Ermənistan beynəlxalq hüquq müstəvisində də məğlubdur Siyasət

Ermənistan beynəlxalq hüquq müstəvisində də məğlubdur

Nail Cəlil: “Beynəlxalq Ədalət Məhkəməsinin yekun qərarında rəsmi Bakının adekvat addımları həlledici rol oynayıb”

“Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın işğalçı, irticaçı mövqeyini, Azərbaycana qarşı cəfəng iddialarını rədd etməsi ölkəmizin haqlı mövqeyinin dünyada sivil hüquqi sistem tərəfindən tanınmasıının, qəbul edilməsinin təzahürüdür. Məhkəmə gözlənildiyi kimi, təkcə, Ermənistan tərəfinin iddialarını əsassız saymaqla kifayətlənməyib, həm də rəsmi İrəvanın üzərinə yerinə yetirilməsi vacib hesab edilən bəzi öhdəliklər qoyub. Qonşu ölkədə etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə barədə qərarın qəbul edilməsi revanşistlərin qafasına endirilən növbəti dəmir yumruq kimi də dəyərləndirilə bilər. Çünki bu qərarın qəbul edilməsində Azərbaycan tərəfinin təqdim etdiyi tutarlı dəlil-sübutlar, beynəlxalq hüquq müstəvisində rəsmi Bakının atdığı adekvat addımlar həlledici rol oynayıb”.

Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə eksklüziv açıqlamasında Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan-Azərbaycan konfilikti ilə bağlı yekun qərarını şərh edən politoloq Nail Cəlil səsləndirib.

Siyasi ekspert mina xəritələrinin qaytarılması ilə bağlı müddəanın qərarda əksini tapmamasını İrəvanın bir neçə gün əvvəl müvafiq xəritələri Azərbaycana təqdim etməsi ilə əlaqələndirib: “Doğrudur, əvvəl təqdim edilən mina xəritələrinin cəmi 25 faizinin həqiqətəuyğun olması bəllidir. Bu səbəbdən son xəritələrin də ciddiliyinə, həqiqiliyinə xeyli şübhələr var. Bununla belə, müvafiq xəritələri 10 hərbi əsirin qaytarılıması müqabilində təqdim etməklə Ermənistan həmin bəndin qərarda əksini tapmasının qarşısını ala bilib”. Politoloq Nail Cəlilin fikrincə, İrəvan bu addımı Beynəlxalq Məhkəmənin mümkün qərarının daha sərt olmasından çəkindiyi üçün atıb: “Əks halda, faktiki münaqişənin səbəbkarı və işğalçı tərəf olan Ermənistanın üzərinə daha kəskin tələblər, öhdəliklər qoyula bilərdi. Bu qərarı müəyyən qədər yumşaltmaq üçün xəritələr bir neçə gün əvvəl Azərbaycana verilib”.
Politoloq vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmədə Azərbaycana qarşı irəli sürdüyü üç əsas iddiasının təmin olunmaması Azərbaycanın beynəlxalq hüquq müstəvisində tam ədalətli, güclü mövqeyini bir daha təsdiqləyir. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiasını “müharibə məhbuslarının dərhal geri qaytarılması” tələbini faktiki rədd edib: “Qarşı tərəfin israrına, ciddi səylərinə baxmayaraq, bu iddia təmin olunmayıb. Belə olduqda Azərbaycan qarşı tərəfin təxribatçı qruplarını, münaqişəni yenidən alovlandırmaq istəyən erməni revanşistləri önləyici tədbirlərlə cəzalandırmaq, mühakimə etmək hüququnu özündə saxlayır.Digər həlledici məqam odur ki, Ermənistan tərəfinin Bakıda Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası təmin edilməyib. Bu, o deməkdir ki, işğalçı qüvvələri öz ərazisində məğlub edib sərhədlərindən kənara atan Azərbaycan ədalətli gücünü, sivil üstünlüyünü hərbi qənimətlər vasitəsilə nümayiş etdirməkdə, bununla qürur duymaqda tam haqlıdır.
Nail Cəlil onu da bildirib ki, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da qarşı tərəfin gözləntilərinin əksinə olaraq, təmin edilməyib: “Beləliklə, insan haqlarının təməl prinsiplərini pozan, ərazimizdə işğal, soyqırım, etnik təmizləmə həyata keçirən Ermənistan bu dəfə beynəlxalq hüquq müstəvisində məğlubiyyətə uğrayıb”.

Cavid