Azərbaycanda etnolinqvistik proseslər Layihə

Azərbaycanda etnolinqvistik proseslər

Bu yazıda Azərbaycanda etnolinqvistik proseslər araşdırılır, müxtəlif dillərin təsnifatı verilir. Filologiya üzrə fəlsəfə doktoru Təranə Xəlilova hesab edir ki, azərbaycanlılar Qafqaz regionunda say etibarilə yerli xalqlar arasında birinci, ümumilikdə isə ruslardan sonra ikinci yerdə dururlar. Azərbaycanlılar Azərbaycan Respublikasında, Gürcüstanda, Mərkəzi Asiya və Qazaxıstanda, Rusiyada, Türkiyədə yaşayırlar. Dünyada hazırda 50 milyondan çox azərbaycanlı yaşayır. Azərbaycanda azərbaycanlılarla yanaşı etnik qruplar: ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar, ukrainlər, belaruslar və b. yaşayırlar. Azərbaycanda subetnoslar - еtnоqrаfik qruplаr da yaşayır: ayrımlar, padarlar, şahsevənlər və s. bu cür subetnoslara aiddir. Bu subetnosların dili Azərbaycan dilidir. Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil аiləsinin İrаn budаğınа аiddir. Qafqaz dilli xalqlar isə ləzgilər, avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar, yengiloylardır ki, bunlar da başlıca olaraq Azərbaycanın şimal-şərq və şimal-qərb rayonlarında məskunlaşıblar: "Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların dilləri, əsasən, dörd böyük dil ailəsinə - türk, Şimali Qafqaz, hind-Avropa və kartvel dil ailələrinə mənsub olsalar da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin tam əksəriyyəti məhz bu dildə danışır. Müasir Azərbaycan dili 1-ci minilliyin əvvəllərindən indiki Azərbaycan ərazisində məskunlaşmağa başlamış türk mənşəli tayfaların dilləri əsasında, uzun tarixi inkişaf prosesinin gedişində formalaşıb.
Şimali Qafqaz dilləri Azərbaycan ərazisində ləzgi, avar, saxur, udi, xınalıq, buduq və qrız dilləri ilə təmsil olunub. Bu dillər başlıca olaraq ölkənin şimal-şərq rayonlarında yayılıb. Azərbaycan ərazisində daşıyıcılarının sayına görə Şimali Qafqaz dilləri içərisində geniş yayılanı ləzgi dilidir. Ləzgi dili Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi yarımqrupuna daxildir. Şimali Qafqaz dil ailəsinin ləzgi yarımqrupuna udi dili də aid edilir (bu dilin ləzgi yarımqrupuna mənsubluğu elmdə mübahisəlidir). Hazırda udilər Qəbələ rayonunun Nic kəndində və Oğuz rayon mərkəzində məskunlaşıblar. Azərbaycan ərazisində Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna saxur dili də daxildir. Saxurlar 3 rayonun - Qax (Qum və Sarıbaş kəndləri), Zaqatala (Yeni Suvagil, Gezbarah, Kaç və Muxax kəndləri) və Balakən ərazilərində məskunlaşıblar".
Azərbaycanın şimal-şərqində yayılmış "Şahdağ qrupu" - xınalıq, buduq və qrız dillərini də Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna aid edirlər: "Xınalıq dilində Quba rayonunun eyni-adlı kəndinin sakinləri danışırlar. Buduqlar Quba rayonunun Buduq, Güney Buduq və Dəli Qaya kəndlərində, qrızlar isə həmin rayonun Əlik, Cek və Haput kəndlərində yaşayırlar. Əsasən, Zaqatala və Balakən rayonlarının ərazisində yayılmış avar dili isə Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun avar-ando-didoy yarımqrupuna daxildir. Hind-Avropa dil ailəsinin İran qrupu dilləri Azərbaycan ərazisində tat, talış və kürd dilləri ilə təmsil olunub. Tat dili İran dillərinin cənub-qərb yarımqrupuna daxildir. Bu dil, əsasən, Abşeron yarımadasının bir neçə kəndində, eləcə də Xızı, Siyəzən, Dəvəçi və Quba rayonlarının ərazisində yayılıb. Tatlar dini mənsubiyyətinə görə üç qrupa bölünür: müsəlman tatlar, xristian tatlar (monofızitlər), iudaist tatlar və ya dağ yəhudiləri. Talış dili İran dillərinin şimal-qərb yarımqrupuna daxildir. Bu dil Azərbaycanın cənub-şərqində -Lənkəran, Astara, Lerik və Masallı rayonlarının ərazisində yayılıb. Kürd dili İran dillərinin qərb yarım-qrupuna aiddir. Kürd dili Laçın, Qubadlı, Kəlbəcər və Azərbaycanın bəzi başqa cənub-qərb rayonlarının ərazisində yayılıb. Hind-Avropa dil ailəsi Azərbaycan ərazisində, həmçinin, rus və erməni dilləri ilə təmsil olunub. Rus dili hind-Avropa dil ailəsinin slavyan qrupunun şimal-slavyan yarımqrupuna daxildir. Rus dilinin daşıyıcıları, əsasən, Azərbaycan şəhərlərində və ilk növbədə Bakıda məskunlaşıblar. Erməni dili isə hind-Avropa dillərinin ayrıca qrupunu təmsil edir. Erməni dili Qarabağın dağlıq hissəsinin bir neçə rayonunda yayılıb. Kartvel dil ailəsi Azərbaycanda gürcü dili ilə təmsil olunub. Bu dilin daşıyıcıları xristian və müsəlman ingiloylardır. Onlar, əsasən, Qax, Zaqatala və Balakən rayonlarında məskunlaşıblar".
XIX-XX əsrlər Azərbaycan dilinin ən sürətli tərəqqi və çiçəklənmə dövrü olub, bunun nəticəsində də Azərbaycan dili müasir dünyanın funksional baxımdan ən inkişaf etmiş dillərindən birinə çevrilib. Araşdırmada eləcə də müxtəlif fikirlər trəqdim olunur: "XIX-XX əsrlərdə Azərbaycanda etnolinqvistik proseslərin inkişafında dörd əsas mərhələni qeyd etmək olar: Rusiya imperiyası tərkibində (XIX əsr – 1917-ci il); Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918-1920-ci illər); sovet dövrü (1920-1991-ci illər); dövlət müstəqilliyinin bərpasından sonrakı dövr (1991-ci ildən sonrakı mərhələ).
Bu mərhələlər bir-birindən dövlət səviyyəsində həyata keçirilən dil siyasətinin əsas xüsusiyyətlərinə görə fərqlənir. Dil siyasəti dövlətin dil sahəsində iradəsini həyata keçirməyin ən effektiv və güclü vasitəsidir. Son 200 il ərzində ölkədəki etnolinqvistik proseslərin inkişaf istiqamətini müəyyənləşdirən əsas amillər sırasında ilk növbədə ölkənin Rusiya imperiyası tərəfindən işğalnı qeyd etmək lazımdır. Rusiya imperiyasının müstəmləkə siyasətinin ideoloji əsasmı ruslaşdırma xətti təşkil etdiyi üçün ölkədə dillərin qeyri-bərabərliyi prinsipi qanunvericilik səviyyəsində təsbit olunmuşdu. Rusiya imperiyasının hakim dairələri sərt dövlət dili siyasətini həyata keçirirdilər. Bu siyasətin ən səciyyəvi xüsusiyyətləri bir tərəfdən rus dilinin dövlət dili elan olunaraq onun zorla qeyri-rus xalqlara qəbul etdirilməsi, digər tərəfdən isə əsarətdə olan xalqların ana dillərinin inkişafı qarşısında müxtəlif süni əngəllərin yaradılmasından ibarət idi. Qonşu regionlar, məsələn, Gürcüstan və Ermənistanla müqayisədə ruslaşdırma siyasəti Azərbaycanda xüsusilə kobud və amansız formada həyata keçirilirdi. Belə ki, gürcü və erməni dillərinə nisbətən çarizmin Azərbaycan dilinə münasibəti daha dözülməz idi və bu dilin cəmiyyət həyatının əsas sahələrindən sıxışdırılıb çıxarılması üçün çeşidli qadağalar tətbiq olunurdu.
Tanınmış etnolinqvist Y. Deşeriyevin hesablamalarına görə, Rusiya imperiyası dövründə Azərbaycan dili ictimai-siyasi, sosial-iqtisadi, mədəni və elmi həyatın 22 əsas sahəsindən yalnız 9-da fəaliyyət göstərirdi. Qalan sahələrdə isə rus dili hökm sürürdü. Ancaq çarizmin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan dilinin funksional inkişafının qarşısını almaq mümkün olmadı. XIX əsrin sonu - XX əsrin əvvəllərində baş verən köklü sosial-iqtisadi dəyişikliklər, kapitalist münasibətlərinin bərqərar olması, Azərbaycan millətinin formalaşması prosesi milli dilin funksional inkişafı prosesində ciddi dəyişikliklərə - onun tətbiq sahələrinin xeyli artmasına gətirib çıxardı. Azərbaycan dilinin dünyəvi təhsil sistemində tətbiq miqyası genişləndi, bu dildə mətbuat və teatr yarandı, ədəbiyyat nəşr edildi. Başqa tərəfdən, hətta belə əlverişsiz şəraitdə də Azərbaycan dili Cənubi Qafqaz və Dağıstan ərazisindəki millətlərarası münasibətlərdə əsas ünsiyyət vasitəsi kimi öz rolunu qoruyub saxlaya bilmişdi. Hələ 19 əsrin əvvəlində bir çox rus tədqiqatçıları Azərbaycan dilinin bu keyfiyyətini qeyd edərək, onun regiondakı rolunu fransız dilinin Avropadakı rolu ilə müqayisə edirdilər. Bu vəziyyət XIX əsrin sonlarına kimi davam edirdi. Belə ki, XIX əsrin 80-ci illərində Qafqazda olmuş Y. Veydenbaum qeyd edirdi ki, sadəliyi və öyrənmək üçün asanlığı Azərbaycan dilini bütün Şərqi Qafqaz üçün beynəlxalq dilə çevirib".
Araşdırmada vurğulanır ki, Azərbaycan dilinin funksional inkişafı sahəsində köklü dəyişikliklərə isə yalnız 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonra nail olundu. Bu hadisə Azərbaycan dilinin funksional inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Belə ki, dil sahəsində milliləşdirmənin həyata keçirilməsi bu dövrdə milli hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biri idi. Dil sahəsində milliləşdirmə siyasətinin əsas mahiyyətini Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpası və keçmiş metropoliya dilinin tədricən cəmiyyətin əsas sahələrindən sıxışdırılıb çıxarılması təşkil edirdi: "Bu sahədə ilk addım müvafiq hüquqi bazanın yaradılması oldu. 1918-ci il iyunun 27-də milli hökumətin qərarı ilə yeni və ən yeni dövrdə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi və dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasına başlandı. 1918-ci il avqustun 28-də Azərbaycan dilində savadlı milli kadrların hazırlanması məqsədilə ölkədəki təhsil müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu. Azərbaycan dilində fəaliyyət göstərən ali təhsil müəssisələrinin yaradılması və Azərbaycan əlifbasının islahatı üçün ilk addımların atılması da 1918-1920-ci illər müstəqillik dövrünün əsas nailiyyətlərindəndir.
Bu baxımdan 1918-1920-ci illər dövrünü son iki yüz ildə Azərbaycan dilinin funksional inkişafında dönüş nöqtəsi hesab etmək olar. Belə ki, XX əsrin sonrakı onilliklərində bu sahədə baş verən proseslər 1918-1920-ci illərdə əsası qoyulmuş tendensiyaların xeyli dərəcədə inkişafı və dərinləşməsinin təzahürü idi. 1920-ci ilin aprelində hakimiyyəti ələ keçirmiş bolşeviklər qeyri-rus xalqlarının sovet hakimiyyətinə münasibətdə loyallığını təmin etmək məqsədilə milli dillərin inkişafı üçün minimum şərait yaratmağa məcbur idilər. Bolşevik hakimiyyətinin milli ucqarlarda möhkəmləndirilməsi zərurəti də bunu tələb edirdi. Bu məqsədlə 1921-ci il martın 29-da Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov Azərbaycan SSR idarələrində türk dilində kargüzarlığın tətbiqinin təşkili haqqında sərəncam imzaladı. 1923-cü il iyunun 27-də isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə türk dili Azərbaycan SSR-in dövlət dili elan edildi.

Uğur