“Qanunlara münasibətimiz ölkənin beynəlxalq imici deməkdir” Siyasət

“Qanunlara münasibətimiz ölkənin beynəlxalq imici deməkdir”

Qüdrət Həsənquliyev: “Açıq-aşkar Konstitusiyaya zidd olan belə dəyişiklik etmək mümkünsüzdür”

“Bu dəyişiklik Konstitusiyaya zidddir. Konstitusiyanın 18-ci maddəsinə görə, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir”.
Bunu parlamentin plenar iclasında ikinci oxunuşda “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Millət vəkili diqqətə çatdırıb ki, 8-ci maddəyə edilən dəyişiklik yalnız islam dininə aid olur: “Dəyişiklik digər dinlərlə bağlı deyil. İkincisi, Konstitusiyanın 58-ci maddəsində vətəndaşların birləşmək hüququ var. O cümlədən 58-ci maddənin ikinci hissəsində deyilir ki, hər kəs, istənilən birlik, o cümlədən syasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq, yaxud mövcud birliyə daxil olmaq hüququna malidir, bütün birliklırin sərbəst fəaliyyətinə təminat verilir. Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və fondlar haqqında qanunda qeyd olunur ki, ictimai birlik təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış, könüllü, özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri hökumət təşkilatıdır. Burada söhbət ondan gedir ki, dindarlar yığışırlar, ictimai əsaslarla bir ictimai birlik formalaşdırırlar. Hər bir dini icmanın öz nizamnaməsi var”.
Millət vəkilinin sölərinə görə, dəyişiklik etdiyimiz “Dini etiqad azadlığı haqqında” haqqında qanunun 5-ci maddəsində qeyd olunur ki, dövlət ona aid olan hər hansı işin yerinə yetirlməsini, dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bu necə fəaliyyətə qarışmamaqdır ki, 8-ci maddəni olduğu kimi oxuyuram: “İslam dininə aid yerlərə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təyin olunur”. Bu, necə ictimai təşkilatdır ki, onun rəhbərini dövlət təyin edir? Biz, son illər ölkədə həqiqətən də hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının yaradılması üçün çox mütərəqqi qanunlar qəbul eləmişik. Amma bu cür açıq-aşkar Konstitusiyaya zidd dəyişikliklər etməklə, ümumən ölkədə Konstitusiyaya və qanunlara münasibəti ifadə etmiş oluruq. Bizi də xairici ölkələr, düşmənlərimiz, dostlarımız izləyir. Mən həmişə söyləyirəm ki, bizim qanunlara, Konstitusiyaya münasibətimiz ölkəyə investisiya qoyuluşu, ölkənin beynəlxalq imici deməkdir. Ona görə də açıq-aşkar Konstitusiyaya zidd olan belə dəyişiklik etmək mümkünsüzdür. Burada başqa məsələlər də var, amma mən əsasən bu məsələyə toxunuram. Yəni doğrudan o ziyarətgahlarda o qədər pul yığılır ki, həmin pula görə Konstitusiyanı pozmağa dəyər? Bəziləri dedi ki, şəffaflıq təmin olunmayıb, bəziləri dedi ki, din xadimləri özünü yaxşı aparmır. Özünü yaxşı aparmayan o qədər QHT sədrləri var ki, Azərbaycan əleyhinə açıq-aşkar mənfi fəaliyyət götərir, pis işlər görürlər. O qədər partiya sədləri var. O zaman dövlət desin ki, partiya sədrləri özünü yaxşı aparmır, bunu dövlət təyin eləsin. Qeyri Hökumət Təşkilatlarının sədrlərini dövlət təyin eləsin. O qədər məmurlarımız var ki, büdcə vəsaitlərini oğurlayırlar. Biz görürük hər gün həbs olunurlar. O zaman gəlin, onların təyinatı məsələsinə baxaq, onların təyin olunması prosedurunu dəyişək. Əgər hansısa din xadimi özünü yaxşı aparmayıbsa, orada hansısa bir oğurluq olubsa, bu qanunda, ona edilən dəyişikliklərin məğzində özünü göstərməli idi. Biz, dəyişiklərdə şəffaflığın təmin olunması üçün hansısa normanın daxil edilməsini görmürük. Biz, sadəcə əl dəyişməsi görürük. Yəni dünənə qədər din xadimlərini Qafqaz Müsəlmanları İdarəsi təyin edirdi, indi müvafiq orqan-yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin edəcək. Düşünürıəm ki, bu tipli qanunların dəyişilməsinə həqiqətən ehtiyac yoxdur. Qanunlara bu cür dəyişikliklər etməklə ölkədə din-dövlət münasibətlərini zədələmək olmaz. Onlar müstəqil ictimai təşkilatladırlar, onlar fəaliyyət göstərməlidirlər. Müvafiq komitə heab edirəm ki, dini savadlanma, dini marifçilik istiqamətində iş görməlidir. B halda, düşünürəm ki, digər problemləri də önləmiş olarıq”.

Əli Zülfüqaroğlu