İnsan hüquqlarının müdafiəsi sahəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq Layihə

İnsan hüquqlarının müdafiəsi sahəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq

II yazı

Azərbaycan Respublukasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2013-cü il üzrə illik məruzəsində bildirilir ki, Müvəkkilin istintaqın qeyri-obyektiv aparılmasına dair daxil olmuş bir sıra digər şikayətlər üzrə də Baş Prokurorluğa müraciətləri ilə bağlı müvafiq yoxlamalar aparılıb: "İşin əməli və düzgün təşkili, o cümlədən istintaqın və ibtidai araşdırmaya prossessual rəhbərliyin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə baxılması və onların qəbul olunması işinin daha da təkmilləşdirilməsi, aşkarlığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi prokurorluq orqanları tərəfindən insan hüquqlarının və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Müvəkkil təsisatı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri davam etdirilib, icbari təlim kurslarının məşğələlərində dinləyicilər qarşısında mütəmadi olaraq, Müvəkkil və aparatın əməkdaşları "Milli Fəaliyyət Proqramının insan hüquqlarının müdafiəsində rolu", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində Ombudsmanın rolu" və "Ombudsman institutu insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir" kimi mövzularda mühazirələr oxuyublar. Müvəkkilin ünvanına daxil olmuş bəzi şikayətlərdə notariat və icra məmurlarının, habelə bələdiyyələrin fəaliyyətindən narazılıq, o cümlədən vətəndaşa məxsus torpaq sahəsinin və ya onun bir hissəsinin başqa çəxsə satılması, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmaması, süründürməçilik halları da öz əksini tapıb. Qeyd edilən şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində bir sıra hallarda vətəndaşların pozulmuş hüquqları bərpa edilib.
2013-cü ildə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı Müvəkkilin ünvanına 697 müraciət daxil olub. Müraciətlərdə məhkəmə qərarlarının icra edilməməsi, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə kobud rəftar, etik davranış qaydalarının pozulması kimi hallar öz əksini tapıb. İcra məmurlarının qanunla onlara verilmiş səlahiyyətlərdən yetərincə istifadə etmədiyi, borclunun axtarışı ilə bağlı tədbirlər görmədən, işi icra edilmədən məhkəməyə qaytardığı hallar da hüquqların pozulmasına səbəb olub. Müraciətlər üzrə zəruri araşdırma işi aparılmış və əsasən həmin qərarların icrasına tam və ya qismən nail olunub, nəticədə bir çox vətəndaşların pozulmuş hüquqları bərpa edilib. Ümumiyyətlə, aliment və əmlak tələbinə, borcun qaytarılmasına dair məhkəmə qərarları üzrə icra işləri bu sahədə çoxluq təşkil edib. Övladını təkbaşına böyüdən anaların, habelə uşaqların hüquqlarının müdafiəsinə xüsusi önəm verən Müvəkkil hər bir şikayəti xüsusi nəzarətdə saxlamış və təmin edilməsi üzrə tədbirlər görülüb.
Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı daxil olmuş 268 müraciət üzrə aparılmış araşdırmalar nəticəsində bir çox hallarda aliment üzrə borcların ödənilməsi təmin edilib. Alimentin ödənilməsi üzrə müraciətlərin araşdırılması prosesində tələbin təmin edilməsi məqsədilə həmin tələb borclunun əmək haqqına yönəldilib və icra edilib".
Hesabatda daha sonra bildirilir: "Təhlillər göstərib ki, aliment tələbinə dair məhkəmə qərarlarının icrası bir sıra səbəblərdən təmin edilmir, nəticədə isə uşağını təkbaşına böyüdən tənha ana maddi-mənəvi çətinliklərlə üzləşir. Tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar edilməməsi, borclunun heç bir yerdə rəsmi işləməməsi, məcburi və ya ümumi səbəbdən ağır xəstəliklə əlaqədar müalicədə olması, cəzaçəkmə müəssisəsində cəza çəkməsi, faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi və ya tapılmaması, yaxud da ölkə hüdudlarından kənarda olması, həmçinin borclunun axtarılması üzrə tədbirlərin nəticə verməməsi aliment tələbi üzrə məhkəmə qərarlarının icra edilməsində çətinliklər törədir. Müvəkkilin bir sıra şikayətlərdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciətindən sonra bəzi məhkəmə qərarları üzrə borclular barəsində məcburi tədbirlər görülüb, o cümlədən borclu barədə axtarış haqqında qərar qəbul edilib, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb və ya inzibati qaydada həbs edilib.
Boşanmaların sayının artmasını, buna məruz qalan anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemləri nəzərə alaraq, Müvəkkil dəfələrlə "Aliment Fondu"nun yaradılmasını təklif edib. Müvəkkil bu məqsədlə alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə müvafiq mərkəzi icra hakimiyyəti orqanı (və ya dövlət büdcəsindən maliyyələşdirilən "Aliment Fondu") tərəfindən ödənilməsi mexanizminin yaradılmasını və tətbiq edilməsini zəruri hesab edib. Məhkəmə qərarlarının müvafiq borclu dövlət qurumları tərəfindən icra edilməməsi və ya icrasının gecikdirilməsi, icra məmurları tərəfindən vətəndaşlara qarşı kobud hərəkətlərə yol verilməsi halları da haqlı narazılıqlara səbəb olub.
Milli Fəaliyyət Proqramının respublikamızın regionlarında təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə ölkənin hər bir şəhər və rayonunda Müvəkkil tərəfindən keçirilən ictimai dinləmələr zamanı rayon (şəhər) polis şöbələrinin (idarələrinin) rəhbərliyi və şəxsi heyəti ilə görüşlər keçirilib, hüquqi maarifləndirmə işi aparılıb, bu sahədə Polis Akademiyası ilə əməkdaşlıq davam etdirilib. 2013-cü ildə polis orqanları ilə bağlı 1840 müraciət daxil olub. Həmin müraciətlər əsasən polis idarə və şöbələrinin təhqiqat və istintaq bölmələrində ibtidai araşdırmanın qeyri-obyektiv aparılması, müraciət hüququnun pozulması, polis əməkdaşlarının vətəndaşlarla münasibətdə kobud rəftara yol verməsi ilə bağlı olub.
Qeyd edilən müraciətlər üzrə daxili işlər orqanlarına ümumilikdə 521, o cümlədən Daxili İşlər Nazirliyinə və onun baş idarələrinə 347, onun tabeli və yerli orqanlarına 174 sorğu göndərilib, müvafiq yoxlama tapşırıqları verilib, araşdırmalar aparılıb. Bu müraciətlərin araşdırılması prosesində bir sıra hallarda polis orqanlarının müvafiq vəzifəli və səlahiyyətli şəxsləri tərəfindən əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarların qəbul edilməsi kimi hallar müəyyən edilib.
Müraciətlərdə polis orqanlarına müraciətlərin tam araşdırılmaması, qeyri-obyektivliyə yol verilməsi ilə bağlı halların yoxlanılması məqsədilə Müvəkkilin prokurorluq orqanlarına müraciətindən sonra aparılmış araşdırmalar zamanı bir sıra hallarda vətəndaşların şikayətləri üzrə toplanmış materialın tam, hərtərəfli və obyektiv araşdırılmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsassız qəbul edildiyi müəyyən edilib, müvafiq prokurorluq tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün polis orqanına göndərilib. Müvəkkilin həyata keçirdiyi yoxlamalar zamanı vətəndaşın eyni şikayəti ilə bağlı toplanmış təhqiqat materialı üzrə bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi müəyyən edilib. Təhqiqatçı və müstəntiq tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan qəbul edilmiş əsassız qərarlar vətəndaşların yuxarı orqanlara şikayətlərinə və süründürməçilik hallarına səbəb olub, bununla da fakta görə cinayət işi vaxtında başlanılmayıb.
Müvəkkilin prokurorluğa müraciətindən sonra material öyrənilib, toplanılmış material istintaq orqanına göndərilmiş və cinayət işi başlanılıb. Həmçinin şikayətlərdə göstərilmiş halların yoxlanılması məqsədilə Müvəkkilin prokurorluq orqanlarına müraciəti zamanı cinayət işi üzrə qəbul edilmiş qərarın əsaslılığı öyrənilərkən bəzən əlavə istintaq zamanı müstəntiq tərəfindən iş üzrə qəbul edilmiş müvafiq qərarda olan göstərişlərin tam icra olunmadığı müəyyən edildiyindən işin icraatına xitam verilməsi barədə müvafiq qərar ləğv olunaraq cinayət işi əlavə istintaq aparılması üçün istintaq orqanına qaytarılıb".
Yol hərəkəti qaydalarına və hərəkətin təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək, habelə vətəndaşların, o cümlədən sürücülərin təhlükəsiz və sərbəst hərəkətini təmin etmək polisin, xüsusilə dövlət yol polisinin əsas vəzifələrindəndir.
2013-cü il dövlət yol polisinin əməkdaşları ilə bağlı daxil olmuş 134 müraciətdə bəzi əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar halları, onlara qarşı qeyri-etik münasibət, qanun pozuntularına yol verilməsi, pozuntunun sənədləşdirilməməsi, rüşvət halları öz əksini tapıb və Müvəkkil tərəfindən bu müraciətlər üzrə müvafiq tədbirlər görülüb.
Müvəkkilin müraciətinə əsasən aparılmış araşdırmalar zamanı qanun pozuntularına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməyən, o cümlədən "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin tələblərini pozmuş, vətəndaşlara hörmətsizlik nümayiş etdirmiş, xidməti səlahiyyətlərini aşmış polis əməkdaşlarına, o cümlədən sürücülərlə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən əməkdaşlara qarşı intizam cəzaları da tətbiq edilib, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Müvəkkil tərəfindən həmin nazirliyə göndərilmiş 203 müraciətin araşdırılması nəticəsində təsdiq olunmuş faktlar üzrə vətəndaşlara qarşı qəbahətlərə yol verdiklərinə, kobud rəftara, polisə əsassız gətirməyə, qanunda nəzərdə tutulmuş müddətdən artıq polisdə saxlamaya və istintaq orqanına vaxtında təhvil verməməyə görə 25 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 4 əməkdaş daxili işlər orqanlarından xaric edilib, 4-ü tutduğu vəzifədən azad olunub, 17-si barədə isə digər intizam tənbehi tətbiq edilib.

Uğur