Laçının süqutundan sonra erməni işğalçılarının növbəti hədəfi... Layihə

Laçının süqutundan sonra erməni işğalçılarının növbəti hədəfi...

4-cü yazı

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun tədqiqatlarından aydın görünür ki, ermənilər xalqımıza qarşı həmişə çox fəal amansızlıq nümayiş etdirib: "Cəbhədə isə vəziyyət fərqli idi. Laçın ağır günlərini yaşayırdı... Artıq Ermənistanın Dığ kəndi istiqamətindən Laçın şəhəri top və raket atəşlərinə tutulurdu. 9 may 1992-ci ildə rayon rabitə şöbəsi Ermənistan tərəfdən vuruldu, 5 nəfər faciəli şəkildə həlak oldu. Ölənlərin cəsədlərini iki gün götürüb dəfn etmək mümkün olmadı. Ermənilər şəhərdə hərəkət edən bütün obyektləri vururdular.
13–14-may 1992-ci il tarixdə gecə yarısı Gorus rayonunun sərhəd xidmətinə məxsus Mİ–24 vertalyotları BMP və BTR-ləri Laçının Qayğı qəsəbəsindəki mövqelərimizi atəşə tutdular. Laçın–Qubadlı yolu saat 17:00-dək bağlı qaldı. Bu qəsəbə Ermənistanın Gorunzor (Kornidzor) kəndi ilə üzbəüz yerləşdiyindən ermənilərin adi silahlardan da açdıqları atəşlər belə qəsəbədən yan keçmirdi. Qayğı qəsəbəsi cənub tərəfdən Laçını Respublikanın mərkəzi ilə bağlayan Laçın – Qubadlı yolu üzərində 1988-ci ildə salınmışdı. Laçın şəhərinə daxil olan bütün yüklər bu qəsəbədən keçdiyindən ermənilər bu yolu vaxtaşırı atəş altında saxlamaqla Laçına gediş – gəlişi dayandırır, bu yolla ərazini mühasirəyə salmağa çalışırdılar. Məz bu səbəbə görə də bu qəsəbə bizim üçün bu ərazidə çox vacib strateji məntəqələrdən birinə çevrilmişdi.
15 may 1992-ci il tarixdə Laçın – Qubadlı yolu uğurunda döyüşlər yenidən gərginləşməyə başlandı, düşmən bu dəfə bir neçə istiqamətdən hücuma keçərək Laçın – Qubadlı yolunu bağlamaqla Laçın şəhəri ətrafında muhasirə həlqəsi yaratmağa çalışırdı. Çünki Qarabağın süqutundan sonra Laçını Azərbaycanın digər əraziləri iə bağlayan yeganə yol Laçın–Qubadlı yolu idi. Amma hələlik Laçın–Qubadlı yolu Azərbaycanın hərbi bölmələrinin nəzarəti altında idi.
Gorus rayonunun Dığ kəndi istiqamətindən ermənilər Laçını işğal etmək üçün bu cəbhə xəttinə yeni əlavə qüvvələr yeridirdilər. Eyni zamanda Ermənistanın xüsusi təyinatlı döyüşçülərdən ibarət "ARABA" adlı batalyonu birbaşa Laçın üzərinə yeridildi. Bu batalyonun döyüşçüləri Livan və Suriya kimi ərəb ölkələrindən olan əksəriyyəti erməni əsilli xarici vətəndaşlardan təşkil olunmuşdu. Yaxın Şərqin qaynar nöqtələrində böyük təcrübə yolu keçmiş bu döyüşçülər Laçın – Qubadlı yolunu bağlamaq üçün Ermənistan ərazisindən Zabux və Cağazür kəndlərinə hücuma keçdilər. Onlar ilk növbədə 31 saylı Cağazur postuna hücum edərək postu götürdülər və postdakı 4 nəfər azərbaycanlı döyüşçünün başını kəsərək, meyidləri özləri ilə apardılar. Elə həmin gün Laçın polkunun 4-cü Əlahəddə taqımın komandiri İsabala Əsgərovun rəhbərliyi və bir ədəd zirehli BRDM maşının müşayəti ilə Salahov Fehruz Əhliman oğlu, Mübariz Əsgərov, Yusif Nəcəfov, Şamo Ramazanov və Eldəniz Sabir oğlu (bu şəxs döyüşdə şəhid oldu) adlı döyüşçülərimiz hücum edərək 31 saylı Cağazür postunu ermənilərdən geri alaraq, Laçın polkunun taqım komandiri Süleymanov Əhliyətə təhvil verdilər. Yuxarı Laçında (Laçınkənddə) quraşdırılmış topdan Ermənistanın Gorus rayonunun
Dığ kəndində yerləşən erməni ordusunun silah anbarları partladıldı. Bu partlayışın əks-sədasından qorxuya düşən erməni kəndinin sakinləri kəndi tərk edərək Gorusa qaçdılar. Bu cəbhə xəttindəki döyüşçülər arasında ruh yüksəkliyi yaratmaq istiqamətində mühüm hadisə hesab oluna bilərdi.
Ermənilər, 16 mayda Laçın - Qubadlı yolu istiqamətindəki Cağazur kəndinə Mİ – 24 hərbi vertolyotunun müşayiəti ilə güclü tank zərbələri endirdilər. Bu ərazidəki Azərbaycanın bütün hərbi postları dağıdıldı. Şuşa istiqamətindən Samvel Babayanın komandanlığı ilə erməni orusunun bölmələri Turşsu yüksəkliyini ələ keçirərək, Turşsu – Lesaqor ərazilərini bütünlüklə öz nəzarətləri altına alaraq Laçın istiqamətində irəliləyirdilər. Bu istiqamətdəki döyüşləri Ermənistan Müdafiə Nazirliyinin Qarabağ qərərargahının rəhbəri Arkadi Ter-Tadevosyan xüsusi olaraq nəzarətdə saxlayır, bütün gedişləri Ermənistan Müdafiə Nazirliyiyinin əməkdaşları ilə razılaşdırırdı. Bütünlüklə Ermənistan ordusunun nəzarəti alltında köməksiz qalan Laçının şəhəri yarımmühasirə şəraitini yaşayırdı. Erməni artileriyası Laçın şəhərini həm Şuşa istiqamətindən və həm də Ermənistan tərəfdən top və raket atəşinə tuturdu. Bizim döyüşçülərimiz artıq Laçın şəhərini tərk edərək Laçın-Qubadlı yolu ilə Tikanlı zəmi istiqamətində geri çəkilməyə başladılar.
17 may 1992-ci il tarixdə Laçın şəhərinin taleyi, artıq həll olunmuşdu. Bu o dövrdə o çətin anları yaşayan hər kəsə gün kimi aydın idi. Laçınlı mülki əhalinin ərazini tərk etməkdən başqa çıxış yolları qalmamışdı. Burada Laçın polkunun və rayon milis bölmələrinin döyüşçüləri üzərində bir məsələ qalırdı ki, maksimum cəsarət nümayiş etdirib Laçın rayonunun mülki vətəndaşlarını atəş altından rayonun şimal və cənub istiqamətlərində mümkün qədər minimum tələfatla çıxmalarına kömək etsinlər. Mayın 19-na qədər Laçın polkunun döyüşçüləri Tikanlı zəmidən mülki əhalinin tələfatsız çıxması üçün Laçın-Qubadlı yoluna nəzarət edirdilər. Laçın şəhəri tamamilə mühasirəyə düşdükdən sonra Laçın polku döyüşlə Qubadlı və Laçının şimalı istiqamətində geri çəkildilər. Beləliklə, Laçın rayonu faktiki olaraq üç hissəyə bölünmüşdü. Rayon polis bölməsinin nəzarət etdiyi şimal hissə, ermənilərin nəzarətində olan 15 km-lik koridor və milli ordunun nəzarətində qalan cənub hissə".
F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərin əhatə dairəsini daha da genişləndirmək əzmində idilər. Bunun üçün Ermənistana hava yolu ilə tam təmin edə bilmədiyi Qarabağdakı silahlı qüvvələrini komplektləşdirmək və silah-sursatla təmin etmək lazım idi. Məhz bu səbəbdən də Gorus-Laçın-Şuşa quru yolunun Ermənistanın nəzarətində olmasının xüsusi əhəmiyyəti var idi. Məhz bu səbəbdən də Ermənistan hökuməti, Qarabağdakı erməni silahlılarını komplektləşdirmək üçün Ermənistanın Müdafiə Nazirliyində müdafiə məsələləri üzrə məsləhətçi işləyən, eyni zamanda Ermənistandakı "Qarabağ" hərbi qərargahın üzvü, rus generalı Anatoli Ziineviçi Qarabağa ezam etdilər. Anatoli Ziineviç – Efiopiya, Somali, Əfaqanııstan və dünyanın bir çox qaynar nöqtələrində zəngin təcrübəyə və güclü hərbi savada malik rus zabitlərindən idi. Onun bu təyinatı Qarabağ ətrafındakı digər Azərbaycan ərazilərinin işğal edilməsində mühüm əhəmiyyəti oldu. Ümumiyyətlə, o dövrdə Ermənistan ordusunda əsgərlərin 60-80%-ni, zabitlərin isə 20-30%-ni ruslar təşkil edirdi. 2010-cu ildə Ermənistan ordusunda bu sayın iki dəfə artdığı göstərilir. Qarabağdakı erməni silahlılarının silah sursatla təmin edilməsinin əsas yolu Laçın koridorundan keçirdi. Laçın koridorunun həmin dövr üçün təhlükəsizliyinə zəmanət verilməsi məlumdur ki, ermənilər üçün mühüm əhəmiyyət daşıyırdı. Laçının süqutundan sonra ermənilər, Gorus–Laçın–Şuşa yolunu nəzarətə götürən kimi, Qarabağa böyük həcmdə hərbi ləvəzimat, döyüş sürsatı, zirehli texnika ərzaq və canlı qüvvə daşımağa başladılar. Bu yüklərin ən böyük partiyalarından biri 1992-ci ilin iyul ayında aparıldı. Belə ki, bu partiyaya Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasından 100-dən çox tank və zirehli texnika daxil idi. Qraçov 1992-ci ilin may ayında Naxçıvan əraziilərinin Ermənistana birləşdirilməsinə hazırlıq görülməsi barədə Ermənistanın Müdafiə Nazirliyinə göstəriş verdi. Bu hazırlıq ərəfəsində Türkiyə 1920-ci il Qars müqaviləsinin şərtlərinin hələ də qüvvədə qaldığını xatırladan bəyanat yaydı. Türkiyə bildirdi ki, əgər Ermənistan ordusu Naxçıvan üzərinə hücuma keçərsə, Türkiyənin Hərbi Qüvvələri xəbərdarlıq etmədən Naxçıvana daxil olacaq. Türkiyənin bu bəyənatından qorxuya düşən Qraçov Rusiya prezidentinin köməkçisi Gennadi Burbulislə İrəvana səfər edərək, "Türkiyə təhlükəsi"nin qarşısını almaq bəhanəsi ilə Ermənistan-Türkiyə sərhədlərini rus əsgərlər və zabitləri ilə möhkəmləndirilməsini həyata keçirməyə başladı".
Laçının cənub hissəsində vəziyyət heç də ürəkaçan deyildi, cəbhə bölgəsindən bir-birinə zidd xəbərlər gəlməkdə davam edirdi: "Laçının süqutundan sonra ermənilərin növbəti hədəfinə çevrilən Laçının cənub hissəsinə hücumlar, Qubadlının onsuz da ağır olan vəziyyəti daha da ağırlaşmışdı. Rayonun bütün bölgələri Etmənistanın Gorüs və Qafan rayonları ərazilərindən iki istiqamətdən ağır artileriyanın güclü atəşlərinə məruz qalırdı. Hələ mayın 18-dən Əliquluşağı yaşayış məntəqəsində ermənilərin yerləşdirdikləri 20 tankı BMP-si və xeyli canlı qüvvəsi ilə Qubadlı döyüşçülərinin güclü toqquşması oldu. Uzun sürən şiddətli döyüşdən sonra Qubadlı döyüşçüləri erməniləri öz əraziləri istiqamətində geri oturtmağa nail oldular. Bu döyüşün əks-sədası Laçının cənub hissəsinin və Qubadlı rayonunun bütünlüklə ermənilər tərəfindən işğal olunması barədə şayələrin yayılmasına səbəb oldu.
Qubadlı ətrafındakı özünümüdafiə dəstələri Əliquluşağı yaşayış məntəqəsinin sağ cinahla Laçın cənub istiqamətindəki nəzarətimiz altında olan ərazidən keçərək, Ermənistanın sərhədlərinin içərilərinə doğru məcburi gediş etdilər. Bu zaman hərbi qüvvələrimiz çox yaxşı düşünülmüş bir plan həyata keçirdilər. Laçın Polkunun Qubadlı istiqamətində geriyə çəkilmiş döyüşçüləri Cəbrayıl istiqamətindən döyüşə girərək ermənilərin Qubadlı üzərinə hücumlarını dəf etməyi bacardılar. Bununla da Laçının cənub hissəsinin və Qubadlının işğal edilməsi ilə bağlı şayiələrə son qoyuldu.
1992-ci ilin yayında özündə güc tapan Azərbaycanın hərbi bölmələri Tərtər və Goranboy rayonlarının işğal altındakı ərazilərinin və Qarabağın şimalını azad edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirməyə başladılar. Əməliyyatların bir çoxu müvəffəqiyyətlə başa çatdırılırdı. Bu elə Tərtər və Goranboy istiqamətlərində vuruşan hərbi bölmələrin fəaliyyətində daha çox hiss olunurdu. Cəbhədə öz kiçik uğurlarından fəallaşan Tərtər və Goranboy hərbi hissələri erməni ordu bölmələrinin əsas hissələrinə qarşı müvəffəqiyyətlə mübarizə aparırdılar. Bu üstünlüklər digər döyüş bölgələrindəki əsgərlərimizin də ruh yüksəkliyinə səbəb olmuşdu…"

Uğur