İşgəncəsiz cəmiyyət Layihə

İşgəncəsiz cəmiyyət

Azərbaycan qanunlarında işgəncənin istənilən forması qadağan olunur

III yazı

Azərbaycan Respublikası (AR) Konstitusiyasının 71-ci maddəsinin 3-cü hissəsində hüquq və azadlıqların məhdudlaşdırılması əsasları da nəzərdə tutulub. Yalnız müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata küçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər.
Araşdırmaçı İlhamə Hüseynova bildirir ki, AR Cinayət Məcəlləsinin (CM) "İşgəncə" adlanan 113-cü maddəsində tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə işgəncə hesab edilir və yeddi ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin "işgəncə vermə" adlanan 133-cü maddəsinə görə, "mütəmadi olaraq döyməməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə" işgəncə hesab olunur və üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
CM-nin 331.3-cü maddəsində (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Cinayət Prosessual Məcəllənin (CPM) 13-cü maddəsində (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi) göstərilir ki, cinayət təqibi (cinayət hadisəsinin müəyyən edilməsi, cinayət törətmiş şəxsin ifşa olunması və ona qarşı ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir) gedişində insani şərəf və ləyaqətini alçaldan, təhqir edən habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır".
CPM-nin 15-ci maddəsi ilə aşağıdakılar qadağan edilir:
- işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək;
- uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosesual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək;
- zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair hərəkətlər tətbiq etməklə ifadə almaq.
19-cu maddədə göstərilir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.
Polis haqqında qanunun 5-ci maddəsində (insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti) polisin hər hansı bir şəxslə insan ləyaqətini alçaldan şəkildə rəftar etməsinin yolverilməzliyi əks olunub: "Hər hansı vəziyyətdən asılı olmayaraq insanlar əsas insan hüquqlarına malikdir. Qanuni əsas olmadan insanlar bu hüquqlardan məhrum edilə bilməzlər. Qanuni əsasla müəyyən müddətə tutulmuş və ya həbs olunmuş şəxs azadlıq hüququndan məhrum olunur. Azadlıqdan məhrum etmə yerlərində adamlar hökmə əsasən cəza çəkirlər. Onlar həbsxanaya cəza olaraq salınırlar, orada cəzalandırılmaq üçün deyil. Buna görə də həbsxanalarda həyat şəraiti əlavə cəza xarakteri daşımamalıdır. Cəzaların İcrası Məcəlləsində də (CİM) işgəncə yolverilməz hesab olunur. Burada göstərilir ki, cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. CİM-nin 3-cü maddəsində deyilir ki, cəzaların icrası prosesində məhkumlarla rəftarda işgəncələrə, digər pis hərəkətlərə və şəxsiyyətin alçaldılmasına yol verilməməlidir. 10-cu maddədə isə göstərililr ki, məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara və onların həyat və sağlamlıqlarını təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qalmamalıdırlar".
İşgəncənin nəticələri insanlar və cəmiyyət üçün nə ola bilər?
Araşdırmaçı vurğulayır ki, işgəncənin nəticələrini 3 yerə bölmək olar:
1 –fiziki. 2 – psixi. 3 – social.
İşgəncənin fiziki nəticələrinə səthi və dərin zədələr, qançırlar, hematomalar, kəllə-beyin travmaları,orqanik disfunksiya, infeksiyalar, bədənin müxtəlif hissələrinin şikəstliyi, üzün eybəcər hala salınması, ruhi-bədən xəstəlikləri və sair daxildir: "İşgəncənin psixi nəticələrinə gəldikdə onlardan isə ən vacib olanlarından posttravmatk stress pozuntuları, həyəcan, ruh düşkünlüyü, yuxu pozuntuları, xroniki ağrılar (əzələlərin, sümüklərin və oynaqların), baş ağrısı, yaddaşın itirilməsi və ya pozulması, əsəb-psixi pozuntular, öz imkanlarını və ya planlarını və sairəni reallaşdırmaq imkanlarının olmaması barədə ümidsizlik, nəzarətsizlik və narahatlıq hisslərini misal göstərmək olar".
İşgəncənin sosial nəticələri arasında daha vacibləri aşağıdakılardır:
- sosial damğalama: qurbanlar satqın, cinayətkar, millətçi, ekstremist, xalq düşməni və sair elan edilə bilərlər. Bu damğalar qurban və onun ailəsinə qısa və uzun müddətli mənfi təsir göstərə bilər.
- kollektivdə və iş yerində çətinlikliklər: qurban yaxşı işçi olsa da işdən çıxarıla bilər və ya ona iş tapmaq çətin olar. Aydındır ki, qurbanın ailə üzvləri iş və əmək haqqının olmaması kimi problemdən ciddi şəkildə əziyyət çəkə bilərlər.
- bəzi hallarda nəticənin biri də kasıblıq və xüsusilə də siyasi və digər repressiyalar zamanı əmlak müsadirəsi nəticəsində yaranan sosial problemlər ola bilər.
- gündəlik fəaliyyətin pozulması: işgəncənin qurbanları və onların ailə üzvləri öz gündəlik fəaliyyətlərində çoxlu mənfi şeylərlə qarşılaşa bilərlər.
- qurbanların yaşadığı cəmiyyət onlardan imtina edə, kənar gəzə və ya onları tənqid edə bilərlər.
Beləliklə, təkcə çapıqlar, fiziki ağrılar və ya əlillik deyil sosial nəticələr də daima qurbana yaşanmış travmatik hadisələri xatırladır: "İşgəncənin qurbanları çıxılmaz vəziyyətə düşə bilərlər ki, burada da hətta əvvəllər yaşanmış travmalardan uzun müddət keçməsinə baxmayaraq travmatik hadisələr təkrar oluna bilər və onlarda dərin həyəcan, təşvişə səbəb olar. Harada fiziki işgəncə tətbiq edilirsə, orada avtomatik olaraq psixi işgəncə də yaranır. Beləlilklə, praktiki olaraq onları ayırmaq mümkün deyil. Lakin buna baxmayaraq onlara ayrı-ayrılıqda baxaq.
Müqayisə edildiyi zaman psixi işgəncə fiziki işgəncədən daha dağıdıcıdır. Bundan başqa qadınlar üçün seksual işgəncələr psixi işgəncələrdən daha da ağırdır. İşgəncələrə məruz qalanların xarakteristikasına nəzər salsaq görərik ki, işgəncə yaşlılarla müqayisədə uşaqlara və gənc adamlara daha dərin təsir göstərə bilər. Fiziki, psixi, sosial münasibətdə qadınlar kişilərdən daha zərif və həssasdırlar. Buna görə də, işgəncə qadınlar üzərində daha aşkar nəticələr buraxır. İşgəncənin təsiri uyğunlaşma problemi yaşayan uşaq və yeniyetmələrlə müqayisədə yetişkin və müxtəlif növ stress formalarına uyğunlaşmış insan üçün daha az ola bilər. Həyat təcrübəsi qurbana işgəncənin müxtəlif dağıdıcı təsirlərinin öhdəsindən daha yaxşı gəlməyə imkan verə bilər. Daha təminatlı təbəqələrdən olub, tam anlayış və qayğı mühitində böyüyən, heç zaman cinayətkar fəaliyyətə və ya münaqişəyə cəlb edilməyən şəxslər üçün işgəncənin nəticələri daha böyük və dərin olur. Müqayisə üçün demək olar ki, cinayətkar fəaliyyətdə təcrübəsi olan və həyatını qeyri-müəyyən və əlverişsiz şəraitdə keçirən şəxslər üçün işgəncənin nəticələri daha yüngül ola bilər. Əgər ailə üzvləri öz yaxınlarının vəziyyəti və əzablarını başa düşür və buna anlayışla yanaşırlarsa, o zaman qurban travmatik hadisələrin nəticələrini daha yüngül keçirə bilər. Əgər cəmiyyət qurbanı terrorist, satqın və ya qatil kimi qəbul edirsə, travma və işgəncələrin nəticələri daha da ağırlaşır. Qurban ətrafında baş verənlərlə əlaqədar özünün məyusluğunu hiss edir və özünü problemin mənbəyi kimi hiss edirsə, bu işgəncənin yuxarıda qeyd edilən nəticələrinə əlavə edilən ciddi nəticələrə gətirib çıxara bilər.
Müalicə və reabilitasiya işgəncənin nəticələrini minimuma endirə bilər. Xüsusilə qurban və onun ailə üzvlərinin aşkar edilməsi, həmçinin onların müvafiq reabilitasiya proqramlarına daxil edilməsi travmanın alınmasından dərhal və ya qısa müddət sonra həyata keçirilərsə, bu zaman müalicə və reabilitasiya daha efektiv ola bilər. Müalicə və qulluq, həmçinin sosial psixoloji proqramların bütün növləri eyni zamanda başlanmalı və nizamlı, yaxşı təlim keçmiş komanda tərəfindən aparılmalıdır. Mövcud hüquq müdafiə vasitələri ilə yanaşı, işgəncələrə qarşı mübarizə dövlətin başlıca vəzifələrindən biri hesab olunur. Məhz buna görə də Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında işgəncənin istənilən forması qadağan olunur və onun nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər nəzərdə tutulur.
Beynəlxalq hüquqa əsasən dövlət vəzifəli şəxsin və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən (məsələn, polis zabitləri, polis işçiləri, hərbi qulluqçular və ya həbsxana nəzarətçiləri və s.) törədilən işgəncələrə görə cavabdehlik daşıyır. Fikrimizcə, "işgəncə" anlayışının milli qanunvericilikdə olmaması, dövlətin hər hansı şəxslər tərəfindən törədilən işgəncələrə məruz qalmış vətəndaşlarının hüquqlarının dolğun şəkildə təmin olunmasına mənfi təsir göstərir: "Beynəlxalq hüquqda işgəncənin subyekti kimi yalnız dövlətin vəzifəli şəxsləri göstərilir. Ancaq işgəncə həm də digər subyektlər (dövlət məmuru olmayan subyektlər) tərəfindən də verilə bilər. Gündəlik həyatda, məişətdə də belə hallara tez-tez rast gəlinir (məsələn, ailə münaqişələri zəminində). Bu baxımdan işgəncə ilə bağlı qanunvericiliyin və beynəlxalq hüquqi sənədlərin təhlili və ümumiləşdirilməsinin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğun olardı".

Uğur