Mədəniyyətlərarası dialoqun təşkilində Azərbaycan nümunəsi Layihə

Mədəniyyətlərarası dialoqun təşkilində Azərbaycan nümunəsi

Bəşər tarixinə nəzər salsaq görərik ki, dialoq ibtidai icma quruluşundan başlayaraq insanların həyatına bu və ya digər dərəcədə nüfuz edib. Cəmiyyətdə qarşılıqlı anlaşmanın və ya əksinə, ziddiyyətlərin yaranmasında dialoqdan lazımınca istifadə edilib-edilməməyi onun sonrakı inkişafına mühüm təsir göstərib. Çox uzağa getməyək. Tək bir insanın hiss və duyğularını başqaları ilə bölüşmək imkanı onun fiziki və əqli sağlamlığının mühüm amillərindən biridir. Deməli, iqlimi, coğrafi ərazisi rəngarəng olan Yer planetinin ayrı-ayrı ərazilərində məskunlaşmış xalqların ünsiyyəti qarşılıqlı anlaşmanı, əmin-amanlığı və bütövlükdə cəmiyyətin mövcudluğunu şərtləndirir. Təsadüfi deyildir ki, qədim yunan filosofları Sokrat, Aristotel, Platon və başqalarının mülahizələrində dialoq məkanında mənəvi mədəniyyət, fikir müxtəlifliyi, ümumbəşəri prinsiplərin tanınması və s. əsas götürülmüş və bu istiqamətdə fikirlər indiyədək yürüdülməkdədir.
Deməli, cəmiyyətin həyatında vacib birgəyaşama fəlsəfəsi var. Belə meyllər bəzən qloballaşma, bəzən inteqrasiya adlandırılır, bəzən isə, ümumiyyətlə, bu tendensiyaların heç biri qəbul edilmir. Lakin necə adlandırılmasından asılı olmayaraq bizdən asılı olmayaraq bu, qaçılmaz prosesdir. Artıq elə bir vəziyyət yaranıb ki, dünyanın gələcəyi mədəniyyətlərarası münasibətlərdən sayılan dialoq bu gün də qlobal mühitdə üstünlüyünü saxlamaqdadır. Biz bu gün elə bir dövrdə yaşayırıq ki, artıq millətlərin və xalqların həyat və yaşam fəlsəfəsi mədəniyyətlərin və geniş coğrafi ərazidə yaşayan xalqlardan asılıdır. Xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar.
Belə bir situasiyada son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu gün real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.
Bu gün sabahından nigaran qaldığımız və təlatümlü dünyamızda baş verən ağlasığmaz prosesləri, xüsusilə sivilizasiyalar və mədəniyyətlər arasında heç də rəvan olmayan, əksinə, gündən-günə gərginləşib düşmənçilik həddinə çatan münasibətləri dərin həyəcan və narahatçılıqla izlədikcə kəskin problemin yoluna qoyulması üçün təkcə dahi rus yazıçısı Fyodor Dostoyevskinin təxminən 150 il bundan əvvəl dediyi və hər zaman aktual səslənən "dünyanı gözəllik xilas edəcəkdir" müdrik kəlamının kifayət etmədiyi qənaətinə gələnləri haqlı saymaya bilmirsən. Axı, belə götürəndə, dünyamız zahirən gündən-günə gözəlləşir, necə deyərlər, kosmosu fəth edən, sürətli internet vasitəsilə planetin bu başından o başına ölçüyəgəlməz məsafəni bir göz qırpımında fəth edən insanlar nədən öz aralarında dil tapmaqda bu dərəcədə çətinlik çəkirlər? Sual ritorik olduğu qədər də düşündürücüdür. Şübhəsiz, problem hazırda planetimizin mütərəqqi fikirli, Yer kürəsinin bu günü və sabahı üçün məsuliyyətini dərk edən insanları ciddi narahat etməyə bilməz.
Bu narahatlığı bölüşən insanlar belə qəti qərara gəlirlər ki, mədəniyyətlərarası dialoq yaşadığımız dünyada qlobal səviyyədə özünü daha qabarıq şəkildə büruzə verən ən təxirəsalınmaz vəzifələrdən biridir. Bunu son illərdə mövzu ilə bağlı Azərbaycan paytaxtında keçirilmiş rəngarəng tədbirlər və müvafiq təşkilatların müəyyən etdiyi iş həcmi də təsdiqləyir. 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilən Avropa və qonşu regionların mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidentinin nitqində irəli sürülən və müxtəlif mədəniyyətlər, sivilizasiyalar arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan "Bakı Prosesi" təşəbbüsünün məntiqi davamı olaraq 2011-ci ilin aprelin 7-9-da paytaxtımızda reallaşan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu narahatlıqdan qaynaqlanır. Möhtəşəm tədbirin keçirilməsinə qədər isə qlobal dünyanın problemlərinin həllinə böyük enerji və coşqunluqla qatılan dövlətimizin başçısının dəqiq və düzgün siyasi addımları və məntiqi mülahizələri beynəlxalq mühitdə lazımınca dəstəklənmişdir. Təsadüfi deyildir ki, 2009-cu il oktyabrın 13-dən 15-dək Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda keçirilmiş "dəyirmi masa"da "Bakı Prosesi - sivilizasiyalar arasında dialoqa yeni çağırış" adlı rəsmi sənəd qəbul edilib. Həmçinin TÜRKSOY-un Daimi Şurasının 2009-cu il oktyabrın 16-17-də Bakıda keçirilmiş 26-cı toplantısında qəbul olunmuş sənədlərdə də Azərbaycan Prezidentinin irəli sürdüyü "Bakı Prosesi"nin davam etdirilməsinin vacibliyi əksini tapıb. Nəhayət, 2010-cu il mayın 20-də Bakıda UNESCO-nun "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya"sının təqdimat mərasimində 2011-ci ilin aprelində "Bakı Prosesi"nin davamı olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun keçirilib.
Sonuncunun - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilmə məkanının yekdilliklə Azərbaycan paytaxtının seçilməsi qərarı isə təkcə ölkəmizin geosiyasi əhəmiyyəti ilə deyil, həm də, yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant məkan, ən nəhayət, ilkin bəşər mədəniyyətinin təşəkkül tapdığı ərazilərdən biri olması ilə bağlıdır.
Zəngin tarixi keçmişi olan bu nadir coğrafi məkan həm də bəşər sivilizasiyasının beşiyi sayılan ərazilərdən biri kimi tanınır. Dünya tarixində "Azıxantrop" adı ilə yer almış ən qədim insan qalıqlarından birinin ölkəmizin ərazisindən tapılması faktı Azərbaycanın bəşər sivilizasiyasının məskənlərindən olmasını bir daha təsdiqləmişdir. Eyni zamanda, Azərbaycan bütün tarixi dövrlərdə dünya mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə layiqli töhfələr vermiş məkan kimi də məşhurdur.
Bu günümüzə gəldikdə isə demək olar ki, tarix boyu beynəlmiləlçiliyi və tolerantlığı ilə seçilən Azərbaycan müasir mərhələdə müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır. Qürur hissi ilə deyə bilərik ki, Qoca Şərqin qapısı sayılan Azərbaycan bu gün sürətlə planetimizin mədəni həyatının mərkəzinə çevrilməkdədir. Belə bir qəti qənaətə gəlməyə tam əsas vardır. Ən azı ona görə ki, Azərbaycan Prezidentnin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə 2010-cu ilin aprelin 7-dən 9-dək Bakının "Gülüstan" sarayında keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri təşəbbüs və dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olub. O aprel günlərində dünyanın beş qitəsindən müxtəlif sivilizasiyaların və mədəniyyətlərin Foruma qatılmış nümayəndələri Azərbaycanın özəlliklərindən, xalqımızın bəşər mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıb.
Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlmişdir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna strateji nəticələr kontekstində yanaşsaq, Bakı Forumu artıq mədəniyyətlərarası məclis kimi dünya miqyaslı brend kimi səslənir. Davos Forumu iqtisadi məsələlərin müzakirəsi üçün brendə çevrildiyi kimi, Bakı Forumu da mədəniyyətlərarası dialoq, sülh, əməkdaşlıq, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılması və s. bu kimi məsələlərin müzakirəsi üçün qlobal brend statusu qazanmaqdadır. Bu uğurlar təsadüfi deyildir. Əgər bir təşəbbüsün arxasında ölkə rəhbərliyi səviyyəsində siyasi iradə və dəstək varsa, deməli, bu, Azərbaycan dövlətinin və onun Prezidentinin dünyada sülh və dialoqa olan sadiqliyini nümayiş etdirən siyasətin təzahürüdür.
Məlum olduğu kimi, Azərbaycanın belə bir möhtəşəm tədbirə uğurla ev sahibliyi etməsi və Forumun müvəffəqiyyətlə başa çatmasının məntiqi davamı olaraq Prezidenti "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə" 2011-ci il 27 may tarixli Fərman imzalanmış və beləliklə, ölkəmizdə yeni bir ənənənin əsası qoyulmuşdur. Sənədə əsasən, 2011-ci ildən başlayaraq hər iki ildən bir təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır.
Heç şübhə yoxdur ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal layihənin növbəti dəfə Azərbaycanda reallaşması, başqa sözlə, ölkəmizin mədəniyyətlərarası dialoq brendinə sahib olması ilə torpaqlarımızın 20 faizini işğal etməklə dünyada özünəməxsus işğalçı obrazı yaradan Ermənistanı bu dünyəvi humanitar prosesdən bir daha təcrid edib. Bununla yanaşı, Azərbaycan həqiqətləri bir daha dünyaya bu kontekstdə təqdim etməklə beynəlxalq ictimaiyyəti hadisələrə konstruktiv yanaşmaya və ən əsası dünya dövlətlərini sivilizasiyalararası dialoq və anlaşmaya dəstək verməyə dəvət edib.
Cavid