Azərbaycan diasporu və taktiki yanlışlıqlar Layihə

Azərbaycan diasporu və taktiki yanlışlıqlar

İnteqrasiya problemi hansı fəsadlara yol açır?

Bu gün Azərbaycan diasporunun zəif tərəflərindən biri intellektual potensialdır. Bu amilin dərin kökləri var və çox ciddi çatışmazlıqlara yol açır. Diaspor nümayəndələrinin intellektual sahələrdə az təmsil olunması bizim diasporun gücünü dəfələrlə zəif duruma salır. Bunun əsas səbəbi interqasiya problemidir. Müşahidə etdiyimə görə, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın əksəriyyəti yaşadıqları yerlərdə cəmiyyətə inteqrasiya olunmaqda çətinlik çəkirlər, əksər hallarda buna səy göstərməirlər. Amma bunula yanaşı yerli dili öyrənən, yerli xalqlara inteqrasiya olunmağı bacaran soydaşlarımız da var ki, onların sayı elə də çox deyil. Onların gördüyü işin effektinin daha yüksək olması isə məhz inteqrasiya amilidir.
İnteqrasiyanın hansı önəmi var? Fikrimcə, Azərbaycan diasporunun yerli cəmiyyətlərə inteqrasiya olunması başlıca hədəflərdən biridir. Yalnız belə olarsa yerli dili mükəmməl bilməklə yanaşı, eyni zamanda, cəmiyyətin psixologiyasını, mədəniyyətini, sosial durumunu, iqtisadi, siyasi, milli, dini, etnik vəziyyətini mənimsəmək mümkündür. Bütün bunlar olmadıqda isə Azərbaycanın hədəflədiyi strateji xəttlə bağlı yanlışlıqlar ortaya çıxır. Nəyi necə etməyi bilmirik, nəticədə ciddi səhflərə yol veririk. Bu tipli səhvlərimiz də erməni lobbisinin işlinə yarayır.
Yerli xalqın nəyi necə qəbul etdiyini, düşüncə tərzini, dini dünyagörüşünü, transmilli KİV-lərin onlara təsir amillərini, islam ölkələrinə qarşı münasibətlərini, radikallığı, aqressiyanı necə qarşıladıqlarını bilmək çox vacibdir ki, taktiki səhvlərə yol verilməsin.
Yalnız bunları bildikdən sonra yerli sakinlərin, eyni zamanda, bələdiyyə rəhbərlərinin, millət vəkillərinin Azərbaycan tədbirlərinə necə qatılmasının yollarını öyrənər, effektli iş görə bilərik...
Ona görə də inteqrasiya məsləsi çox ciddidir və bu məsələyə xüsusi önəm verilməlidir.

Avropada "Allahu Əkbər" nəyə hesablanıb?

Məhz bu amil bizim bir çox hallartda xaricdə - xüsusilə Avropada təşkil olunan kütləvi tədbirlərdə yanlış şüarlar səsləndirməyimizə səbəb olur. Bu da əks effekt verir.
Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bir müddət əvvəl erməni mediası İŞİD-in aprel döyüşlərində Azərbaycana dəstək verəcəyini yazırdı. Qeyd edək ki, erməni lobbisi bəzən din faktorundan hiyləgərcəsinə istifadə edir və bu da əksər hallarda effektli olur. Transmilli medianın İslam dünyasının İŞİD simasında təqdim etməsi avropalılarda İslam ölkələrinə və müsəlmanlara münasibəti də dəyişir. Məhz bu amili nəzərə alan erməni lobbisi bu dezinformasiyanı yaymaqla, Avropa cəmiyyətlərinə "baxın biz sizə daha yaxınıq və vəhşi, başkəsən müsəlman deyilik" mesajını verdi. Eyni zamanda, uzun illər boyu Azərbaycan tərəfindən hücumlara, təqiblərə məruz qaldıqlarını, Xocalıda soyqırıma biz uğradığımız halda azərbaycanlılar tərəfindən öldürüldüklərini əksər ölkələrdə cəmiyyətlərə yedirə biliblər.
Azərbaycan diasporu bütün bu amilləri və yuxarıda dediyimiz kimi yerli xalqın dünyagörüşünü dəqiq bilməlidir ki, ona uyğun addım atsın.
Amma biz nə edirik? Bəzən bütün bunların əksini etməklə, ağıllı və düşünülmüş taktiki ssenarri ilə deyil, emosiyalarla hərəkət edir, nəticədə ciddi səhvələrə yol veririk.
Konkret faktalara nəzər salaq. Aprel döyüşlərindən sonra Niderlandda Azərbaycan diasporu bir mitniq keçirdi. Orada səsləndirilən şüarlar yanlış idi, aqressiya və təhdid xarakterli olduğu üçün bizim ziyanımıza işlədi.
"Allahu Əkbər" və dağıtmaq, vurmaq, öldürmək anlamı verən yersiz şüarlar mitinqə şahidlik edən yerli xalq tərəfindən təbii ki, müsbət qarşılanmaz. Onların əksəriyyəti Qarabağ problemi və onun mahiyyəti, bizim ermənilər tərəfindən nələrə məruz qaldığımız barədə məlumatlı deyil. Belə olduqda, yerli xalq "Allahu Əkbər" qışqıran azərbaycanlılara İŞİD, aqressiv və təhdid xarakterli şüarlar səsələndirənlərə isə vəhşi və potensial cinayətkar gözü ilə baxır.
Təbii ki, müsəlmanıq və dinimiz İslama sayğımız böyükdür. Amma Avropada "Allahu Əkbər" niyə qışqıraq axı? Yaxud asıb kəsmək məzmunlu kimi şüarlar nəyə hesablanıb, ümumiyyətlə, hesablanıbmı?
Birincisi, İŞİD "Allahu Əkbər" deyərək baş kəsir, bütün transmilli media da bunu yayımlayır. Nəticədə dünya elə bilir ki, "Allahu Əkbər" deyənlərin hamısı başkəsəndir. Erməni lobbisi Avropada dezinformasiya yayır ki, İŞİD Qarabağ müharibəsində Azərbaycana dəstək verəcək. Biz də bütün bunlardan dərs çıxarıb ona qarşı addım atmaq əvəzinə, Avropanın göbəyində "Allahu Əkbər" deyə qışqırırıq.
Əksinə, bu, erməni lobbisinin yaydığı dezinformasiyanın özümüz tərəfindən təsdiq edilməsidir. Nəticədə uduzan yenə biz oluruq, qazanan isə ermənilər. Bununla da öz əlimizlə ziyanverici addım atırıq və bunu bilməyərəkdən edirik. Həm də elə başa düşürük ki, dövlətçilik üçün müstəsna əhəmiyyət daşıyan iş görmüşük. Ermənilər isə təbii ki, bunun videoçəkilişlərini aparır və dövlət qurumlarına təqdim edirlər.

Aqressiv və təhdid xarakterli şüarlar

Gələk digər aqressiv və təhdid xarakterli şüarlara. Təbii ki, hər bir azərbaycanlı minlərlə soydaşımızı qətlə yetirən, başını kəsən erməni vandallarına qarşı hiddətlidir. Amma lütfən bunu emosianal şəkildə avropalılara təqdim etməyək. Bu bizim işimizə yarımayacaq axı. Əksinə, dövlətin siyasətinə qarşı yönələcək. Niyə? Çünki Qarabağ məsələsində Azərbaycanın siyasi xətti var və biz deyirik ki, ermənilərlə birgə yaşamağa hazırıq. Yetər ki, ermənilər işğalçılığa son qoysunlar. Eyni zamanda, bəzən bizim bəzi diaspor təşkilatlarımız buna qarşı çıxaraq ermənilərin kökünü kəsmək istədiyini ortaya qoyur. Erməni lobbisi də bunun videoçəkilişlərini apararq beynəlxalq təşkilatlara göndərir və "Azərbaycana aldanmayın" mesajını verərək, "biz bunlarla bir yerdə yaşaya bilmərik", "bunlar bizi öldürərlər" anlamı daşıyan addımlar atırlar.
Ona görə də hesab ediriki ki, bu aqressiya döyüş meydanlarına saxlanmalı və Azərbaycanın daxilinə hesablanmalıdır. Xaricdə isə düşünülmüş, strateji hədəfə hesablanan, ağıllı, siyasi cəhətdən xeyrimizə olan addımlar atmalıyıq.
Bunun üçün isə yerli cəmiyyətlərə inteqrasiya olunmalıyıq. İnterqasiya olunsaq bilərik ki, Avropa cəmiyyətləri savaş, qan, aqressiyaya nifrət edir və onların əksəriyyəti Qarabağla bağlı məsələdən xəbərsizidr. Biz bunları bilmədiyimizdən yenə də ziyanımıza olan hərəkətlərə yol veririk...
Amma sevindirici hallar da var və artıq uğurlu addımlar atmağa başlamışıq. İnterqasiyanın nə qədər önəmli olduğunu bəzi diaspor təşkilatı rəhbərlərinin, eyni zamanda, Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının sədri Vüqar Abbasovun timsalında görmək mümkündür. V.Abbasov bu il noyabrın 4-də tədbir keçirdi və əvvəlki ənənəvi tədbirlərdən fərqli olaraq iştirakçıların demək olar ki, hamısı holland idi. Yerli, eyni zamanda dünya səviyyəsində tanınmış şirkət rəhbərləri, bələdiyyə rəhbəri, media nümayəndələri və digər sahələrin təmsilçilərinin qatıldığı tədbir təbii ki, effektli alındı və Niderland mediasında işıqlandırıldı. Bu tədbir ona görə uğurlu alındı ki, V.Abbasov hollandların dünyagörüşünü, hadislərin motivindən asılı olaraq ona reaksiyasını və digər məsələləri yaxşı bilirdi. Buna görə də hollandları tədbirə cəlb edə bildi və yenə də taktiki gedişlə Xocalı soyqırımı və ermənilərin törətdikləri vəhşiliklər barədə onlara məlumatlar verildi, videoçarx təqdim olundu. Niderlandllar da bunu maraqla dinlədilər. Bax budur inteqrasiyanın əhəmiyyəti, incəliklərin mənimsənilməsi. Qışqırmaq, aqressiv şüarlar səsələndirmək dövrü bizə heç bir zaman divident qazandırmadı və bu dövr artıq geridə qalıb...

Nəyi necə etməli?

Vüqar Abbasov bizimlə söhbətndə, "çox istərdim ki, mətbuatımız diaspor fəaliyyətinə bir qədər daha diqqətli yanaşsın". – deyə vurğuladı: "Xalqımızın Azərbaycandan kənarda məskunlaşmış, yaşayan hər bir nümayəndəsi diasporumuzun üzvü hesab olunur. Ancaq bunların heç də hamısı diaspor fəaliyyəti ilə məşğul deyil və əslində belə bir məcburiyyət də yoxdur. Diaspor fəaliyyəti könüllü olan bir fəaliyyətdir. Gələk sizin sualınıza. Fikrimcə yaşadığın yerə inteqrasiya olunman vacib, lazımlı amildir. Fərq etməz ki, kimsə diaspor fəaliyyəti ilə məşğul olur, yoxsa yox. Ümumi yanaşsaq, inteqrasiya olunmadan diaspor fəaliyyəti göstərmək olar, ancaq effektli nəticə əldə etmək mümkün deyil. Öncə baxmaq lazımdır ki, "diaspor fəaliyyəti" deyəndə biz nəyi nəzərdə tuturuq".
O əlavə etdi ki, diaspor fəaliyyəti geniş anlayışdır: "Bəzən lobbiçiliklə diaspor fəaliyyəti səhv salınır. Amma bunlar tam fərqli anlayışlardır. Bilirsiniz ki, diaspor üzvləri bir çox halda diaspor təşkilatları yaradır və bu təşkilatların ətrafında birləşirlər. Bura əsasən diasporun aktiv üzvləri daxil olur. Daha aktiv diaspor fəaliyəti göstərənlər isə həmin təşkilatların yaradılmasında bu ya digər şəkildə təşəbbüskar olurlar. Təbii ki, bir müddət sonra diaspor təşkilatlarının rəhbərliyində də müəyyən dəyişikliklər olmalıdır. Yəni zamanla onların yerini gənc nəslin nümayəndələri tutmalıdırlar. Bax həmin bu təşkilat rəhbərlərinin, buna iddialı olanların inteqrasiya olunması çox önəmlidir. Başqa sözlə desək, inteqrasiya olunmuş şəxslərin aktiv diaspor fəaliyyəti ilə məşğul olması təmsil etdiyi xalqa daha faydalı olar. Bizlərin əsas fəaliyyətimizdən biri də ölkəmizi, xalqımızı yaşadığımız yerlərdə daha yaxşı tanıtmaqdır. Əgər biz yerli dili, adət-ənənəni yerli xalqın mədəniyyətini və.s. bilməsək öz mədəniyyətimizi, özümüzü yaşadığımız yerlərdə necə tanıtdıra bilərik? Sən ilk növbədə yaşadığın yerin xalqına hörmət edəcəksən ki, onlardan da sənə hörmət gözləyəsən. İnteqrasiya olunmamağın sənin bütün bunları edə bilməməyin deməkdir və bu halda sən ancaq özün-özünü və təmsil etdiyin xalqı aldatmış olarsan. Bir sözlə, bir diaspor təşkilatının, dolayısı ilə diasporumuzun daha effektiv fəaliyyət göstərməsi üçün yerli dili, adət-ənənəni bilməsi və hörmət etməsi olduqca vacib amildir və bu olmadıqda isə hər hansı bir gerçək nəticə gözləmək mümkün deyil".
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, hər bir ölkənin öz daxili ictimai-siyasi mühiti, reallıqları var: "Diaspor təşkilatları da öz fəaliyyətini qurarkən bu şərtləri nəzərə almağa çalışırlar...Dünyada informasiya texologiyalarının rolu getdikcə artır, bu çox dinamik, dəyişkən və sürətli bir tendensiyadır. Bu amillər də diasporun fəaliyyətində nəzərə alınmalıdır. Diaspor anlayışının mahiyyətinə baxış dəyişir, diaspor artıq beynəlxalq proseslərdə təsiredici faktora çevrilir. Bütün bunlar əlbəttə ki diaspor təşkilatlarının fəaliyyətində nəzərə alınmalı olan yeni faktorlardır. Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq bu prosesləri, tendensiyaları təhlil edir, ayrı ayrı ölkələr üzrə, eyni zamanda istiqamətlər üzrə diaspor təşkilatlarımızın fəaliyyətini araşdırır, analiz edir və müvafiq tövsiyyələr hazırlayır".

Əli Zülfüqaroğlu

Yazıda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.