Multikulturalizm mədəni plüralizmi qəbul edir Layihə

Multikulturalizm  mədəni plüralizmi qəbul edir

Müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm vasitələrindən biri multikulturalizmdir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmət bəsləməklə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.
Tranzitar proseslərin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini zamanın aktual məsələlərindən birinə çevirib. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində müasir dünyada mənəviyyat problemləri də kəskinləşib. Belə zərərli meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi fenomen dəyərlərdən olan tolerantlığa kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlüklə əvəzlənməsinə rəvac verir. Milli özünəməxsusluğu qoruma instinkti və yaxud da bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə, dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya halları artır. Belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya üzrə fəlsəfə doktoru Səyyad Salahlının fikrincə, "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tolerantlığın ölkəmizdə daha da təkmilləşməsi və müxtəlif dini konfessiya rəhbərləri arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətində bir sıra addımlar atılmışdır. Xüsusilə Dövlət Komitəsinin sədri yanında yaradılmış Məşvərət Şurasını qeyd etmək istərdim. Bu Şurada Azərbaycanda fəaliyyət göstərən ənənəvi konfessiyalar - müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər rəhbərlik səviyyəsində təmsil olunurlar. Məşvərət Şurasının əsas məqsədi dini etiqad azadlığının təmin olunmasında mövcud məsələlərin müzakirəsi, onların həlli ilə bağlı tövsiyələrin hazırlanması və dinlərarası dialoqun səmərəli təşkilidir. Şuranın vəzifə və funksiyalarına dini konfessiya nümayəndələrinin arasında anlaşma və qarşılıqlı hörmət hissinin gücləndirilməsi, dindarlar arasında radikal, ekstremist meyillərin, o cümlədən dini duruma mənfi təsirlərin, həmçinin mövhumat və xurafat elementlərinin aradan qaldırılması istiqamətində iş aparılması, dövlət-din münasibətlərinin qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi istiqamətində dini qurumların iştirakı ilə tədbirlərin görülməsi və s. bu kimi məsələlər aiddir".
Bundan əlavə, 2014-cü ilin dekabr ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Dinşünaslıq üzrə Komissiya yaradılmışdır ki, buraya islam dini üzrə mütəxəssislərlə yanaşı, xristian və yəhudi dinlərinə mənsub ekspertlər cəlb olunmuşlar. Bütün bunlar ölkədə müxtəlif konfessiyalar arasındakı tolerantlığın qorunub saxlanması istiqamətində atılmış addımlardır.
Həmçinin tolerantlığın təbliği istiqamətində müxtəlif nəşrlər, o cümlədən "Heydər Əliyev siyasəti: Tolerantlıq", "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir", "Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz" və s. kitablar işıq üzü görüb. Prezidentin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dövlət Komitəsi tərəfindən 116 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 97-u isə İslam dini icmasıdır.
Dövlət Komitəsi digər dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq şəraitində maarifləndirmə tədbirlərini gücləndirmişdir. Ötən müddət ərzində Dövlət Komitəsi dini icmalarla əlaqələrin səmərəliliyinin artırılması, din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlıq çərçivəsində bir sıra maarifləndirmə tədbirləri təşkil etmişdir. Eyni zamanda, Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir, müxtəlif dini mövzularda birgə tədbirlər təşkil olunur.
Onu da qeyd edək ki, ümumilikdə sivil bəşər cəmiyyəti formalaşandan bəri ayrı-ayrı insan cəmiyyətləri həmişə inteqrasiyaya can atmış, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışıblar. İudaizm, xristianlıq, sonra isə İslam gercəkliyin sosiomədəni, siyasi və iqtisadi qavrayışına təsirin hüdudlarını genişləndirərək bu və ya digər dinin nümayəndələrinin məskunlaşdığı məkanlar formalaşdırıblar. Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması antik dövrlərdən başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələləri keçməklə tolerantlıq düşüncəsi sayəsində mümkün olub. Milli, irqi, dini, siyasi dözümlülük tədricən bəşəriyyətin zəngin mədəniyyətinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini, etnosun özünəməxsusluğunu təsdiqləmək forması kimi dəyərləndirilib. Ən müxtəlif baxış bucaqlarını uzlaşdıraraq ortaq məxrəci təmin edən tolerantlıq düşüncəsi həm də söz, fikir, vicdan, etiqad və s. azadlıqlarının inkişafında, plüralizmə geniş meydan verilməsində həlledici rol oynamışdır. Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Dözümlülük göstərmədən qarşındakını olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər vermək mümkün deyildir. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi başlıca nailiyyətdir. Sivilizasiyaların toqquşması nəzəriyyəsinin banisi S.Hantinqtonun yazdığı kimi, tolerantlıq dəyər normativi olaraq kompromisin legitimliyini, həmçinin sosial və siyasi qruplar arasında mövcud olan fərqlərə və ziddiyyətlərə dözümlülüyü özündə ehtiva edir.
Qədim İpək Yolunun üzərində yerləşən, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olmuş və burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin polietnikliyi kimi amillər böyük rol oynayıb. Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda Bütpərəstlik, Zərdüştiliklə bərabər, Yəhudilik, Xristianlıq və İslam kimi səmavi dinlərin nümayəndələri bir-birinə təsir göstərmədən, birgə yanaşı yaşayıblar. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, ölkəmiz fərqli dinlərin mənsubları ilə yanaşı, İslam məzhəblərinin daşıyıcıları üçün pənah yerinə çevrilmişdir. Buna baxmayaraq, etnik və dini icmalar arasında daim möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olmuş, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməmiş, hətta bu müxtəliflik xalqımızın tolerantlıq xüsusiyyətinin formalaşmasında mühüm töhfə olub.
Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir həmvətənimizin bu torpaq üçün sahiblik və məsuliyyət hissi yaşaması milli həmrəyliyin bariz təzahürüdür. Azərbaycançılıq ideologiyası bu gün, ilk növbədə, etnik-dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi çıxış edir.
Xalqımızın əvəzsiz sərvəti olan və böyük qurbanlar hesabına əldə edilən dövlət müstəqilliyinin son illər əzmlə qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin dönmədən həyata keçirilməsi, vətəndaşların təhlükəsizliyinin, rifahının təmini sahələrində qazanılan uğurlar Azərbaycanın sürətli dirçəliş dövrünə qədəm qoymasına səbəb olub.
Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etsə də, respublikamızda dinə dövlət qayğısı bu gün də qabarıq hiss olunur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Son illər dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır.
HazırdaYaxın və Orta Şərqdə baş verən müharibələr, qanlı toqquşmalar təkcə bu bölgədəki ölkələri deyil, həm də ümumbəşəri mədəniyyətləri, azad dəyərləri məhv edir. Eyni zamanda, Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, "multikulturalizm iflasa uğrayıb" kimi bəyanatların səsləndirilməsi və ayrıseçkiliyə yol verilməsi, milli-dini dəyərlərdən siyasi, iqtisadi vasitə kimi istifadə edilməsi, bizi gələcəyimizlə bağlı daha dərindən düşünməyə və tarixin qarşımıza qoyduğu bu kimi "nümunələr"dən nəticə çıxarmağa sövq edir.

Cavid