İnkişaf etmiş dövlətlərdə vətəndaş cəmiyyətləri Layihə

İnkişaf etmiş dövlətlərdə vətəndaş cəmiyyətləri

(əvvəli ötən sayımızda)

Daha bir mühüm məqam. Siyasi yönümlü vətəndaş cəmiyyətinin formalaşması sivil mübarizə metodlarına üstünlük verir, nəinki inqilablara. Həm də nəzərə almaq lazımdır ki, bu zaman cəmiyyətin daxilində ümumi inkişafa təkan verən fikir müxtəlifliyi mühiti formalaşsa da, barışmaz qütblər yaranmır. Siyasiləşən qruplar ümumi mənafelər naminə anlaşmaya nail ola bilirlər, qarşılıqlı qisasçılıq hissi yaşanmır.
Vətəndaş cəmiyyəti institutlarında siyasi yönümlü ictimai birliklərin olması hakimiyyət uğrunda mübarizə aparan partiyaların yaratdığı gərgin atmosfer şəraitində də olduqca vacibdir. Siyasi partiyalar bir çox hallarda həqiqətin etirafını inkar etdiyi məqamda ictimai birliklər bunun qarşısını ala bilirlər. Onlar bir növ cəmiyyətdə bir-birinə əks olan fikirlər burulğanında obyektivliyin harada və kimdə olduğunun tapılmasına yardımçı olurlar. Cəmiyyətdə düzgün və adekvat fikirlər yaratmağa çalışırlar.
Demokratik dəyərlərin kifayət qədər inkişaf etdiyi ABŞ və Qərb ölkələrində həm iqtidarın, həm də hakimiyyətə can atan partiyaların siyasi proseslərin nəbzini tutmaq üçün istinad etdiyi etibarlı mənbələr arasında istimai birliklərin hesabatları, proqnozları, təhlilləri mühüm yer tutur. Biz belə təşkilatlara istinadları hətta beynəlxalq siyasətdə də müşahidə edirik.
Bütün bunlar respublikamızda da siyasi istiqamətli ictimai birliklərin fəaliyyətinə normal yanaşılmasını və onların formalaşma prosesinə dəstək verilməsini diqtə edir. Çünki bu, milli mənafelərimizin və milli maraqlarımızın qorunmasına dəstək və qayğı olardı.
Yaşadığımız mürəkkəb dünyada mövcud olan bütün vətəndaş cəmiyyətlərinin fəlsəfəsini yazmaq çətindir. Hələ 170 il öncə məşhur fransız sosioloqu Aleksis de Tokvil "Amerikada demokratiya" kitabında yazırdı: "Amerikalılar yaş fərqindən və vəziyyətlərindən asılı olmayaraq bayramlar təşkil etmək, məktəblər yaratmaq, mehmanxanalar, yeməkxanalar və kilsələr tikmək, kitab yaymaq, missionerləri dünyanın başqa ölkələrinə göndərmək üçün müxtəlif ittifaqlarda birləşirlər". Bəli, cəmiyyət və dövlət naminə hansısa faydalı işin görülməsi üçün mütləq əməkdaşlıq lazımdır. İnsanlar öz güclərini təkcə praktik məqsədlər - ərzaq məhsulları istehsal etmək, mal mübadiləsi aparmaq, yeni texnologiyalar yaratmaq üçün birləşdirmir. Hətta dostluq və ünsiyyət qurmaq üçün də birləşmək tələbatı duyulur. Bizim başqaları ilə birləşməyimiz nəticəsində əmələ gələn təşkilatı vətəndaş cəmiyyəti adlandırırlar. Bu cür birləşmələr zaman-zaman ailə, məktəb, klub, kommersiya təşkilatları formasında mümkün olub. Əsas məqsəd ictimai fayda əldə etməyə yönəlib.
Vətəndaş cəmiyyətinə insanların spontan birləşməsinin məhsulu kimi baxmaq olar. Geniş anlamda isə vətəndaş cəmiyyətini insanların təbii və müqavilə əsasında birləşmələri nəticəsində yaranan birliklərin məcmusu kimi xarakterizə etmək olar. Dövlətin əhatə etdiyi bütün sahələrdə əsas həlledici rolu sahibkarlar və qeyri-hökumət təşkilatlarında (QHT) fəaliyyət göstərən vətəndaşlar oynayır. Beləliklə, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı üçün ilk növbədə fərdlərin birliyi gərəkdir. Bu birliyin ən rasional forması QHT-lərdir. QHT-lər qarşılarına ümumi firavanlıq naminə çalışmaq məqsədini qoyan ayrı-ayrı şəxslərin birliyidir. Müstəqillik əldə etmiş ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması və inkişafında QHT-lərin xüsusi çəkisi vardır.

Vətəndaş cəmiyyəti və əxlaq məsələləri
Fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimlinin fikrincə, ölkəmizdə siyasi partiyaların ictimai fikirə təsir mexanizmləri və imkanları zəiflədikcə vətəndaşların baş verən prosesləri özlərinin təhlil edərək adekvat nəticələr çıxarması yaranmış situasiyada alternativ axtarışlarının nəticəsi kimi meydana çıxır. Amma bütün hallarda insanlar öz düşüncələrini başqalarının da təsdiq etməsini istəyirlər və bu təbii ehtiyac onların qərarlarının qətiləşməsində həlledici rolu oynaya bilir. Kütləvi informasiya vasitələri hələ də özü haqqında formalaşmış "hakimiyyətin danışan dili" düşüncəsini darmadağın edə bilmədiyindən gərəkli etibar sahibi deyil. Ona görə də, onun nəyisə təsdiq və ya inkar etməsi müstəqil tərəfin fikri kimi qəbul edilmir. Belə bir dönəmdə müstəqillik dövrünün məhsulu olan, fəal vətəndaşların toplaşdığı ictimai birliklərin – daha doğrusu, qeyri-hökumət təşkilatlarının çəkisi və rolu artmış olur. Dövlət müstəqilliyinin əldə edilməsi ilə yalnız onu öz yanında görən insanlar QHT-lərə güvənməkdədir. Siyasi intriqaların cəmiyyəti cana doydurduğu bir vaxtda köməyə ehtiyacı olanlara az-çox əl tutmağa çalışan vətəndaş cəmiyyətinin bu institutları ictimai fikrin inam bəslədiyi çevrələrdir. Əgər fikir versək görərik ki, yeni müstəqillik əldə etmiş ölkələrdə cəmiyyətlərə Qərbin müdaxiləsi də məhz QHT sektorundan başlayır. Qərbdə də, təbii ki, bizim cəmiyyətlər üçün yeni yaranan, hələ "çirkaba bulaşmamış", mahiyyətcə də vəzifəsi ictimai mənafeləri müdafiə etmək olan bu qurumların fəaliyyətini və gücünü qiymətləndirirlər. Lakin cəmiyyətin inamı və rəğbəti sonsuz deyil. Ona görə, QHT-lər də cəmiyyətin bu etibarından sui-istifadə edərək özünü nüfuzdan salmamalıdır. Təəssüf ki, son vaxtlar vətəndaş cəmiyyətinin klassik məzmun-mahiyyətini dərk edə bilməyən bəziləri bu sahəyə eybəcərliklər gətirməkdədir. Məsələ burasındadır ki, bu sfera nə qədər qanunların gücü ilə tənzimlənsə də, bir o qədər də yazılmamış qanunlarla nizama salınır. Deməli, burada mənəvi, əxlaqi kateqoriyalar kifayət qədər vacibdir və üstünlük təşkil etməlidir.
Vətəndaş cəmiyyətinin istər daxilində, istərsə də onun cəmiyyətlə münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Bu səbəbdən də vətəndaş cəmiyyətinin aparıcı fiqurlarının özləri kifayət qədər əxlaqlı, milli-mənəvi dəyərlərə bağlı şəxslər olmalıdır.
Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din icra edir, ənənəvi cəmiyyətlərin dağılması, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir.
Qeyd etmək lazımdır ki, son dövrlərin diqqət mərkəzində olan və həssas münasibətlə əhatələnən vətəndaş cəmiyyətlərində özünütənzimləyən münasibətlər sistemi iki sferadan formalaşır: vətəndaş cəmiyyətlərini təşkil edən fəal insanların özlərinin davranışlar məcmusundan və onu izləyən vətəndaşlarla münasibətlərin cəmindən.
Sistemin birinci tərəfi tələb edir ki, şəxs özü əxlaqlı olmalıdır. Bu da başa düşüləndir. Çünki cəmiyyətin qayğıları ilə məşğul olan və fəaliyyət sahəsi də təmənnasız xidmətə söykənən insan başqa cür ola da bilməz. Ona görə, bu fəaliyyət sahəsi prinsipcə özü yüksək əxlaq, mədəniyyət tələb edir və bunlarla həmahəng fəaliyyətlə vəhdətdədir.
İnsanlar çalışdıqları sahələrdəki fəaliyyətləri ilə özləri üçün cəmiyyətdə bir obraz formalaşdırmaqdadır. Çox maraqlıdır ki, son dövrlər köbələk kimi artan şou-biznes əhli, müğənnilər haqda heç də yaxşı olmayan ictimai fikir formalaşmaqdadır. Müğənni olmaq istəyirsənsə, "səsin olması vacib deyil", "həyat yoldaşından boşanmalı", "qısa geyinməli", "dedi-qodulara qoşulmalı" və "sponsor tapmalısan" fikirləri həqiqi sənətkarları da hörmətdən salır. QHT liderləri bax bu cür ictimai qənaətdən qorxmalı və ona rəvac verəcək hərəkətlərdən uzaq olmalıdır. Əks halda onlar cəmiyyətə təsir güclərini, mexanizmlərini itirmiş olarlar.
Sistemin ikinci tərəfinə, yəni vətəndaş cəmiyyətinin liderlərinin insanlarla münasibətlərinə gəldikdə isə burada düzgünlük, sözə bütövlülük, ədalətlilik əsas dəyər olmalıdır. Vətəndaş cəmiyyətinin liderləri "almaqdan" deyil, "verməkdən" həzz almağı bacarmalıdırlar. Onlar cəmiyyətə daha çox fayda verəndə ləzzət almalıdırlar, bu onların həyat meyarı olmalıdır. Nəinki gördükləri işin müqabilində daha çox maddi gəlirlər əldə etdikdə sevinməlidirlər. Çox təəssüf ki, biz son dövrlər bəzən bu tendensiya ilə qarşılaşırıq. İmkan vermək olmaz ki, QHT sektoru "qovulmuşların" at oynatdığı, dəyərlərin alınıb-satıldığı alver məkanına, ara düzəldənlərin oylağına çevrilsin.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə obyektiv qiymət verilməsi üçün cəmiyətin özünün də əxlaqi-mədəni səviyyəsi yetərli səviyyədə olmalıdır. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara əməl olunmasının mədəniyyət olduğu dərk olunmur. Bu zaman vətəndaş cəmiyyətlərinin hərəkətləri də adekvat başa düşülmür. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bu zaman əyrilik, qanunları pozmaq qəhrəmanlıq, əxlaq, mənəviyyat isə geridə qalmaq kimi qiymətləndirilir. Bir sözlə, əhalinin keyfiyyəti aşağı düşür. Vətəndaş cəmiyyəti institutları cəmiyyəti məhz bu çatışmazlıq sindromundan xilas etmək üçün səfərbər olmalı, bilavasitə daimi olaraq özünü təkmilləşdirməli, əxlaqi-mənəvi dəyərlərə bağlılığını artırmalıdır. Aparılan maarifləndirmə işlərinin əsas hədəfi də buna yönəlməlidir.Ona görə də ilk növbədə özlərinin davranışlar sistemi yüksək əxlaq normaları çərçivəsində olmalıdır. Çünki hələ vaxtilə dahi sərkərdə Napaleon deyirdi ki, ən yaxşı əmr şəxsi nümunədir. Ona görə də vətəndaş cəmiyəti institutlarının cəmiyyətə dediklərini öz əməlləri təsdiq etməli, bunlar arasında zərrə qədər də olsa fərq olmamalıdır. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihələrin də əsas qayəsini cəmiyyətin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əxlaq qaydalarına uyğunlaşdırılması təşkil etməlidir. Yəni elə layihələr həyata keçirmək lazımdır ki, insanlar qanunların tələb etdiyi qadağa prinsipi ilə deyil, əxlaq normalarının verdiyi icazə sistemi ilə münasibətlərini tənzimləsinlər.

Cavid