Azərbaycan diasporu və xarici media ilə iş prinsipi Layihə

Azərbaycan diasporu və xarici media ilə iş prinsipi


Problemlər, müsbət tendensiya və inkişaf perspektivləri

Bu gün Azərbaycan diasporunun üzərində böyük məsuliyyət yükü var. Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, ölkəmizə qarşı mütəmadi olaraq qərəzli siyasi addımlar atılır, xalq olaraq soyqırıma məruz qalmışıq, ən əsası isə bütün bunları yaşadığımız halda erməni lobbisi uzun illər dünyaya bunun əksini anladıb. Dini, siyasi faktorlar daxil olmaqla hər bir detaldan istifadə etməyə çalışan erməni lobbisi uzun illlər yalan məlumatlar yaymaqla dünya ictimaiyyətini aldada bilib və nəticədə müxtəlif mərhələlərdə dəstək qazanıblar. Bundan başqa bizim dünyaya çatdıracağımız özünəməxsus mədəniyyətimiz, mətbəximiz, turist cəlb etmək üçün əlverişli bölgələrimiz, tarixi abidələrimiz, muğamımız və s.var. Amma erməni xisləti bunlara da dil uzatmaqdan yan keçməyib. Qısaca olaraq "ney", "dolma" və "sarı gəlin" faktını xatırlatmaq yetər.
Erməni lobbisi bütün bunlara nə ilə nail olub? Təbii ki, əsasən xarici media ilə qurulan iş prinsipi ilə. Bəs biz, bu barədə düşünmüşükmü? Bu prosesləri analiz edərək nəticə çıxarmışıqmı, yaxud buna qarşı hansı addımlar atmışıq?
Əvvəlcə xatırladım ki, son illər bu məsələ ilə bağlı müsbət tendensiya müşahidə olunur. Amma burada "son illər" ifadəsi bizim uğurlarımızla yanaşı hələ də həllini gözləyən problemlərimizin olmasından xəbər verir.
Xatırladaq ki, uzun illər boyu bizim diaspor fəaliyyətimiz xaricdə tədbirlər keçirmək, yaxud anım günlərimizdə, eyni zamanda, bayram günlərində bir araya gələrək şəkərbura, paxlava yeyib dağılışmaqdan ibarət olub.
Məsələn, 500 nəfərlik zal tutub 500 azərbaycanlının (rəqəmlər fərqli ola bilər) işitirak etdiyi tədbirin heç bir əhəmiyyəti yoxdur. Biz hamımız Qarabağ problemi, Xocalı soqyırımı, eyni zamanda digər məsələlər barədə məlumatlıyıq. Belə olduğu halda bildiyimiz məsələləri bir birimizə deməklə kifayətlənməyin hansı əhəmiyyəti var? Əgər keçirdiyimiz tədbirlərdə həmin ölkənin ictimai siyasi xadimləri, millət vəkilləri və digər sahəni təmsil edən insanlar, ən əsası isə media iştirak etmirsə deməli ora xərclənən vəsait boş yerə israf olunub.
Bundansa hər hansı bir Avropa mediasında, heç olmasa regional nəşrlərdə yazı ilə çıxış etmək daha effektli olmazmı? Onu da xatırladaq ki, Avropanın kiçik ölkələrində belə 150 min tirajla çıxan regional mətbuat orqanları var.
Tədbirlər, mitinqlər bir şərtlə önəm daşıyır ki, ora daha çox əcnəbilər və mümkün olduqca çoxsaylı xarici media təmsilçiləri qatılsın. Yalnız bu zaman həmin tədbirlərin önəmi haqqında danışa bilərik.
Hər bir diasporun uğurlu fəaliyyət göstərib göstərməməsini müəyyənləşdirən ən əsaslı faktorlardan biri xarici media ilə iş prinsipidir.
Təəssüflə qeyd etməliyik ki, bu gün xarici media ilə sıx işləyən diaspor fəallarımız barmaqla sayılacaq qədərdir. Biz də xarici media ilə əlaqələri olan diaspor nümayəndələrimizlə mövzunu müzakirə etdik.

"Diasporun xarici media ilə sıx işləməsi çox önəmlidir"

Xarici media ilə əlaqəli şəkildə fəaliyyət göstərən Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi mövzu ilə əlaqədar qəzetimizə açıqlamasında bildirdi ki, diasporun xarici media ilə sıx işləməsi çox önəmlidir: "Biz "Belçika-Azərbaycan Dostluq Cəmiyyəti" olaraq yerli media ilə sıx əlaqələr qurmağa çalışırıq. İstər burda çıxan türkdilli media, istərsə də yerli dildə çıxan media qurumları ilə yüksək səviyyədə əlaqələrimiz var. Burda yerli qəzetlərdən "De Standaart," "Gazet Van Antwerpen," "Het belang van Limburg," "Het Laatste Nieuwes" və yaşadığımız Ham bələdiyyəsinin aylıq qəzetinin adlarını çəkmək istəyirəm. Belçikada fəaliyyət göstərən türkdilli mətbuatdan isə qısa adı BTMB olan "Belçika-Türkce Media Birliyi" və bu qurumda olan ən azı 15 qəzet, "Belçika Aydın Haber," "Belçika Gündəm Haber" kimi media qrumlarının və bizə daim dəstək verən jurnalist dostlarımız Cəlil Gündoğdunun, Hüseyn Dönməzin adlarını xüsusi qeyd etmək istəyirəm. Huseyn Dönməzin Kanal A-da yayımlanan "Belçika Gündəmi" adlı televiziya proqramında da vaxtaşırı çıxışlarımız olur. Adlarını çəkdiyim media qrumlarında vaxtaşırı təşkilatımız, gördüyümüz işlər barədə yazılar verilir".

Şəxsi münasibətlər önəmlidir…

A.Dəmirçi əlavə etdi ki, bunlara nail olmaq üçün sıx əlaqələr qurulmalıdır: "Bu əlaqələrin qaneedici olması üçün biz əlimizdən gələni etməkdəyik. Əlbətdə ki, əlaqələrimizin daha geniş olmasını istəyirik və bu istiqamətdə çalışmalarımız davam edir. Ancaq bu, düşünüldüyü kimi asan deyil. Bunun üçün zaman lazımdır. Başqa amillər nəzərə alınmalıdır. Burada böyüyən gənclərimizə böyük ümidilərmiz var. Bizim təşkilatımız da gənclərlə sıx işbirliyi şəraitində işləməyə tərəfdardır. Gənclərimizin əlaqələrini də bu işlərə cəlb etsək daha böyük uğurlara imza ata bilərik. Biz çalışırıq ki, media ilə münasibətlərimizi daha yaxşı formada quraq. Bunun üçün şəxsi münasibətlərdən də istifadə etməyə çalışırıq. Onu qeyd edim ki, bu gün media ilə olan əlaqələrimiz bir neçə il olduğundan daha da yaxşıdır və inanıram ki, bu əlaqələr daha da yaxşı olacaq".

Durum nə zaman dəyişəcək?

Ən effektli mübarizə və təbliğat üsullarından biri də lobbiçilik işinə əcnəbilərin cəlb olunmasıdır. Tutaq ki, hər hansı bir azərbaycanlı xarici mediada çıxış edə və yazı yaza bilər, bu çox yaxşıdır və Azərbaycanın təbliğatı deçəkdir. Amma bunu həmin ölkənin vətəndaşı edərsə bu daha effektiv ola bilər. Bu taktikadan mütəmadi olaraq istifadə edən, xarici media ilə işləyən daha bir diaspor üzvümüz Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının sədri Vüqar Abbasovdur. V. Abbasov "fikrimcə bizim diasporumuz hələ tam formalaşmayıb".- deyə bildirdi: "Bəzi ölkələrdə digərinə nisbətən daha güclü, yaxud zəif ola bilərik. Ancaq geniş mənada baxsaq, biz hələ formalaşmaqdayıq. Təəssüf ki, bu proses bizim arzu etdiyimiz səviyyədə deyil. Mən şəxsən ardıcıllığı görmürəm. Fəaliyyətlərimiz arasında bir bağlılıq yoxdur, sanki bir dağınıqlıq var. Media ilə əlaqələrə gəlincə, orada da durum təxminən eynidir. Belə ki bəzi ölkələrdə mətbuata çıxış imkanımız var, bəzilərində isə yoxdur. Nə zaman ki, bizim xarici ölkələrdə böyüyən gənclərimiz yaşadıqları ölkələrdə təhsil alıb yerli mediada işləməyə başlayacaqlar o zaman durum dəyişəcək. Mediada çalışmaları önəmli deyil. Xaricdə böyüyən gənclərimizin yaşadığı yerlərdəki əlaqələri daha geniş olacaq. Deyək ki, uşaqlıq dostu, sinif yoldaşı və.s. istər mətbuatda, istərsə də digər sahələrdə işləyəcək və bu da yeni tanışlıqlar, yeni imkanlar demək olacaq...".

"Azərbaycanla bağlı sözü niderlandlılar desin"

V.Abbasov "konkret olaraq Niderlanddan danışım", - deyə əlavə etdi: "Burada bizim dəyərli soydaşımız, jurnalist Lena Sangin var ki, imkan düşdükcə Niderland mətbuatında Azərbaycanla bağlı yazılar yazır. Təvazökarlıqdan uzaq olsa da qeyd etmək istəyirəm ki, mən də bu sahədə əlimdən gələni edirəm. İndiyə kimi müxtəlif saytlarda, qəzetlərdə çoxsaylı yazılarım, müsahibələrim gedib. Dəfələrlə radioda çıxışlarımız olub. Bir məqama diqqətinizi xüsusi çəkmək istəyirəm. Bilirsiniz ki, bizim "Connect" təşkilatında da niderlandlılar çoxluq təşkil edir. Biz çalışırıq ki, yerli mətbuata Azərbaycanla bağlı sözü niderlandllar desin. Hesab edirəm ki, bu, daha inandırıcı olar. Misal olaraq deyim ki, təşkilatımızın katibi Vim van Embden 2016 – cı ildə Bakıda keçrilən Dünya Azərbaycanlılarının IV Qrultayında iştirak etdi və qayıtdıqdan sonra yerli Niderland mətbuatında bir neçə müsahibəsi verildi. Həmçinin yerli radio ilə də dəfələrlə çıxış edən Vim həmçinin Qarabağın işğalından və.s. söhbət açdı. Ancaq mən bunları kifayət hesab etmirəm. Bu yaxınlarda təşkilatda bəzi məsələlər müzakirə olunacaq. Əgər mən və dostlarım mənim təşkilatda qalmağıma qərar versək, bu sahədə fəaliyyətimi davam etdirəcəyəm. Əgər təşkilatdan gedəsi olsam o zaman əvvəllər olduğu kimi bir fərd olaraq fəaliyyət göstərəcəyəm. Mən həm də Niderland Jurnalistlər Birliyinin üzvüyəm və bu da mənə Niderland mətbuatı ilə əlaqələr yaratmağa yardımçı olur".

Vazkeçilməz vasitə...

Daha bir effektli fəaliyyət göstərən soydaşımız, Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal bildirdi ki, XXI yüzilin informasiya əsri olduğunu nəzərə asaq, medianın nə qədər vazkeçilməz olduğu daha rahat anlaşılar: "Bu baxımdan bütün diaspor qurumları yaşadıqları ölkələrdəki yerli kütləvi-informasiya vasitələrilə sıx əməkdaşlıq etməklə Azərbaycan həqiqətlərini daha geniş kütlələrə çatdıra bilərlər. Təbii ki, hər hansı bir durumdan razılıq inkişafın qarşısını alır, yeni hədəflər qoyulmasına əngəl olur. Buna görə də, diasporun xarici media ilə işini qaneedici saymaq doğru olmaz. Həqiqətən də qarşıda görməli olduğumuz çox işlər var. Bu işi həm diaspor nümayəndələrinin fərdi səyləri nəticəsində, həm də əlaqəli qurumlar olaraq birgə çalışmaqla görməlidirlər. Fikrimcə, bizim nümayəndələrimiz yerli mətbu orqanlarda təmsil olunmalı, daha fəal çıxış etməliyik...".
Diaspor üzrə araşdırmaçı jurnalist, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk diqqətə çatdırdı ki, Azərbaycan diasporunun bəzi fəalları ayrı-ayrılıqda xarici mətbuatla işləyirlər: "Ancaq xarici mətbuatla iş birliyi quran fəallarımız çox azdır. Biz belə insanları diqqətdə saxlamalıyıq. Cənab Prezident Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı xarici mətbuatla əlaqələr qurmağın vacibliyini diqqətə çatdırdı. Əgər bu fəaliyyət yoxdursa diaspor qurumlarımız Azərbaycanı tanıtdırmaqda çətinlik çəkəcəklər".
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirdilər ki, Azərbaycan diapor təşkilatlarinın fəaliyyət göstərdiyi ölkələrin yerli mediası ilə əlaqələri əvvəlki illərlə müqayisədə daha sistemli və məqsədyönlü xarakter alır: "Bir çox ölkələrdə bizim diaspor nümayəndələri kütləvi informasiya vasitələri, ayrı-ayrı jurnalistlərlə əməkdaşlıq edirlər. Xarici media nümayəndələrinin Azərbaycana səfərləri təşkil olunur. Azərbaycan diaspor təşkilatlarının tədbirlərinə dəvət olunurar. Diaspor fəallarımız da Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması üçün yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində məqlalaərlə çıxış edir, müsahibələr verirlər. Televiziya, radio proqramlarına azərbaycanlılar indi daha intensiv dəvət olunurlar. Bütün bunlar təbii ki, bizim diaspor nümayəndələrimizin media ilə əlaqələrinin inkişaf etdiyini göstərir. Bununla belə, hesab edirik ki, bu əlaqələrin daha da genişləndirilməsinə ehtiyac var.
Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının IV qurultayındakı nitqində əksini tapmış əsas tövsiyələrdən biri də bundan ibarət idi ki, nüfuzlu xarici kütləvi informasiya vasitələrində çalşan azərbaycanlı jurnalistlərin sayı daha çox olmalıdır. Diaspor təşkilatlarımızın təsis etdiyi KİV-lərin, o cümlədən qəzetlər, saytların sayı artırılmalıdır. Bu istiqamətdə də müvafiq tədbirlər həyata keçirilir".

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.