Prezidentin xəbərdarlıq mesajları: seçim etmələri üçün ermənilərə ayrılan vaxt bitir Layihə

Prezidentin xəbərdarlıq mesajları: seçim etmələri üçün ermənilərə ayrılan vaxt bitir

Prezident İlham Əliyev AZTV -yə müsahibəsində bir sıra vacib fikirlər səsləndirdirib. Dövlət başçısı Ermənistana və separatçılara konkret mesajlarını verib. Prezidentin çıxışında səslənən tezislərlə bağlı ekpertlər fikirlərini bölüşüblər...

Millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsahibəsində Ermənistana və bütövlükdə haylara yönəlik səsləndirdiyi fikirləri ikinci Qarabağ savaşından sonra edilən bəlkə də, sonuncu sülh xəbərdarlığı kimi qiymətləndirirəm: “Bəli, dövlət başçısının dedikləri özünün təkcə tonu yox, qətiyyətli konkretliyi ilə də sülhə çağırışdan çox sülh xəbərdarlığı idi. Yəni o demək idi ki, seçim etmələri üçün haylara ayrılan vaxt bitir.

Paradoksal görünəcək, amma, fikirmcə, edilən xəbərdarlığı Ermənistan baş nazirinə verilən bir dəstək kimi də qiymətləndirmək olar. O baxımdan ki, revanşizm haqqında düşünən, "bəlkə də qaytardılar" xülyasıyla yaşayan bütün haylara açıq, açıq olduğu qədər də qətiyyətli bir dillə çox yaxın perspektivdə üzləşəcəkləri iki reallıq çatdırıldı.

Qarabağdakı haylar orda qalıb yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tapınmalıdırlar, əks təqdirdə torpaqlarımızı tərk etməldirlər. Dirəniş göstərməyə qalxsalar, ən üzdə olan 3 separatçı ünsürləri- Köçəryan, Sərkisyan və Ohanyan sayaq “iti qovan kimi” qovacağıq. Bu “üçlüyün” indi Qarabağda burunlarının ucu belə görünürmü? Yox, görünmür və görünməyəcək”.

Millət vəkili əlavə edib ki, eyni taleni Moskvadakı son təlimatlandırılmadan sonra xeyli cəsarətlənmiş Araik Harutyunyanla başının dəstəsi də yaşayamalı olacaq: “Yəqin onlar Azərbaycan Prezidentinin Rusiyanın Qarabağdakı hərbi kontingentindən bəhs edərkən “müvəqqəti qaydada yerləşdirilmiş” sözlərininin nə anlam daşıdığını da bilməmiş deyillər.

Ermənistan Qarabağdakı hayların subyektliyini artırmaq üçün onları Azərbaycanla Rusiya, Fransa və ABŞ arasında geosiyasi sövdələşmə obyektinə çevirmək yönündə cəhdlərə son qoymazsa, nə baş verəcəyini də Prezidentimiz açıq şəkildə dilə gətirdi: “Bu gün Zəngəzur dağlarında dalğalanan Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”. Yəni guya ilanın əli ilə Seyid Əhmədi vurmağa çalışan Ermənistan düşmənçiliyini dayandırmasa, əlindən İran da tutmayacaq. Tutsa belə, bu, vəziyyəti dəyişməyəcək.

Ona görə dəyişməyəcək ki, Azərbaycan ordusu ikinci Qarabağ savaşı zamanı olduğundan Prezidentin dediyi kimi “indi qat-qat güclüdür”. Üstəlik, bu il büdcəyə ediləcəök düzəlişlər nəticəsində artırılacaq xərclərin önəmli bir hissəsi ordunun daha da gücləndirilməsinə yönəldiləcək. Yəni təkcə hayrlara yox, onlardan Azərbaycana qarşı təzyiq aləti kimi faydalanmağa çalışanlara da pozuculuq əməllərini davam etdirmələri üçün “münbit zəmin” buraxılmır.

Prezidentimizin xəbərdarlığı səsləndirilən gün Ermənistan baş nazirinin özünə xas bəzi sərsəmləmələrə yol versə də, sülh göyərçini kimi görünmək cəhdləri artıq manevr imkanlarının qalmadığını deyəsən onun da anladığını göstərir. Parlamentdəki çıxışı zamanı Paşinyanın səsləndirdiyi bu sözlər hər halda belə düşünməyə əsas verir: “Heç kim bizim öz gücümüzü başqalarına qarşı yönəldib ölkəmizin sərhədlərini genişləndirməyimizlə barışmayacaq. Əks təqdirdə başqalarının gündəmində nəinki ölkəmizin inkişafının yolunu kəsmək, dövlət kimi var olmağımızın qarşısını almaq duracaq. Belə bir vəziyytdə bizə kimsə kömək etməyəcək. Bu, nəzəriyyə deyil, mən reallıqdan danışıram”.

Mümkündür ki, Paşinyan Makron, yaxud da başqa biri ilə telefon danışığından sonra yenə reallıq hissini itirsin. Ancaq son müsahibəindən də göründüyü kimi cənab İlham Əliyev bu məsələdə yetərincə nikbindir. Nikbinliyi isə ondan irəli gəlir ki, keçən ilin oktyabr ayında "Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib”.

Bununla yanaşı regionda real sülhün yaranması, ölkəsini, eləcə də xalqını üzləşə biləcəkləri fəlakətdən qurtarmaq üçün Paşinyan Prezidentimizin növbəti tələbini də yerinə yetirməlidir: “Əgər “A” deyibsə, “B” də deməlidir. “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”.

Beləliklə, Salyanda “ASAN xidmət” mərkəzinin qarşısında verdiyi müsahibədə Azərbaycan Prezidenti Qarabağdakı haylarla ermənistadakılara düşdükləri vəziyyətdən çıxmağın ən ağrısız və asan yolu göstərdi, indi artıq ona əməl etmək qalır”.

Siyasi şərhçi Asif Nərimanlı isə diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Xankəndiyə açıq mətnlə mesaj göndərdi: “Separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Həmçinin onları “təlxəklər toplusu” elan etdi. Tanış mənzərədir. 44 günlük müharibədə Paşinyanla eyni tonda danışan Əliyevin indi separatçılara verdiyi ad ritorika yox, atılacaq addımların anonsu hesab oluna bilər.

Prezidentin bundan öncə də belə mesajları olub, lakin mövcud vəziyyət fonunda indi dediklərini fərqli oxuya bilərik: son əməliyyatlardan sonra separatçıların xarici aləmlə nəzarətsiz bağlantısı qalmayıb və özləri bildirirlər ki, Bakı onlara “ya reinteqrasiya prosesi ilə razılaşmaq, ya da daha çox çətinlik” şərtini elan edib. İlham Əliyevin “Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar”,- sözləri də bunu təsdiq edir”.

A.Nərimanlı əlavə edib ki, Azərbaycan Xocalı görüşü, ardınca iki dəfə Bakıda görüş təklifi ilə reinteqrasiyanın alternativinin olmadığını fikrini formalaşdırdı, xüsusilə təmasların qurulmasını istəyən Qərb qarşısında, həm də erməni əhalisi ilə separatçıların eyni olmadığını nümayiş etdirdi: “Araikin “Qərbdən verilən dəstək böyük ölçüdə azalıb” sözləri bu kontekstdə təsadüfi deyil və bu o deməkdir ki, təmasları dəstəkləyən qüvvələr buna əngəl olanların neytrallaşdırılmasından yanadır. Bu, Bakının önünü açır.

Bunun fonunda Rusiyanın Lavrovun Ankara səfərində adlandırdığı “kənar qüvvələrə” qarşı Türkiyə ilə birləşmək istəyi də Bakının əlini gücləndirən məqamdır. Moskva bölgədə qalmaq üçün Qarabağ kartından istifadə etmək siyasətindən əl çəkməsə də, şərtlər geri çəkilməsi reallığını yaradıb.

Separatçıların yolu praktiki və siyasi baxımdan bağlanıb. Onların Bakıya “görüş təklifi” həm də düşdükləri vəziyyətdən çıxmaq məqsədi daşıyırdı. Bakı buna cavab verməyib. Mümkündür ki, sonuncu dəfə “Bakıda görüşmək və reinteqrasiyanı müzakirə etmək” təklifini elan edəcək. Ardınca həm hərbi, həm də separatçılar üçün şərtlərin ağırlaşdırılması müstəvisində praktiki addımların atılmasına başlanacaq.

Qərb və Rusiya masasında planlaşdırılan mümkün görüşdən öncə Əliyevin verdiyi mesaj Bakının Xankəndi məsələsini – separatçıların neytrallaşdırılmasını masaya gətirəcəyi gözləntisini də önə çıxarır.

Bunu şərti olaraq, “Xankəndi əməliyyatı” adlandıra bilərik. Bu əməliyyatda diplomatik, siyasi və iqtisadi rıçaqlar həlledici rol oynayacaq”.

Əli