“Avropa Parlamentində, beynəlxalq təşkilatlarda anti-Azərbaycan kampaniyasının məqsədi...” Siyasət

“Avropa Parlamentində, beynəlxalq təşkilatlarda anti-Azərbaycan kampaniyasının məqsədi...”

Bəxtiyar Əliyev: "Azərbaycana müəyyən təzyiqlər göstərmək, dünyada güclənən mövqeyini zəiflətməkdir"

Asim Mollazadə: "Onların insan hüquqları və demokratiya şüarları sadəcə bir bəhanədir"

"İstər Avropa Parlamentində, istərsə də digər beynəlxalq təşkilatlarda anti-Azərbaycan kampaniyasının bir məqsədi var. Bu, Azərbaycana müəyyən təzyiqlər göstərmək, müəyyən dividentlər əldə etmək və eyni zamanda Azərbaycanın dünyada güclənən mövqeyini zəiflətməkdir".
Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev Avropa Parlamentində sessiyanın açılış iclasında Azərbaycandakı bəzi məhbuslarla bağlı keçirilən aksiyaya və Azərbaycanla bağlı keçiriləcək dinləmələrə münasibət bildirərkən deyib.
B.Əliyev bildirib ki, burada ikinci məsələ isə Ermənistanın təcavüskar siyasətini gizlətmək, ona verdikləri dəstəyə don geyindirmək üçün daim çalışırlar ki, Azərbaycanla Ermənistanı eyniləşdirsinlər: "Yəni Azərbaycana qarşı hər hansı qondarma ittiham irəli sürməklə Azərbaycanla Ermənistanın mövqeyini bərabərləşdirsinlər və "Niyə Ermənistana sanksiya tətbiq etmirsiniz?" sualına avtomatik cavab versinlər. Şübhəsiz ki, bunlar hamısı süni şəkildə təşkil olunmuş məsələlərdir və həmin beynəlxalq təşkilatların qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə daban-dabana ziddir".
B.Əliyev qeyd edib ki, qarşılıqlı əməkdaşlıq belə olmur: "Qarşılıqlı əməkdaşlıqda, xüsusilə ilk dəfə tarixdə Avropa Oyunlarının keçirildiyi mərhələdə hamı birləşməlidir. Çünki burada dialoq üçün böyük bir imkan açılır. İdmançılar vasitəsilə siyasətçilər də bu proseslərə qoşulurlar. Cəmiyyətlər bir-birini tanıyır və ümumi bir məxrəcə gəlmək üçün fikir mübadiləsi aparmaq imkanı yaranır. Çox təəssüf olsun ki, bunu sözdə bəyan edirlər, amma əməldə əksinə, bu faydalı əməkdaşlığa hər zaman əngəl yaradırlar".
B.Əliyev sonra vurğulayıb ki, bu cür şər-böhtan kampaniyalarının heç bir təsiri olmayacaq, Azərbaycan müstəqil, demokratik bir dövlət kimi öz siyasətini davam etdirəcək və dünyada tutduğu öz layiqli yerini daha da möhkəmləndirəcək.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə isə təəssüflə qeyd edib ki, Azərbaycan hər zaman Avropa üçün önəmli, Avropaya inteqrasiya, mədəniyyət və idmanla bağlı hər hansı böyük tədbirləri keçirərkən belə hücumlarla üzləşir: "Onların insan hüquqları və demokratiya şüarları isə sadəcə bir bəhanədir. Məqsəd Azərbaycana təzyiqlər göstərmək, Azərbaycanın imicinə xələl gətirməkdir. Bu da onunla bağlıdır ki, onlar çox gözəl anlayırlar ki, keçmiş SSRİ ərazisində Avropa Birliyi üçün ən önəmli ölkə, ən mühüm layihələri həyata keçirən, Avropanın enerji layihələrinin həyata keçirilməsində böyük rol oynayan ölkə məhz Azərbaycandır. Təbii ki, erməni lobbisi və diasporu çox istəyir ki, bu proses dayansın. Bu proseslər əslində Ermənistanın bir hərbi baza olduğunu Avropa ictimaiyyəti üçün ifşa edə bilər. Ona görə də ermənilər və onların arxasında duran qüvvələr Azərbaycana qarşı bu cür təzyiq vasitələrinə əl atırlar".