QHT-KİV münasibətləri Layihə

QHT-KİV münasibətləri

QHT-lərin ənənəvi mediadan istifadə imkanları sahəsində ciddi problemlər mövcuddur

Son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının, eləcə də söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi media da yeni yanaşmaların olmasını tələb edir. Qəzet, radio və televiziyanı özündə ehtiva edən ənənəvi media vasitələrinin elektron-internet resursları və sosial şəbəkələrdən ibarət "yeni media" və ya sosial mediaya keçid qeyd olunan transformasiyanın əsasını təşkil edir.
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılının bildirdiyinə görə, bu gün dünyada "yeni media" anlayışının müxtəlif izahlarına rast gəlmək olur. Bir qrup ekspert bura bütün rəqəmsal və elektron informasiya ötürücülərini - elektron qəzetləri, radio və televiziyaları daxil edirsə, digər qrup mütəxəssislər yeni medianın bəşəriyyəti bir araya gətirən və onu vahid topluya çevirən sosial şəbəkələrdən ibarət olduğunu söyləyir. ABŞ-ın Sirakyus Universiteti nəzdində ictimaiyyətlə əlaqələr Nyuxaus məktəbinin yeni media sahəsi üzrə baş məsləhətçisi Vin Krosbinin sözlərinə görə, əgər mass media "təkin çoxluğa" təsiridirsə, yeni media "çoxluğun çoxluğa" qarşılıqlı təsiridir. Burada istənilən informasiyanın qarşılıqlı rəyi və cavab reaksiyası vardır (interaktivlik). Tədqiqatçılar hesab edir ki, kütləvi informasiya vasitələri erasının sonu yaxınlaşır, hazırda dünya Fərdi İnformasiya Vasitələri erasına qədəm qoyub. İnformasiya fərdi ötürülür və fərdi olaraq qəbul edilir.
Qeyd edə bilərik ki, son illərdə ictimai əlaqələrdə əsas PR və reklam vasitəsi kimi genişlənən sosial medianın imkanlarından istər özəl sektor, biznes qurumları, istərsə də dövlət qurumları, siyasətçilər və başqa maraqlı tərəflər fəal şəkildə istifadə etməkdədirlər. Bəs baxaq görək bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lər bu imkanlardan necə istifadə edir?
Ekspertin fikrincə, bu məsələnin gündəmə gətirilməsində əsas məqsəd ölkədəki QHT-lərin ictimaiyyətlə əlaqələrdə sosial media ilə bağlı ümumi işinin keyfiyyətini qiymətləndirməkdir: "Tədqiqat zamanı Azərbaycanda fəaliyyət göstərən QHT-lər ənənəvi media və sosial şəbəkələrlə işləri haqqında ümumi araşdırma aparılıb. Ümumiyyətlə, araşdırmalar zamanı məlum olub ki, QHT-lərdən çox az bir qisminin ictimaiyyətlə əlaqələrlə məşğul olan tam, yaxud yarım ştat heyəti var. Bir sıra QHT-lər isə ictimaiyyətlə əlaqələr strategiyasını həyata keçirmək üçün ya könüllülərin, ya da sədrin xidmətlərindən istifadə edirlər.
İlk öncə Azərbaycan QHT-lərinin ənənəvi mediadan istifadə imkanlarına qısaca nəzər salaq. Bu sahədə ciddi problemlər mövcuddur. QHT nümayəndələri medianın, xüsusilə də KİV-in QHT-lərin təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından və məlumatların yayımlanması müqabilində maliyyə ummalarından gileylənirlər. Ənənəvi media mümayəndələri isə QHT-lərdən gələn press-relizlərin qeyri-peşəkar hazırlandığını, məlumatlarda xeyli səhvə yol verildiyini qeyd edirlər.
Araşdırmalar zamanı o da məlum olub ki, QHT-lərin öz fəaliyyətləri haqqında milli və Azərbaycanın bəzi bölgələrində yerli səviyyədə yayımlanan televiziya kanalları vasitəsilə də informasiya yaymaq imkanı var. QHT-lər tərəfindən ən az istifadə olunan media vasitəsi radio proqramlarıdır. Hər il orta hesabla hər bir təşkilat bir radio proqramında yayımdan istifadə edir.
İndi isə milli QHT-lərin sosial mediadakı fəaliyyətlərini izləyək. Araşdırmalar zamanı QHT-lərin veb saytları, Facebook, Twitter, Youtube kimi sosial şəbəkələrdəki qrupları, səhifələri təhlil olunub. Qeyd edək ki, bir neçə il əvvələ qədər öz fəaliyyətləri barədə məlumatları paylaşmaq üçün QHT-lər e-mail qrupları kimi qeyri-ənənəvi media vasitələrindən istifadə etsələr də bu gün həmin qruplar fəaliyyət göstərmir və onlar tarixə çevriliblər. Bu gün bir çox fəal QHT-lərin öz maliyyə imkanları və ya donor təşkilatları hesabına yaratdıqları veb saytlar mövcuddur. Amma bu saytları bəzilərində QHT-nin fəaliyyəti ilə bağlı məlumatlar yenilənmir. Digər bir məsələ isə bəzi QHT saytlarının sosial şəbəkələrə inteqrasiya olunmamasıdır ki, belə saytlar uğursuzlua məhkumdur. Bu səbəbdən hər bir QHT-nin saytı sosial şəbəkələrin inteqrasiya xidmətlərinə bağlı olmalıdır ki, saytın əhatə dairəsi sosial şəbəkələrin imkanları hesabına genişləndirilsin. Təssüflə qeyd edək ki, Azərbaycanının əksər fəal QHT-lər veb saytları olsa da, bu sayt da sosial şəbəkələrin xidmətlərindəi istifadə etmir.
Bəzi QHT-lərin veb saytı olmasa da, onlar sosial şəbəkələrin xidmətlərində fəal surətdə istifadə edir, öz layihələri, tədbirləri haqqında məlumatları orada yayırlar. Bəzi QHT-lər öz fərdi səhifələrini yaradaraq fəaliyyətləri haqqında informasiyaları həmin səhifələrində istifadəçilərlə paylaşırlar.
Sosial şəbəklərdə gənclərin təmsil olunduqları QHT-lər daha fəaldır. Sosial şəbəkələr arasında istifadəçi QHT-lər daha çox Facebook sosial şəbəkəsinin xidmətlərindən yararlanırlar. Bundan başqa Facebook sosial şəbəkəsində müxtəlif QHT-ləri özündə birləşdirən QHT Əməkdaşlıq Alayınsı (13000 üzv), III Sektor (870 üzv), QHT-Dostlar (1200 üzv), QHT-Xəbərlər (2220 üzv), Gənclər üçün Təhsil Mərkəzi (755 üzv) və s. kimi qruplar da aktiv fəaliyyət göstərir. Bu qruplarda əsasən QHT-lərin fəaliyyəti haqqında məlumatlar yayılsa da, bəzi hallarda bəzi QHT nümayəndələri qrupun məqsəd və vəzifələrinə aid olmayan informasiyalar da paylaşırlar ki, bunu da nöqsan kimi qeyd edə bilərik. Tvitter sosial şəbəkəsindən isə QHT-lər az şəkildə istifadə edirlər. Düşünürük ki, QHT-lərin sosial mediadan PR məqsədi ilə istifadə etməsi onların ənənəvi media ilə yuxarda göstərdiyimiz problemlərinin həllinə də müsbət təsir göstərmiş olar. Nəticə olaraq deyə bilərik ki, QHT-lərin ənənəvi mediaya çıxışında problemlərə baxmayaraq bir çox QHT-lərin sosial mediaya çıxış imkanı var. QHT-lərin əksəriyyəti internet əsaslı media vasitələrindən (vebsayt, Facebook, Twitter, yaxud email qrupları) istifadə etməklə, ictimayyətlə əlaqələrini əsaslı şəkildə genişləndirə bilər. Bu vasitələrin istifadəsi ilk növbədə böyük vəsait tələb etmir. Bundan əlavə, ölkədə internet istifadəçilərinin, həmçinin sosial şəbəkə saytlarında üzvlərin sayı davamlı olaraq artır".
Dövlət müstəqilliyimizin ilk illərində formalaşmağa başlayan müasir vətəndaş cəmiyyəti ziddiyyətlərlə dolu ictimai, sosial, mənəvi və digər prosesləri demək olar ki, arxada qoyub. Vətəndaş cəmiyyətinin əsas strukturlarını təşkil edən kütləvi informasiya vasitələrinin (KİV) və qeyri-hökumət təşkilatlarının (QHT) yaranması, formalaşması, eləcə də onlar arasındakı münasibətlər sahəsində görülən işlər, meydana çıxan problemlərin aradan qaldırılması bütövlükdə cəmiyyətin və dövlətin inkişafına xidmət edir.
Vətəndaş cəmiyyəti sektorunda baş verən proseslərin müşahidəsi göstərir ki, digər ictimai münasibətlərlə müqayisədə QHT-KİV əlaqələri nisbətən inkişaf edib. Lakin QHT-KİV arasında müxtəlif iş birlikləri qurulusa da, bu əlaqələrdə hələ də müəyyən problemlər var. Bir sıra QHT rəhbərləri isə bu sahədə müəyyən dinamikanın olduğu fikrindədir. QHT layihələrinin təqdimatında, görülən işlər haqqında cəmiyyətə informasiya ötürülməsində - bütün bu məsələlərin işıqlandırılmasında KİV-in xüsusi rolu olduğunu qeyd edirlər. Amma maliyyə imkanlarının zəif olması, peşəkarlığın istənilən səviyyədə olmaması bu sahəni hərtərəfli əhatə etməyə imkan vermir.
QHT-KİV münasibətlərinə nəzər salanda ilk öncə onu qeyd etmək lazımdır ki, burada qazanan və itirən hər iki tərəfdir. Əlaqələrin genişlənməsində və inkişafında həm QHT-lər, həm də KİV maraqlı olmalıdır. Vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, KİV və QHT əlaqələrinin yüksək səviyyədə olduğu dövlətlərdə demokratik dəyərlərə də ciddi riayət olunur: "Bizim cəmiyyətdə isə bu sahədə bəzi çatışmazlıqlar hələ də özünü göstərməkdədir. Bunlardan birincisi QHT jurnalistikasının istənilən səviyyədə olmamasıdır. Bu gün QHT jurnalistikasından çox danışılsa da, bu anlayış vətəndaş cəmiyyəti üçün o qədər də aydın deyil. Bu səbəbdən ictimai təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər mətbuatda yetərincə işıqlandırılmır. Xarici mediada artıq illərdi mövcud olan QHT jurnalistikasının Azərbaycanda da yaranması və formalaşması əhəmiyyətli və faydalı olardı. Paralel olaraq, üçüncü sektorun təmsilçilərinin ictimaiyyətlə əlaqələri düzgün qurmaması da cəmiyyətdə QHT-lər barədə informasiya kasadlığına gətirib çıxarır".
Ekspertin fikrincə, ümumiyyətlə, bu gün QHT-KİV münasibətlərini qənaətbəxş hesab etmək olmaz. Son illərdə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə üçüncü sektorun inkişafında medianın rolunun artırılması istiqamətində yetərincə konkret planlarını açıqlayıb və həmin sahədə işlər görməkdədir: "Ekspertlərin də araşdırmalarına görə ölkədəki qeyri-hökumət təşkilatlarının yerinə yetirdiyi layihələrin icra prosesinin mediada işıqlandırılması, onların ictimai sektorun digər institutları ilə əməkdaşlığı, əfsuslar olsun ki, hələ də normal səviyyədə deyil. Onların fikrincə, problemin həllində QHT fəaliyyətini işıqlandıran jurnalist şəbəkəsi mühüm rol oynaya bilər. Bu şəbəkə QHT-KİV əməkdaşlığının daha da inkişaf etməsinə öz töhfəsini verə biləcək və QHT-lər haqqında cəmiyyətin obyektiv informasiya ala biləcəyi vasitə ola bilər. Bu gün bu istiqamətdə fəaliyyətin qurulmasına və inkişaf etdirilməsinə çox ciddi ehtiyac duyulur, çünki qeyri-hökumət təşkilatlarının fəaliyyəti barədə cəmiyyətdə hələ də tam bilgi yoxdur. Bilgisizlik isə QHT-lər, xüsusilə də ölkədə demokratik dəyərlərdən tutmuş, iqtisadi yüksəlişə qədər bir çox məqsədlər uğrunda çalışan ictimai təşkilatlar barədə yanlış təsəvvürlər, iddia və gümanların yaranmasına səbəb olur. Tədqiqatlar göstərir ki, KİV və QHT təmsilçiləri bu məsələdə bir-birilərini ittiham edirlər. QHT-KİV münasibətlərinin inkişafına mane olan məqamları və bundan çıxış yolları təhlil olunmalıdır".

Cavid