XİN başçıları Vanda görüşdülər Siyasət

XİN başçıları Vanda görüşdülər

Elmar Məmmədyarov: "Azərbaycan Ukraynada stabilliyin bərpa olunmasına və həll olunmamış məsələlərin sülh yolu ilə çözülməsinə çağırır"

Dünən Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin üçtərəfli görüşü keçirilib.
APA-nın TRT-yə istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, ölkələr arasında mövcud olan sərhədlər dost və qardaşlıq sərhədləri olmalıdır: "Həm sərhəddə, həm könlümüzdə olan qapılarımız hər zaman bir-birimizə açıq olacaq".
Sonra nazirlər qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş başa çatdıqdan sonra nazirlər mətbuat konfransı keçiriblər.
Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.
Mətbuat konfransında bildirilib ki, xarici işlər nazirlərinin növbəti - 4-cü görüşü İranda keçiriləcək.
Bu barədə qərar bu gün nazirlərin Türkiyənin Van şəhərində keçirilən üçtərəfli görüşünün yekununda qəbul edilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib ki, bu həftə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda görüş keçirilib: "Azərbaycanın mövqeyi ondan ibarətdir ki, danışıqları yalnız danışıqlar xatirinə aparmaq düzgün deyil".
Nazir bildirib ki, bu, təkcə Azərbaycan və Ermənistan deyil, region üçün də təhlükədir: "Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərində saxlayır və bu region üçün təhlükəlidir. Təmas xəttində insidentləri azaltmağa ehtiyac var. Biz çalışırıq ki, danışıqları yerindən tərpədək. Biz Ermənistanla sülh naminə əməkdaşlıq etməyə hazırıq, amma bunun üçün Ermənistan işğal etdiyi torpaqlardan çəkilməlidir".
Elmar Məmmədyarov Ukraynada baş verənlərə və Krımla bağlı məsələyə toxunub. O deyib ki, Azərbaycan Ukraynada stabilliyin bərpa olunmasına və həll olunmamış məsələlərin sülh yolu ilə çözülməsinə çağırır. Nazir bildirib ki, Ukraynada bütün addımlar Konstitusiya çərçivəsində atılmalıdır.
Hazir onu da bildirib ki, Azərbaycan, Türkiyə və İran öz dəmiryollarının birləşdirilməsi imkanlarına baxırlar. Onun sözlərinə görə, XİN rəhbərlərinin görüşü zamanı Bakı-Tiflis-Qars və Naxçıvan-Culfa-Təbriz dəmiryollarının birləşdirilməsi məsələsi də müzakirə olunub.
Görüşün yekunu üzrə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, layihələrin reallaşdırılması və Asiya ölkələri arasında dəmiryol nəqliyyatının yaradılması "Böyük İpək Yolu" dəmiryolunu yaratmağa və Pekindən Londonadək yüklərin daşınmasını həyata keçirməyə imkan verəcək. O, qeyd edib ki, bu prosesdə Bosfor boğazının altı ilə çəkilən və 2013-cü ilin oktyabrında istismara verilən "Marmaray" dəmiryol tuneli də mühüm rol oynayır.
Xatırladaq ki, Azərbaycan və Türkiyəni birləşdirəcək Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi prosesini 2015-ci ilin ortalarında başa çatdırmaq mümkün olacaq.