“Dövlət başçısının çağırışlarını düzgün qiymətləndirmək lazımdır” Layihə

“Dövlət başçısının çağırışlarını düzgün qiymətləndirmək lazımdır”

Mübariz Göyüşlü: “Dövlət və onun quruculuğu peşəkar yanaşmalar tələb edir”

Hökumətə və özəl sektora daxil olmayan müstəqil qruplar vətəndaş cəmiyyətinə aid edilir. Bir az daha geniş şəkildə açıqlasaq ictimai-siyasi təşkilatlar, hərəkatlar, həmkarlar kollektivləri, o cümlədən digər ictimai əsaslı qruplar vətəndaş cəmiyyətinə aid edilir. Bu kateqoriyaya daxil olan insanlar (əsasən təşkilat təmsilçiləri) müəyyən bir ideya ətrafında, könüllü şəkildə birləşərək çalışmalar həyata keçirirlər. Medianı bu siyahıya daxil etmək mübahisə doğura bilər. Çünki media təbliğatla, maarifləndirmə fəaliyyətləri ilə yanaşı həm də kommersiya qurumu olaraq öz mövcudluğunu davam etdirir. Eyni zamanda media ayrılıqda təqdim olunur, yəni dördüncü hakimiyyət olaraq tanımlanır.

Bunu “Xalq Cəbhəsi”nə Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun rəhbəri Mübariz Göyüşlü bildirib.

QHT sədrini fikrincə, lakin medianın, jurnalistlərin, xüsusən də son illərdə internet mediasının, sosial şəbəkələrin ictimai rəyə təsir gücünü nəzərə aldıqda, onun vətəndaş cəmiyyətinin formalaşmasına, ictimai nəzarətin təşkilinə verdiyi töhfələri göz önünə gətirdikdə jurnalistikasız normal cəmiyyət qurmağın mümkünsüzlüyünü deyə bilərik: “Bütün bu amilləri göz önünə gətirsək medianı da vətəndaş cəmiyyəti quruculuğunun, III sektorun aparıcı sahələrindən biri kimi qeyd edə bilərik. Vətəndaş cəmiyyətinə daxil olan təşkilatların, qrupların hüquqi dövlət quruculuğu, demokratik inkişaf, korrupsiyasız cəmiyyət, qanunun aliliyinin təmin olunması sahəsində çox ciddi töhfələr verməsi mümkündür. Bu baxımdan vətəndaş cəmiyyətinin inkişafı bütün dünyada aparıcı dövlətlərin əsas prioritetlərindən biridir. Azərbaycan da dünya birliyinin fəal üzvü kimi vətəndaş cəmiyyətinin, medianın inkişafına diqqət və qayğı göstərir. Çünki dövlət quruculuğu prosesi yalnız dövlət aparatında çalışan məmurların vasitəsilə deyil, həm də vətəndaş cəmiyyətinin peşəkar təmsilçilərinin, könüllülərinin fəaliyyətindən də çox asılıdır. Azərbaycanda bir sıra dövlət qurumları qrantlar verməklə, ictimai nəzarət prosesini gerçəkləşdirməklə, müxtəlif layihələrdə QHT-ləri əməkdaşlığa cəlb etməklə vətəndaş cəmiyyəti prosesinə töhfə verməyə çalışırlar. Ayrıca olaraq QHT-lərlə bağlı çalışan qurumların – hazırda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyi, əvvəl isə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının da fəaliyyətini qeyd etmək lazımdır. Belə bir format Azərbaycanda QHT sektorunun, vətəndaş cəmiyyətinin inkişafına müəyyən məqamlarda təkan verib. Lakin prosesin bizim istəklərimizə tam uyğun bir şəkildə getdiyini deməkdə müəyyən tərəddüdlərimiz var. Bir sıra dövlət qurumlarının qrant müsabiqələrində yol verdikləri ciddi pozuntular, nöqsanlar, ədalətsiz yanaşmalar, bəzi hallarda isə korrupsiya elementlərinin olması ilə bağlı şübhələr gözləntiləri, ümidləri tam doğrultmur. Belə hallara qarşı mübarizədə qətiyyətli olmaq lazımdır. Çünki bu cür hallar təkcə vətəndaş cəmiyyətinin deyil, bütövlükdə dövlətin inkişafını zəiflədir, ciddi problemlər yarada bilir. Bu amillərin aradan qaldırılması, keçmişdə yol verilmiş nqösanların təkrarlanmaması, yeni yanaşma üsul və metodlarının tətbiq edilməsi üçün Prezidentin köməkçisi, Prezident Admnistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin vətəndaş cəmiyyəti təmsilçiləri, media nümayəndələri ilə görüşlər keçirməsi, müzakirələr aparması bu sahədə canlanma yaratmışdı. Bu canlanmanı artırmaq, vətəndaş cəmiyyəti təmsilçilərinin bilik və bacarıqlarından dövlət quruculuğu prosesində daha düzgün şəkildə yararlana bilmək üçün aidiyyatı qurumların səmərəli çalışmalar həyata keçirməsi lazımdır”.

M.Göyüşlü qeyd edib ki, ictimai sektorun inkişafına ən çox töhfə verə biləcək qurumlardan biri QHT-lərə Dövlət Dəstəyi Agentliyidir. Qısa müddətdə yaranmasına baxmayaraq müxtəlif işlər həyata keçirən Agentlik bu sahədə tənzimləmələr həyata keçirməyə çalışır. QHT-lər arasında layihə müsabiqələrinin keçirilməsi, onlarla təşkil edilən görüşlər, regional müşavirə-məsləhətləşmələr bu qəbildən olan çalışmalardır. Bütün bu fəaliyyətləri vətəndaş cəmiyyətində daha yaxşı nəticələrin əldə edilməsi istiqamətində axatarışlar kimi də səciyyələndirmək olar: “Agentlik gələcək çalışmalarında, QHT-lərə münasibətlərdə müəyyən qaydalar tətbiq edə bilərsə daha faydalı nəticələr əldə oluna bilər. Belə ki, həm Agentlik, həm də digər dövlət orqanları, cavabdeh məmurlar fəaliyyət zamanı dövlət quruculuğu, dövlətçiliyə xidmət prosesində daha təcrübəli, ardıcıl çalışmaları ilə tanınan QHT-lərə, onların peşəkar nümayəndələrinə üstünlük verməlidir. Bu cür iş prinsipi QHT Agentliyinin də, digər dövlət qurumlarının da işinin daha sanballı qurulmasına gətirib çıxaracaq. Bunun üçün də QHT-lərlə, vətəndaş cəmiyyətinin peşəkar təmsilçiləri ilə bağlı sanballı məlumat bankının yaradılması lazımdır. Görülən və planlaşdırılan işlərdə ilk növbədə dövlət və cəmiyyət qarşısında xidmətləri olmuş QHT-lərin, onların təmsilçilərinin bilik və bacarıqlarından yararlanmaq lazımdır. Müzakirə və görüşlərə həmin sahəyə aidiyyatı olmayan, hər zaman hər yerdə görünməyi özünə vərdiş edən, şəkil çəkdirib sosial şəbəkələrdə bər-bəzəkli sözlərlə paylaşımlar edən QHT nümayəndələrini cəlb etməklə dövlət quruculuğunun çətin və məsuliyyətli missiyasını yerinə yetirmək mümkünsüzdür”.

QHT sədrinin fikrincə, dövlət və onun quruculuğu peşəkar yanaşmalar tələb edir. Aidiyyatı sahələr üzrə o işlərdə peşəkar kimi tanınanlar cəlb edilməlidir. Qeyri-peşəkarlar, hay-küyçülər, demaqogiya ilə məşğul olanlar orada ümumi işə ancaq zərər verə bilər. Belə önəmli məsələlərdə savadı, bacarığı, təcrübəsi, peşəkarlığı ilə seçilən şəxslərə, təşkilatlara xüsusi diqqət ayrılmalıdır: “Yanlış yanaşmalar tətbiq edən Prezident Admnistarsiyasının yüksək rütbəli bəzi dövlət məmurları, onlarla işbirliyində olan şəxslər buna görə vəzifələrdən azad olundular. Bəziləri haqqında cinayət işi başladıldı, bəziləri isə həbs edildilər. Keçmişdən gələn acı təcrübə bizlərə dərs olmalı və yeni yanaşmalarla yola davam etməliyik. Prezident İlham Əliyev də vətəndaşları, təşkilatları ictimai nəzarətə çağıranda məhz yeni yanaşmaları, peşəkarlıq amillərini nəzərdə tutur. Dövlət başçısının çağırışlarını da düzgün qiymətləndirmək lazımdır. Dövlət qurumlarına ictimai nəzarət üçün yaradılan şuraların əksər hallarda öz funksiyasını yerinə yetirə bilməməsi, yaxud da yetirməməsi ali siyasi rəhbərliyin çağırışlarının düzgün icra edilməməsidir. İctimai Şura və onun üzvləri nazirdən, komitə sədrindən, icra başçısından özü üçün imtiyaz, layihə, korporativ maraqlarının təmin edilməsi istiqamətində çalışmamalıdır. Bu həmin qurumu nazirliyin lazımsız bir şöbəsinə çevririr. Nəticədə cəmiyyət haqlı olaraq ictimai şuralardan narazı qalır. İctimai şuralar və onların təmsilçiləri də etimadı itirdikləri üçün nə əhali, nə də nəzarəti təşkil etməli olduqları qurumun rəhbərliyi arasında təsir gücünə sahib ola bilmirlər. Vətəndaş cəmiyyətinin inkişafında müstəsna rola malik olan medianı, jurnalistləri xüsusi qeyd etməliyik. Bu sahədə tənzimləmə yaratmaq üçün MEDİA Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası çalışmalar edirlər. Yeni qəbul edilmiş “Media hqqında” qanun da bu proseslərə dəstək olur. Agentliyin KİV-ə Dəstək Fondunun fəaliyyətində törətdiyi acı təcrübələrdən imtina edərək yeni yanaşmalar ortaya qoymaq üçün cəhdlər göstərməsi təqdirediləndir. Lakin medianın, internetin, sosial şəbəkələrin başgicəlləndirici sürətlə inkişafı bu sahədə tətbiq olunan yenilikləri artırmağı, müasir çağırışlara cavab verən fəaliyyətləri daha geniş tətbiq etməyi tələb edir. MEDİA Agentliyinin, digər aidiyyatı media qurumlarının bunları nəzərə alması lazımdır. Peşəkar yanaşması, peşəkar məsləhəti vətəndaş quruculuğu istiqamətində daha çox tətbiq edilərsə bundan ancaq dövlət və vətəndaş qazanar. 30 illik problemini 44 günə həll edən dövlətin məmurları, vətəndaş cəmiyyəti nümayəndələri bu amilləri nəzərə almalı, bundan sonrakı çalışmalarında daha sanballı fəaliyyətlər ortaya qoymalıdır”.

Cavid