“Tezliklə yalnız iki qrup işçilər qalacaq” Layihə

“Tezliklə yalnız iki qrup işçilər qalacaq”

"Kompüteri idarə edənlər və komputerin idarə etdikləri"

I yazı

Bu gün dünyanı informasiyasız təsəvvür etmək mümkün deyil. Artıq informasiya əsrində yaşayırıq və qloballaşma dövründə bu faktor önəmli rola malikdir. Amma informasiyanın önəmi artdıqca inormasiya təhlükəsizliyinin təmin olunması da aktual mövzuya çevrilir.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Şöhrət Eyvazov hesab edir ki, Elmi Texniki Tərəqqinin (ETT) təsiri ilə postindustrial iqtisadiyyat formalaşdı. Onun sözlərinə görə, bura elektron hesablama maşınlarının istehsalı və informasiya xidmətləri aid idi: "Postindustrial inkişaf mərhələsinə keçiddə xidmət dairəsi böyüyür və ölkənin inkişaf səviyyəsini əks etdirən başlıca göstəriciyə çevrilirdi. "Xidmət dairəsinin" yeni "ağ yaxalıqlar" (elm, informasiya, kadr hazırlığı, mədəniyyət) və "qızıl yaxalıqlar" (yeni informasiya texnologiyalarını yaradan və xidmət edən mütəxəssislər) bölmələri yarandı. İnformasiya sahəsinin sürətli inkişafı, informasiya texnologiyalarının daha çox sahələrə tətbiqi nəticəsində bəşəriyyət yeni - informasiya sivilizasiyası dövrünə qədəm qoydu. Ötən əsrin 40-cı illərinin sonu, 50-ci illərinin əvvəllərində ETT-nin əsas xüsusiyyətinin atom energetikasının inkişafı olduğu haqqında konsepsiya hakim idi. XX əsrin 60-cı illərindən kibernetika sahəsində olan elmi-texniki nailiyyətləri ETT-nin əsas hissəsi hesab edən konsepsiya inkişaf etməyə başladı".
Onun sözlərinə görə, bir sıra müəlliflər kibernetizasiyanı dünyada baş verən proseslərin əsası hesab edirdilər və elmi-texniki inqilabla kibernetik inqilabı eyniləşdirirdilər: "Digər müəlliflər isə kibernetik və energetik inqilabların eyni zamanda baş verdiyini düşünürdülər. Həmçinin üçqat inqilab: kibernetika, silahlanma və insan hüquqları sahələrində inqilablar baş verməsi haqqında nəzəriyyələr mövcud idi. Ötən əsrin ikinci yarısında kibernetik inqilabı yeni kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar olan informasiya-kommunikasiya inqilabı (İKİ) əvəz etdi. Lakin alimlər hələ də İKİ-nin hansı tarixdən başladığı haqqında yetkin fikrə gələ bilmirlər. Şevçuk yazır: "XX və ya XXI əsrin hüdüdlarında əhəmiyyətli hadisə baş verən istənilən tarixi İKİ-nin başlanma nöqtəsi hesab etmək olar. Bu, Massaçuset Texnoloji İnstitutunun tələbəsi Leonard Kleronun faylı hissələrə bölərək müxtəlif yollarla şəbəkə ilə ötürülməsini təsvir etdiyi 1961-ci il və ya ARPA kompüter laboratoriyasının rəhbəri Con Likliderin ilk dəfə olaraq kompüter şəbəkəsi konsepsiyasını təfərrüatları ilə təklif etdiyi dövr - 1963-cü il ola bilər... Yaxud ARPANET-in fəaliyyətə başladığı 1969-cü il".
O, əlavə edib ki, bu, siyasətə, iqtisadiyyata, sosial sferaya, gündəlik həyata və mədənyyətə ciddi təsir edir: "Hələ məlum deyil ki, yaxın gələcəkdə kommunikasiyaların inkişafı ictimai münasibətlərdə hansı dəyişiklikləri yaradacaq. Bunun nəticəsidir ki, menecment üzrə amerikalı mütəxəssis Luis Eygen aşağıdakı kimi düşünür: "Tezliklə yalnız iki qrup işçilər qalacaq: kompüteri idarə edənlər və kompüterin idarə etdikləri. Çalışın birinciyə düşün".
İnformasiya-kommunikasiya inqilabı qloballaşma ilə münasibətdə üçlü rol oynayır: 1) qloballaşmanın katalizatoru; 2) onun tərkib hissəsi; 3) qloballaşmanın nəticəsi. Qloballaşma və informasiya-kommunikasiya inqilabı bir-birinə qarşılıqlı təsir edən proseslər kimi çıxış edirlər. İnfromasiya mühitində qlobal proseslərin qloballaşmanın tərkib hissəsi olduğu əsasən qloballaşma, KİV və telekommunikasiya haqqında tədqiqatlarda araşdırılır. Smirnov informasiya qloballaşması terminini təklif edir və bu zaman qloballaşma şəraitində informasiyanın rolu iqtisadi baxımdan öyrənilir. Müəllif infromasiya-kommunikasiya inqilabının nailiyyətlərinə əsaslanan "yeni iqtisadiyyatın" formalaşmasından söz açır".
Onun bildirdiyinə görə, Kopev də öz tədqiqatlarında informasiya-kommunikasiya inqilabının iqtisadi əhəmiyyətini vurğulayır: "Bu gün dünya infromasiya bazarı özlüyündə fasiləsiz olaraq nəhəng informasiya axını ötürən transmilli kommunikasiyalar şəbəkələrini birləşdirən lokal və regional bazarlar yığımından ibarətdir". İKİ qloballaşmanın əsas texnoloji faktorlarından biridir. Qloballaşmanın əlamətlərindən olan informasiya cəmiyyəti məhz İKİ nəticəsində formalaşır.
BMT-nin rəsmi sənədlərində qloballaşmanın istiqamətlərindən biri kimi informasiya texnologiyalarında inqilab göstərilir. Belə ki, informasiya texnologiyalarının tətbiqinin genişlənməsi sayəsində iqtisadiyyat getdikcə "maddilikdən qeyri-maddiliyə çevrilir". Bu gün inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə olan dəyişikliklər informasiya texnologiyalarının inkişafından asılıdır".
Onun fikrincə, qloballaşmanın digər bir əlaməti isə KİV-də inqilabdır: "Lakin KİV-in, xüsusilə də televiziyanın təsirinin kəskin surətdə genişlənməsi bu və ya digər dərəcədə milli mədəniyyətin, yerli sivilizasiyanın pozulmasına səbəb olur. İnformasiya üstünlüyü iqtisadi, sosial və siyasi resursların yenidən paylanmasına təsir edən vacib sosial gücə çevrilir. İnfromasiya bərabərsiziliyi, öz növbəsində, sosial bərabərsizlik yaradır. Dövlətin milli təhlükəsizliyinin bütün - siyasi, iqtisadi, hərbi, hüquq mühafizə, ekoloji və s. hissələrində informasiya faktorunun çəkisi sürətlə artır. Mövcud olan proqnozlara görə dünyada olan vəziyyət yaxın 10-15 il ərzində əhəmiyyətli dərəcədə dəyişəcək. Belə ki, dövlətin iqtisadi qüdrəti və inkişaf səviyyəsi xammal və energetik resurslarla deyil, elmi texnologiyaların inkişafı və tətbiqi səviyyəsindən asılı olacaqdır. Zənginliyin ənənəvi fomaları ilə yanaşı informasiya zənginliyi də xüsusi əhəmiyyət kəsb edir. Məsələn, bu gün ABŞ-da olan resursların 60%-ni informasiya resursları təşkil edir və əhalinin 80%-ə qədəri informasiya emalı ilə bağlı olan sahələrdə çalışır. İnformasiyanın emalı yeni industriyaya çevrilib və iqtisadiyyatın güclü informasiya sektoru formalaşıb.
Qeyd edək ki, informasiya cəmiyyəti haqqında ideya ötən əsrin 60-cı illərinin sonu - 70-ci illərinin əvvəlindən formalaşıb. "İnformasiya cəmiyyəti" termininin kəşfi Tokio Texnologiya İnstitutunun professoru Hayaşiyə aid edilir. Bu gün bir cox alimlər Bell və Toffler ilə razılaşaraq, bəşər sivilizasiyasının aqrar və sənaye mərhələsindən sonra yeni - informasiya dövrünə qədəm qoyduğunu düşünürlər. Bu dövrdə cəmiyyətin əsas sosial strukturunu informasiya təşkil edir. Terminin çox geniş yayılmasına baxmayaraq, alimlər "informasiya cəmiyyəti" anlayışı haqqında hələ də yekdil fikrə gələ bilmirlər. Mütəxəssislərin əksəriyyəti "informasiya cəmiyyəti" anlayışının əsasını bir-biri ilə bağlı bir neçə prosesə bağlayırlar:
- informasiya və bilik sosial-iqtisadi, texnoloji və mədəni inkişafın əsas hərəkətverici qüvvəsi və resursuna çevrilir;
- əmək və kapital bazarı ilə bərabər səviyyədə olan bilik və informasiya bazarı formalaşır;
- informasiyanın yaradılması, ötürülməsi və istifadəsini təmin edən sahələrin xüsusi çəkisi surətlə artır;
- inkişaf etmiş informasiya strukturu nəqliyyat kommunikasiyasından geri qalmayan səviyyədə milli və regional rəqabətədayanıqlılıq şərtinə cevrilir;
- yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bütün fəaliyyət sahələrində tətbiqi təhsil, əmək, ictimai həyat və istirahət modellərini dəyişdirir.
Beləliklə, informasiya cəmiyyəti konsepsiyası yeni beynəlxalq informasiya qaydaları konsepsiyası daxil olmaqla, informasiya mübadiləsi təşkilinin bazasında yaradılır. Hələ ki, hüquqi tənzimləmə informasiya cəmiyyətinin bütün suallarını əhatə edə bilmir. İnformasiya cəmiyyətində göstərilən xidmətlərin konkret qaydaları nə beynəlxalq səviyyədə, nə də ayrı-ayrı dövlətlər səviyyəsində təyin edilməyib. Telekommunikasiyalar haqqında qanunvericilik əsasən texniki problemlərin həllinə yönəlib".
Onun bildirdiyinə görə, sosial həssas qruplar da daxil olmaqla İKT-dan ümumi istifadə, kontentin müxtəlifliyinin təminatı kimi problemlər indiyədək həllini tapmayıb: "Müxtəlif aktlarla formalaşdırılan informasiya cəmiyyəti konsepsiyası dəqiq hüquqi tənzimləmələrə salınmalıdır. Cəmiyyətin informasiya mühitinin inkişaf səviyyəsi iqtisadiyyat, müdafiə qabiliyyəti, siyasət və digər dövlətçilik elementlərinə ciddi təsir edir. Buna görə də, inkişaf etmiş ölkələrdə sosial-iqtisadi, siyasi və mədəni inkişafların əsas xətti kimi kəskin daxili və xarici problemlərin həllində yeni İKT-lərdən və informasiya cəmiyyətinin inkişafından istifadə edirlər. Məsələn, Avropada "Banqeman təşəbbüsü" kimi tanınan fəaliyyət proqramında deyilir: "İnformasiya cəmiyyətinə erkən daxil olan ölkələr üstünlüklər əldə edəcək və arxasınca gələnlər üçün şərtləri təyin edə biləcək". Buna görə də Avropa ictimaiyyəti 1994-cü ildən informasiya cəmiyyətinin qurulmasını ən prioritet məsələlərdən biri kimi qəbul edib. ABŞ hökuməti isə hələ 1993-cu ildə milli informasiya infrastrukturunun inkişafı ilə bağlı plan hazırlayıb.
Müasir informasiya texnologiyaları bütün qlobal məkanı fəth etməyə can atır. Buna görə də informasiya cəmiyyəti konsepsiyası da tədricən beynəlxalq səviyyədə qəbul edilməkdədir. Artıq informasiya cəmiyyəti haqqında bir sıra beynəlxalq sənədlər qəbul olunub: "Yeni informasiya texnologiyaları sahəsində Avropa siyasəti haqqında deklarasiya" (1999), "Qlobal informasiya cəmiyyətinin Okinava xartiyası" (2000), "İnformasiya cəmiyyətinin qurulması - yeni minilliyin qlobal məsələsidir" deklarasiyası (2003), "İnformasiya cəmiyyətinin inkişafı haqqında MDB ölkələrinin birgə bəyanatı" (Sankt-Peterburq deklarasiyası - 2003), "İnformasiya cəmiyyəti üzrə Ümumdünya sammitinin fəaliyyət planı" (2003) və s...

Əli