Həmin qrupa azərbaycanlı millət vəkilləri də qoşulsaydı, lap yerində olardı. Yox, əgər, azərbaycanlı millət vəkilləri Rusiyanın əsəbi reaksiyasından çəkinərək Krıma gedib qardaş tatarlara dəstək verməkdən ehtiyat edirlərsə, bu işə müxalif siyasətçilər qoşula bilərlər. Krım tatarlarının lideri Mustafa Cəmiloğlu dəfələrlə Bakıda olub, yüksək səviyyədə qəbul olunub, onun Azərbaycan xalqına qardaş münasibəti var. Demək, biz də qardaşlıq borcumuzu yerinə yetirməli, onlara mənəvi dəstəyimizi ifadə etməliyik".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə bildirib ki, Krımda bu gün separatizm oyunları oynanılır. Yarımadada baş verənlərin ona Qarabağı xatırladığını deyən millət vəkili hesab edir ki, bütün məqsəd hansısa dövlətin inkişafının qarşısını almaqdır. Asim Mollazadənin fikrincə, rəsmi Bakının dəstəyi Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək ola bilər: "Krımda baş verənlərdə dövlətin bütövlüyü və müstəqilliyi şübhə altında alınıb. Azərbaycan dəstəyi ilk növbədə Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyinə dəstək olmalıdır. Mən xüsusi vurğulamaq istəyirəm ki, Krım tatarları Ukrayna dövlətinin yanındadırlar. Onlar istəyi Ukraynanın ərazi bütövlüyünün şübhə altına alınmaması, müasir, inkişaf edən bir dövlətdə yaşamaqdan ibarətdir".
Komitə üzvü qeyd edib ki, Azərbaycan radikal separatizmdən əziyyət çəkmiş bir ölkədir. Onun sözlərinə görə, inkişafın, sabitliyin qarşısını almağa yönəlmiş separatçılığı qəbul etmirik: "Hər bir azərbaycanlının mövqeyi bununla bağlı birmənalı olmalıdır. Söhbət təkcə Krımdakı türk əsilli qardaşlarımızdan deyil, ukraynalı qardaşlarımızdan da gedir. Müttəfiqimiz olan Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstək verib. Biz də bu cür oyunlardan ciddi əzablar çəkmişik. Bir daha deyirəm, Azərbaycanın bu prosesdə dəstəyi Ukrayna dövlətinə, onun ərazi bütövlüyünə, müstəqilliyinə veriləcək dəstəkdir. Biz belə dəstəyi dünyadan-nüfuzlu ölkələrdən, beynəlxalq təşkilatlardan da gözləyirik. Bizim istəyimiz ondan ibarətdir ki, gənc, müstəqil dövlətlərə beynəlxalq ictimaiyyət dəstək versin. Dünya anlamalıdır ki, Azərbaycana, Gürcüstana, Moldovaya qarşı törədilmiş separatçı təxribatlar bu ölkələrin inkişafının qarşısını almağa hesablanıb. Bütün beynəlxalq təşkilatlar da bu cür hadisələrə diqqətini artmalı, nüfuzlu dövlətlər rollarını gücləndirməlidir. Təbii ki, onların imkanları Azərbaycandan daha çoxdur. Azərbaycan da dünya ilə eyni istiqamətdə getmək istəyir. İstənilən cinayətin qarşısının alınmasının tərəfdarıdır".
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirdi ki, Krımın hazırda düşdüyü durum və bütövlükdə Ukraynanın üzləşdiyi avantüra Azərbaycan üçün mürəkkəb məsələdir: "Bizim ürəyimiz əlbəttə ki, Krımladır, oradakı Türk qardaşlarımızladır. Buna görə də ictimaiyyət olaraq bacara bildiyimiz dəstəyi veririk. Sosial şəbəkələrdə, ayrı-ayrı internet resurslarında Krımın işğalına etiraz bildirən fikirlərimizi hər gün və dəfələrlə tirajlayırıq. Artıq yüzminlərlə insanın imzaladığı etiraz bəyanatlarının altında şəxsən mənim də imzam var. Demək istədiyim odur ki, öz hesabıma bacara bildiyim və edə biləcəyim qədərini edirəm. Qaldı ki, ümumilikdə dövlətin və Azərbaycan ictimaiyyətinin bu prosesdə arzu olunan fəallığı göstərməməsinə, burda da izaha ehtiyacı olan məqamlar var. Hər şeydən öncə unutmamalıyıq ki, Krım məsələndə əsas tərəf Rusiyadır. Rusiya dövləti bütün qonşu dövlətlər, o cümlədən Azərbaycan üçün qarşısıalınmaz təhlükə təşkil edir. Düzdür, bir neçə il öncə Gürcüstan gəl-gəl deyən Qərbə arxalanaraq Rusiyayla açıq müstəvidə davaya çıxdı. Ancaq bəllidir ki, nəticədə Abxaziya və Cənubi Osetiyanı birdəfəlik itirdi, üstəlik də rus tankları Tiflisə qədər gəlib çıxdı. Qərbin hərəkəti isə bəyanatdan uzağa getmədi. O baxımdan Azərbaycanın indi ehtiyatlı davranması başadüşülən və ən məqbul variantdır. Ancaq qeyri-dövlət müstəvisində passivliyi məqbul saya bilmərik. Yəni gərəkdir ki, ictimaiyyət Krımın işğalına layiq olduğu təpkini versin. Özü də daha əyani şəkildə".
Siyasi icmalçı Elman Cəfərli dedi ki, Azərbaycanın dövlət olaraq Krıma dəstək verməsi doğru olmaz: "Azərbaycan dövləti Ukrayna respublikasının ərazi bütövlüyünü tanıyır və yəqin ki, "mütəqilliyini elan etmiş" Krımla heç bir diplomatik əlaqə qurulmayacaq. Rusiya çökməkdə olan dövlətdir və Moskva hansısa qlobal prosesi başlada bilməz. Krım da, Abxaziya və Cənubi Osetiya kimi yalnız Rusiya tərəfindən tanınan "müstəqil dövlət" ola bilər. Azərbaycan separatçılıqdan, Rusiyanın bölücülük siyasətindən əziyyət çəkən dövlətdir. Bu baxımdan prosesləri səbrlə izləmək lazımdır. Rusiyanın imperiya ambisiyalarının ömrünə çox qalmayıb. Yaxın gələcəkdə bu imperiya çürümüş ağac kimi yerə dəyəcək. Azərbaycan ictimaiyyəti isə Krım türkərinə dəstək verməyə borcludur. Bildiyim qədər bir necə siyasi partiya, ictimai təşkilat (QAT, VHP) Krım türklərinə dəstək ifadə edib, Rusiyanın işğalçı hərəkətlərini pisləyib. Hesab edirəm ki, dəstək kampaniyası davam etdirilməli, aksiyalar keçirilməlidir. Bakıda dəstək mitinqi də keçirmək olar. Düzdür bu aksiyalarla işğalın qarşısını almaq olmaz, ancaq Krım türkləri mənəvi dəstək vermiş olarıq. Onlar tək olmadıqlarını, mübarizələrinin haqlı olduğunu görərlər. Xaricdə yaşayan azərbaycanlılar, diaspora təşkilatları da aktivlik göstərməli, diqqəti Krıma yönəltməyə çalışmalıdırlar".
Politoloq Elxan Həsənli dedi ki, hökumet GUAM çərçivəsində Ukraynaya dəstək verib: "Ancaq Rusiya faktoruna görə, məsələyə ehtiyatlı yanaşılır".
VHP siyasi şurasının üzvü Samir Əsədli dedi ki, VHP ayın 17-də Rusiya səfirliyi önündə piket təyin edib: "QHT-lər isə susurlar".
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "mənə elə gəlir ki, Azərbaycanda ictimai rəy krım türklərinin, Ukraynanın əraxi bütövlüyünə dəstək verməkdədir",- deyə vurğuladı: "Bir sıra siyasi və ictimai qurumlar mövqelərini ifadə ediblər. Siyasi proses olmasına baxmayaraq "Borçalı"Cəmiyyəti də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, krım ilhaqını, Rusiyanın hərbi təcavüzünü pisləyən bəyanatla çıxış edib. Görünür bunlar yetərli deyil. Daha ciddi etiraz aksiyaları gündəmə gəlir. Biz Ukraynaya, Krıma dəyən zərbəni Azərbaycana olan təcavüz kimi dəyərləndirməliyik. Bu Rusiyanın Qafqaza girişi üçün sanki məşqdir. Hamı anlamalıdır ki, istiqlalımız ciddiliyi ilə təhdid altındadır. Rəsmi siyasətdə kifayətdən artıq ehtiyatlılıq da bununla bağlı ola bilər. Hər halda siyasi səfərbərlik üzərində düşünüb, optimal qərarlar qəbul etmək gərəkir".

Əli