“Parlamentin hökumətin fəaliyyətinə nəzarəti yoxdur” Siyasət

“Parlamentin hökumətin fəaliyyətinə nəzarəti yoxdur”

Qadir İbrahimli: "Ölkə konstitusiyasına görə, parlament ildə 2 dəfə hökumətin fəaliyyətinə nəzarət etmək imkanı əldə edir"
Sahibə Qafarova: "hökumətin son birillik fəaliyyətini uğurlu hesab edirəm və onun atdığı addımları dəstəkləyirəm"
Vahid Əhmədov: "Ölkədə iş yerləri problemi var"

Milli Məclisinin Martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirələrdən sonra qəbul olunub.
Müzakirələr zamanı hökumətin illik hesabatına dair millət vəkillər tərəfindən müxtəlif fikirlər səsləndirilib.
Müxtəlif təklif və iradlardan sonra hesabat səsə qoyularaq qəbul olunub.
Ekspertlər hökumətin hesabatını necə dəyərləndirirlər?
İqtisadçı ekspert Qadir İbrahimli bildirdi ki, hökumətin fəaliyyəti ən azı bir neçə gün müzakirə edilməli, görülən işlərə real qiymət verilməlidir. Onun sözlərinə görə, ən başlıcası isə hökumətin fəaliyyəti bütövlükdə yox, ayrı-ayrı sahələr üzrə qiymətləndirilməlidir: "Məsələn, sənayenin inkişafı və sosial təmin sistemi ayrı-ayrılıqda müzakirə edilməli, bu sahəyə rəhbərlik edən şəxslər deputatların suallarını cavablandırmalıdır. Ayrı-ayrı sahələr dəyərləndirildikdən sonra bütövlükdə hökumətin fəaliyyətinə qiymət vermək olar. Ümumiyyətlə parlamentin hökumətin
fəaliyyətinə nəzarət imkanları bütünlüklə əlindən alınıb. Ölkə konstitusiyasına görə, parlament ildə 2 dəfə hökumətin fəaliyyətinə nəzarət etmək imkanı əldə edir. Növbəti ilin dövlət büdcəsi layihəsi müzakirə ediləndə və hökumətin illik hesabatı vaxtı. Parlament bu iki şansın heç birindən faydalana bilmir. Bir neçə dəqiqəyə hökumətin fəaliyyətinə yüksək qiymət verməyi bacaran Milli Məclis büdcənin müzakirəsini də bir neçə günə yekunlaşdırır. Ən yaxşı halda büdcə layihəsinə kosmetik xarakterli dəyişikliklər edilir. Büdcə layihəsinin əsas komponentindən olan dövlət investisiyalarının bölüşdürülməsindən isə deputatların ümumiyyətlə, xəbəri olmur. Deputatlar elliklə büdcə layihəsində investisiyaların ümumi həcminə səs verirlər. Məsələn, 2014-cü ilin büdcəsində dövlət investisiya proqramı çərçivəsində 6,26 milyard manatın xərclənməsi nəzərdə tutulub. Deputatlar da buna səs veriblər. Ancaq bu pulların hara və necə xərclənməsinin deputatlara heç bir aidiyyatı olmur. Bölgü Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Nazirlər Kabinetinin 2013-ci il 30 dekabr tarixli 398 saylı sərəncamı ilə 6,26 milyard manatlıq dövlət investisiyasının 5,26 milyard manatı artıq hökumətin subyektiv mülahizələri əsasında dövlət qurumları arasında bölüşdürülüb". Onun fikrincə, hökumət heç özünü əziyyətə salıb parlamentə izahat vermir ki, investisiya xərclərinə daxil edilən 1 milyard manat niyə bölüşdürülməyərək ehtiyatda saxlanılıb. Və yaxud da niyə Nəqliyyat Nazirliyinə 1 milyard 300 milyon dollar, Səhiyyə Nazirliyinə isə cəmi 98 milyon manat ayrılıb: "Söhbət ondan gedir ki, hökumət parlament qarşısında formal məsuliyyət hissi belə daşımaq istəmir, obrazlı desək, "ev bizim, sirr bizim" prinsipi ilə hərəkət edir. Normalda isə 6,2 milyard manatlıq (təxminən 8 milyard dollar) investisiya büdcəsinin (bu məbləğ Gürcüstan və Ermənistanın cəmi büdcəsinə yaxın bir rəqəmdir) hər bir manatının hara və nə məqsədlə xərclənməsi deputatların daim diqqət mərkəzində olmalıdır. Bu məsələyə yaxın belə buraxılmayan parlamentin hökumətin hesabatını necə dəyərləndirəcəyini proqnozlaşdırmaq izafi əməkdir - deputatlar hesabat bitməmiş ona səs verəcəklər. Bəzi istisnaları nəzərə almasaq, parlament üzvlərinin özləri də bu məsələlərə görə hökumətdən hesabat tələb etməkdən çox uzaqdırlar. Ona görə də bu hesabatdan nəsə gözləməyə dəyməz. Onsuz da bu hesabat Dövlət Statistika Komitəsinin hesabatının təkrarıdır. Onunla tanış olmaq üçün baş nazirə qulaq asmağa ehtiyac yoxdur. Statistika Komitəsinin rəsmi satına girib, rəsmi məlumatlarla tanış olmaq kifayətdir".
Hesabata münasibət bildirən millət vəkili Sahibə Qafarova deyib ki, əvvəlki illərdə olduğu kimi, son bir ildə də Azərbaycan hökumətinin fəaliyyəti təqdirəlayiqdir: "Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti müsbət qiymətləndirilir və qənaətbəxş hesab olunur. Hesab edirəm ki, hökumət Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabineti qarşısında qoyulan vəzifə və tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb". Onun sözlərinə görə, ötən ildə də Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, öz dinamik inkişaf səviyyəsini qoruyub-saxlamağa nail olub: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir və bu siyasətin başlıca məqsədi kimi hər bir vətəndaşın rifahı davamlı olaraq yüksəlir". "Bu gün Azərbaycan hər cəhətdən regionun lider dövlətidir", -deyə vurğulayan Sahibə Qafarova eyni zamanda qeyd edib ki, hökumətin son birillik fəaliyyətini uğurlu hesab edir və onun atdığı addımları dəstəkləyir: "Xüsusilə, təhsil və elmin inkişafı istiqamətində görülən işlər digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin və təhsilin inkişafı sahəsində bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiririlr. Bu gün dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır. Nazirlər Kabinetinin hesabatında da göstərilir ki, ötən il təhsil sektoruna ayrılan vəsaitin artırılması təmin edilib və 2013-cü ildə bu sahəyə 1,53 milyard manat vəsait ayrılıb. 2004-cü ildə təhsilə ayrılan vəsaitin həcmi cəmi 308 milyon manat təşkil edib. Bu o deməkdir ki, 2004-cü ildən bu yana bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 5 dəfə artırılıb. Eyni zamanda, 300-ə qədər yeni ümumtəhsil məktəbi tikilib və 240 məktəb müxtəlif fənn laboratiyariyaları ilə təmin edilib".
Millət vəkili bildirib ki, ötən ildə təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi genişlənib. Eyni zamanda, elm sahəsinə ayrılan vəsait də 31 faiz artaraq 3,8 milyon manat təşkil edib: "Bütün bunlar isə Azərbaycn dövlətinin elm və təhsil sahəsinə yüksək diqqət və qayğısının, ölkəmizin parlaq gələcəyinin bu gündən təmin olunmasının açıq ifadəsidir. Düşünürəm ki, bu gün həyata keçirilən effektiv islahatlar Azərbaycanın təhsil sisteminin inteqrasiyasına, ölkədə təhsilin standartlarının yüksəldilməsinə, Azərbaycan elminin dünyanın qabaqcıl dövlətləri ilə rəqabət qabiliyyətinin artırılmasına və nəticə etibarilə Prezidentin də söylədiyi kimi, Azərbaycanın regionun elm mərkəzinə çevrilməsinə şərait yaradacaq".
İqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov isə deyib ki, ölkədə iş yerləri problemi var: "Xüsusilə kənd yerlərində işsizlik yüksək həddədir. Yeni müəssisələrin açılması prosesi daha çox kəndlərdə aparılmalıdır". O, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması probleminə də toxunub: "Azərbaycanda buğda ehtiyatları yetərincə deyil. Müharibə şəraitində olan Azərbaycan buğda ehtiyatlarının artırılmasına daha çox diqqət yetirməlidir. Digər məsələ xaricdən gətirilən geni dəyişdirilmiş məhsullarla bağlıdır. Biz hələ Dünya Ticarət Təşkilatına daxil olmamışıq. Ora daxil olandan sonra bu problemi həll etmək daha çətin olacaq. Belə məhsulların idxalı həm insanlarımızın sağlamlığına mənfi təsir edir, həm də yerli məhsulların satılmasını əngəlləyir. Ölkədə qeyri-neft sektorunun inkişafı, büdcənin daha çox bu sahədən təmin edilməsinə də çalışmalıyıq".

Əli