SSRİ dövründə Dağlıq Qarabağ problemi Layihə

SSRİ dövründə Dağlıq Qarabağ problemi

6-cı yazı

Bu gün ermənilər havadarlarının köməyilə işğal etdikləri Azərbaycan torpaqlarında özlərinin varlığını daimiləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov tədqiqatında 1918-1920-ci illərdə Laçında baş vermiş hadisələrdən bəhs edib. Faktlardan aydın görünür ki, erməni məkrində həmişə çox fəal amansızlıq nümayiş etdirib, məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə edib: "Yalnız 1953-cü ildə Stalinin ölümündən sonra Ermənistandan azərbaycanlıların köçürülməsi prosesi dayandırıldı. 1985-ci ildə M.Qorbaçov Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun həyat yoldaşı R.Qorbaçovadan istifadə edən ermənilər "Böyuk Ermənistan" yaratmaq iddialarını gündəmə
gətirərək yenidən fəallaşdırdılar. Rusiyada 1988-ci ildə başlayan yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin
və Azərbaycana qarşı ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış bir metod irəli sürüldü, guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması imkan verir ki, azərbaycanlılar Ermənistandan çıxarılsın, Qarabağ isə Ermənistana birləşdirilsin. 1988-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilirdi.
1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilməyə başladı, 500 minə yaxın soydaşımız öz ata-baba yurdlarından zorla qovularaq qaçqına çevrildilər. 1991-ci il avqustun 8-də sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" adlı daşnak ideyası reallaşdı. Ermənistanın azərbaycanlılara qarşı bu təcavüzkar siyasəti dünyanın bütün supergücləri tərəfindən dəstəkləndi.
1988-ci ildən Dağlıq Qarabağın erməni əhalisi arasında millətçilik əhval-ruhiyyəsi qızışdırılmağa başlanmışdı bu isə etnik təmizləmə siyasətinin başlanğıcı idi. Həmin ilin yanvar ayında, Ağdərə rayonunun Sırxəvənd kəndindən Ağdərə şəhərinə mağazaya alış-verişə gəlmiş bir qrup azərbaycanlı gənci şəhərin mərkəzində ermənilər qəddarcasına döydülər.
Səbəb bu oldu ki, azərbaycanlılar ermənilərin yaşadıqları ərazilərə gəlməsinlər. Bu hadisədən bir müddət sonra yəni 13 fevral 1988-ci il tarixdə ermənilərin Xankəndi şəhərində "Qarabağ Ermənistana birləşdirilsin" şüarı altında mitinqləri başlandı.
Azərbaycanda erməni siyasətindən bixəbər olan hər kəs çaşıb qalmışdı. Bu ölkədə hamı həyacanla bu işin nə ilə sona çatacağını gözləyirdi. Dövlət və Hökumət orqanları susur və heç bir tədbir görmürdü. Cəzasızlıqdan azğınlaşan ermənilər Xankəndi şəhərinin mərkəzində bir neçə azərbaycanlı evini dağıdıb yandırdılar. Qızmış kütlə Xankəndi Pedoqoji İnstitunun azərbaycanlı tələbələrini, şəhərin köməksiz qalmış azərbaycanlı sakinlərini evlərindən qovur, gecə-gündüz küçələrdə keşik çəkərək onların evlərinə və ya iş yerlərinə qayıtmalarına mane olurdular. Bir çox azərbaycanlı isə öz evlərindən bayıra çıxmadan səbirlə vəziyyətin sabitləşəcəyini gözləyirdilər.
Xankəndində vəziyyət getdikcə nəzarətdən çıxırdı. Mərkəzi Hökumət 23 Fevral 1988-ci il tarixdə DQMV-nin Plenumunu çağırdı. Plenumda Vilayət Partiya Komitəsinin birinci katibi B.Geverkovu, DQMV İcraiyyə Komitəsinin birinci müavinini vilayətin Aqrosənaye Kombinatının sədri işləmiş H.Poqosyanla əvəzlədilər. Plenumun işində Sov.İKP MK Siyasi Büro üzvlüyünə namizəd G.Razumovski, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini P.Demiçev, Azərbaycan KP MK-nin birinci katibi K.Bağırov iştirak edirdilər. Əslində Dağlıq Qarabağda vəziyyəti sabitləşdirmək üçün heç bir əməli addımlar atılmırdı. Bütün bunlar Bakıdakı daxili vəziyyəti sabitləşdirməyə hesablanmış addımlar idi.
Xankəndində isə vəziyyət getdikcə mürəkkəbləşir, kütlə vilayət rəhbərliyinin idarəçiliyindən çıxırdı. Bu arada Moskva Arkadi Volskinin rəhbərliyi ilə Xüsusi İdarəetmə Komitəsi yaratmaqla Dağlıq Qarabağa nəzarəti tamamilə öz əlinə aldı. Komitənin əsas missiyası Qağlıq Qarabağdan azərbaycanlı əhalinin köçürülməsini təmin etməklə bərabər, Qarabağı Ermənistana birləşdirilməsinə nail olmaq idi.
Arkadi Volski Dağlıq Qarabağın "iqtisadi cəhətdən geriləməsini" bəhanə gətirərək bu işdə aciz və itaətkar durumda olan Azərbaycan rəhbərliyini günahlandırır və onlardan Qarabağın erməni əhalisini yaşatmaq üçün daha böyük təzminatlar qoparırdı. Bununla yanaşı cənab A.Volski azərbaycanlı mülki əhalinin Qarabağda yaşamasına "təminat verə bilməyəcəyini" açıq söyləyir, mümkün qədər hökumətdən onların bu ərazidən köçürülüb başqa regionlara göndərilmələrini tələb edirdi.
Xüsusi İdarəetmə Komitəsi Dağlıq Qarabağın "Sosial iqqtisadi geriliyini" aradan qaldırmaq üçün, iqtisadi cəhətdən Azərbaycandan qat-qat zəif olan Ermənistanın sənaye və kənd təsərrüfatı rəhbərlərini Xankəndinə dəvət etdi. Ermənistanın sənaye və kənd təsərrüfatı idarələrinin filiallarını burada açmaqla Komitə, Qarabağla Ermənistanın bağlılığını daha da artırmaqla gələcəkdə bu ərazilərin Ermənistana birləşdirilməsinin zəruriliyini ortaya qoyurdu.
1988-ci ilin noyabr ayında Ermənisan SSR-in Alüminium zavodlarından birinin filialının Əsgəran rayonunun ərazisindəki "Topxana" meşəsində tikintisinə başladılar. "Topxana" Azərbaycan üçün yalnız meşə, təbiət qoruğu gözəllik simvolu deyil, "Topxana" bu xalqın tarixi və qürur mənbəyidir.
Ermənistanın Topxanaya olan bu təcavüzü onsuz da əsəbləri tarıma çəkilmiş Azərbaycan xalqını ayağa qaldırdı. Laçından, Şuşadan başlanan xalq hərəkatı Bakıda böyük və geniş vüsət aldı. Bu Hərakat çox qısa müddətdə bütün Azərbaycana yayılaraq Sovetlər İttifaqını kökündən silkələdi. Çünki xalq öz azadlığı uğurunda mübarizəyə qalxmışdı.
Buna cavab olaraq ermənilər Dağlıq Qarabağda etnik təmizləmə işlərini daha da sürətləndirdilər. Qarabağdan Azərbaycanlıların öz doğma yurd-yuvalarından qovularaq çıxarılması getdikcə kütləviləşirdi. Ermənilər yollarda pusqular qurur azərbaycanlıların nəqliyyat vasitələrinə hücumlar təşkil edirdilər. Hər gün bu yollardan keçən onlarla azərbaycan vətəndaşları bədən xəsarətləri alırdılar. Artıq dünyanın bir çox tanınmış terrorçuları Qarabağa azərbaycanlılara qarşı döyüşməyə gəlirdilər".
F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır:"Ağdam – Şuşa – Laçın şose yolu təhlükə mənbəyinə çevrilmişdi. Bu yoldan keçən insanların çoxu evlərinə ağır zədə ilə qayıdırdılar. 1989-cu ilin iyul ayında Bakı Enerji Quraşdırma idarəsinin sahə rəisi Vahid Quliyev, sürücü Fazil Allahverdiyevlə Kosalar kəndinə tikinti materialları
apararkən Malıbəyli körpüsündə pusquya düşərək, maşını tərk edib, özlərini çaya ataraq meşəyə qaçıb oradan da Malıbəyli kəndinə getməyə nail olmuşdular. Elə həmin gün Şuşadan Şəkiyə yük aparan, Şuşa Avtomobil Nəqliyyatı müəsisəsinin sürücüsü Həsən Məmmədov,
Xankəndi şəhərinin Elektronika zavodunun yanında pusquda duran ermənilər tərəfindən bir neçə daş zərbəsi alsa da özünü itirməmiş, maşınla qaçıb canını qurtara bilmişdi: "Qarabağın yollarında hərəkət edən yük və sərnişin maşınlarını erməni hücumlarından xilas etmək üçün Qarabağa SSRİ Daxili Qoşunlarının silahlı əsgəri hissələri yeridildi. Artıq Ağdam–Şuşa–Laçın, Ağdam–Kəlbəcər, Tərtər–Kəlbəcər istiqamətlərində yük və sərnişin maşınlarına əsgərlərin müşayəti olmadan hərəkət etmələrinə icazə verilmirdi.
Belə çətin günlərdə respublika ictimaiyyətinin diqqəti Dağlıq Qarabağa yönəlmişdi. Demək olar ki, Republikanın rayonlarının hamısından Qarabağda yaşayan, erməni təcavüzünə məruz qalmış azərbaycanlı ailələrinə maddi yardımlar göndərilirdi. Azərbaycan Hökuməti güman edirdi ki, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafını daha da sürətləndirməklə bu problemi həll edə biləcəkdir. Odur ki, Xankəndi şəhəri və onun ətraf ərazilərində böyük tikinti və quraşdırma işləri aparılır, yeni təsərrüfat subyektləri yaradılırdı.
Belə ki. İldə 100 min körpə balıq yetişdirmək istəyi ilə Tərtər dəryaçasında balıqçılıq təsərrüfatı üçün 136 min manatlıq müasir avadanlıq alınıb gətirilib quraşdırılmışdı. Moskva, Dağlıq Qarabağın erməni əhalisini çox ciddi şəkildə müdafiə edir hadisələrin növbəti gedişinə istiqamət verirdi. Mərkəzi Hökumət SSRİ Dövlət Aqrar-Sənaye Komitəsi adından maddi-texniki ehtiyacların ödənməsi üçün Qarabağın erməni əhalisinə müntəzəm olaraq birbaşa yardımlar edir, buradakı hərbi bazaya daha çox silah-sursat yerləşdirirdi.
Azərbaycanlı əhaliyə şamil edilməyən belə yardımlar ermənilərin radikallaşmasına və milli münaqişənin daha da qızışdırılmasına səbəb olurdu. Bundan məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi. Bu məsələ ölkə başçısı M.Qorbaçovlada razılaşdırılmışdı. Burada Moskvanın vəzifəsi, Qarabağın idarəolunmaz bir əraziyə çevrilməsini, sosial-iqtisadi problemlərin yüksək səviyyədə olmasını bununla belə ermənilərin burada kompakt şəkildə yaşamasını əldə əsas tutaraq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyinə Azərbaycan xalqının inandırılmasına nail olmaq idi. Qarabağ məsələsində M.S.Qorbaçova onun həyat yoldaşı erməni əsilli Raisa xanımın güclü təsiri var idi. Məhz bunun nəticəsi idi ki, DQMV-nin erməni rəhbərliyi Qağlıq Qarabağda işləyən və yaşayan bütün azərbaycanlılara tezliklə vilayəti tərk etmələri barədə ultimatum verdilər... Hadisə 1988-ci ilin iyun ayında baş verdi.
Bütün bu qanunsuzluqları araşdırmaq üçün Republika Prokrorluğu Vilayətdə müəsisələrin maliyə vəziyyətini yoxlamaq üçün 1988-ci ilin sentyabr ayının 8-də Xankəndi şəhərinə istintaq qrupu göndərdi.
Müstəntiqlərin gəlişinə etiraz edən Vilayət rəhbərliyi Respublika Prokurorluğunun müstəntiqlərinin işinə mane olmaq üçün, yaratdıqları silahlı dəstələrə Vilayət Prokrorluğunu mühasirəyə alaraq müstəntiqlərdən birini və ya bir neçəsini öldürmək barədə göstəriş verdilər.
Vilayət Prokrorluğunu mühasirəyə alan silahlı talpa içriyə daxil olaraq müstəntiqlərə xəsarət yetirməyə cəhd göstərirdilər. Lakin rus hərbçiləri ssenariyə uyğun hərəkət edərək erməniləri sakitləşdirib, sentyabr ayının 12-də Respublika Prokurorluğunun istintaq qrupu üzvlərini öz hərbi maşınlarında vilayətdən çıxardılar.
Bu hadisədən ruhlanan 100 nəfərə yaxın silahlı erməni döyüşçüləri sentyabr ayının 18-də Hava limanına sahib olmaq üçün Xocalı qəsəbəsinə hücum edərək kəndi yandırmağa cəhd etdilər. Quş tüfəngi, balta, yaba və digər kənd təsərrüfatı alətləri ilə silahlanan Xocalılar ermənilərin bu hücumu zamanı kəndin müdafiəsini həqiqətən çox bacarıqla dəf etdilər. Lakin bu döyüş xəsarətsiz və itkisiz ötüşmədi, Xocalılardan bir nəfər öldü, bir nəfər isə yaralansa da hücum dəf edildi.
Xocalını yandırmağa müvəffəq olmayan ermənilər Xankəndinə qayıdaraq şəhərdəki bütün azərbaycanlıların evlərini qarət edib yandırmağa başladılar. Öz evlərində qapalı şəraitdə yaşayan və heç bir yandan müdafiəsi olmayan azərbaycanlılar ayaqyalın başıaçıq yarıçılpaq vəziyyətdə heç olmasa canlarını xilas etmək üçün dar meşə cığırları ilə Şuşaya tərəf qaçırdılar".

Uğur