“Demokratiya, söz azadlığı, insan haqları kimi ciddi dəyərlər nə acı ki...” Siyasət

“Demokratiya, söz azadlığı, insan haqları kimi ciddi dəyərlər nə acı ki...”

Rafael Hüseynov: "Bu zaman həmin xəbis niyyətləri gerçəkləşdirmək üçün möhtəkirlik vasitəsinə çevrilir"

"Bu günlərdə Azərbaycanda müasir Avropa tarixinin ən əlamətdar hadisələrindən biri baş verir - qitənin tarixində ilk dəfə olaraq Avropa oyunları keçirilir. Qəribədir ki, panamerikan, Asiya, Afrika oyunlarının keçirilməsinin artıq xeyli yaşı və təcrübəsi varsa da, "köhnə dünya" – Avropa bu oyunları gerçəkləşdirməyə ilk dəfə qərar verib". Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında müzakirəyə çıxarılmış və ölkə üzrə məruzəçilər, ispaniyalı deputat Pedro Aqramonla polşalı deputat Tadeuş İvinski tərəfindən hazırlanmış "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov dilə gətirib. R. Hüseynov ilk öncə son dövrlərdə xarici mətbuatda və bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə qarşı aprılan çirkin kampaniyaların mahiyyətini açıb:
"...Demokratiya, söz azadlığı, insan haqları kimi ciddi dəyərlər nə acı ki, bu zaman həmin xəbis niyyətləri gerçəkləşdirmək üçün möhtəkirlik vasitəsinə çevrilir. Xarici qüvvələrin belə addımlarla nəzərəçarpacaq uğur əldə edə bilməməsinin əsas səbəbi də odur ki, Azərbaycan müxalifəti də, geniş kütlələr də bu cəhdlərin səmimiyyətdən uzaqlığını, mahiyyətcə Azərbaycanın milli məafeyinə zidd olduğunu anlayır.
Bəli, bu gün Azərbaycanda həbsdə "vicdan məhbusu", "siyasi məhbus" kimi qələmə verilən bir sıra şəxslər var. Onların xeyli hissəsi savadlı, qabiliyyətli, Avropa dillərinə bələd olan insanlardır. Mən qətiyyən istəməzdim ki, onlar məhbus həyatı yaşasınlar. Lakin istintaq materialları onların bir hissəsinin xarici xüsusi xidmət orqanları tərəfindən ələ alındığını, bir qisminin iqtisadi cinayətlər törətdiyini danlmaz faktlarla sübut edir.
Azərbaycana qarşı işləyən iri xarici güclərin son illərdə yürütdüyü siyasətin başlıca elementlərindən biri o qəbildən olan müxtəlif üsullarla ayrı-ayrı zəif iradəli şəxsləri təsir dairəsinə salmasıdır. Çünki casusluğa cəlb edilmiş az-çox tanınmış bir hüquq müdafiəçisinin, blogerin, jurnalistin ifşa edilərək həbs olunmasından sonra bu adlarla spekulyasiya və manipulyasiyalar etmək asandır.
Onların casusluğa görə yox, guya məhz siyasi baxışlarına görə həbs edildiyini aləmə car çəkməklə Azərbaycana qarşı işləyən məkrli qüvvələr əlavə əks-təbliğat imkanı qazanmış olurlar. Azərbaycanda demokratik təsisatların bugünkü vəziyyəti ilə əlaqədar irəli sürülən bir çox tənqidi fikirlərin arxasında ya bu ümdə həqiqəti bilməmək, ya da bilib dilə gətirməmək dayanır..."
Sonra Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi məsələsinə də toxunan R. Hüseynov müəyyən qüvvələrin bu yarışların keçirilməsinə niyə maneçilik törətmək istəməsinin arxasında məkrli siyasətlərin dayandığını vurgulayaraq deyib:
"İncəsənət incəsənətdir, musiqi musiqidir, idman idmandır, siyasət də siyasət. Amma çox zaman bunun şahidi oluruq ki, incəsənət də, musiqi də, idman da siyasətə çevrilə bilir. Yaxud onlardan ciddi siyasi vasitələr kimi istifadə etməyə çalışırlar.
Bu günlərdə Azərbaycanda müasir Avropa tarixinin ən əlamətdar hadisələrindən biri baş verir. 50 ölkədən 6 min nəfərdən artlq idmançı neçə gündür ki, müştərək bir olimpiya kəndinin sakinlərinə çevrilərək başlıca ideyası dostluq, əməkdaşlıq, sülh olan bu mühüm yarışa qatılıblar.
Və mən bir azərbaycanlı olaraq iftixar duyuram ki, Avropa tarixinə "ilk" deyə yazılan bu hadisəyə imzanı Azərbaycan atır. Bənzəri olmayan açılış mərasimini dünyanın onlarca ölkəsində izləyən yüz milyonlarla insan Azərbaycanın bu yarışları necə gözəl təşkil etməsinin, mənim ölkəmin və dövlətimin hansı zövqün, hansı yüksək səviyyənin, hansı mütəşəkkilliyin sahibi olduğunu əyani şəkildə gördü.
İlk Avropa Oyunlarının möhtəşəm bir Avropa bayramına çevrilən füsünkar açılış mərasiminin insanı valeh edən kadrlarını nümayiş etdirən "Euronews" bunları vəsf etməyə sözlərin aciz olduğunu duyaraq heyranlığını belə ifadə edirdi: "Şərhsiz"!
Lakin bu yarışlar ərəfəsində bəzi Avropa ölkələrində və müəyyən beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ifrat qərəzli mövqe tutan bir qisim üzdəniraq siyasətbazlar müxtəlif böhtanlar, yalanlar uyduraraq xoşagəlməz kampaniyalar aparırdılar.
Yarışların Bakıda keçirilməsinə qarşı çıxırdılar, ölkələrə müraciət edərək ilk Avropa oyunlarını boykota çağırırdılar. Son olaraqsa, iflasa və boykota uğrayan özləri oldular.
Bu cür cılız vasitələrlə Azərbaycana və eyni xoş məramlı yolda olan digər ölkələrə maneçilik törətmək istəyənlər anlamalıdırlar ki, belə qərəzli, riyakar, xəbis səylərinin nəticəsi həmişə iflas olacaq və konkret olaraq Azərbaycanı belə fitnəkar həmlələrlə müvazinətdən çıxarmaq mümkünsüzdür..."