“Rəsmi İrəvan praktik addımlar atmır” Layihə

“Rəsmi İrəvan praktik addımlar atmır”

Musa Qasımlı: "Təmas xəttində gərginliyin artmasının bütün məsuliyyəti təcavüzkar Ermənistanın üzərinə düşür"

Mübariz Əhmədoğlu: "Ermənistanın əsas məqsəd belə görüşlərin baş tutmasına imkan verməmək, yaxud mümkün qədər gecikdirməkdir"


BMT sözçüsü Stefan Dujarric BMT baş katibi Antonio Guterresin adından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib.
Bəyanatda bildirilib: "Baş katib Baş Assambleyanın sessiyası çərçivəsində Nyu-Yorkda ATƏT-in Minsk qrupu həmsədrləri və Azərbaycan, Ermənistan XİN rəhbərləri arasında baş tutan görüşü alqışlayır. Baş katib həmsədrlərin gərginliyi deskalasiya etmək və danışıqları canlandırmaq istiqamətindəki işini dəstəkləyir. Guterres ümid edir ki, prezidentlər səviyyəsində keçirilməsi planlaşdırılan görüş etibarın artması və əsas məsələlərin həlli istiqamətində tərəflər arasında kompromisin tapılması üçün lazımi siyasi iradənin təşviqinə dəstək verəcək".
Qeyd edək ki, xarici işlət nazirlərinin görüşündən sonra ermənilər növbəti təxribata əl ataraq cəbhədə vəziyyəti gərginləşdirməyə çalışırlar.
Onu da xatırladaq ki, Ermənistanın silahlı qüvvələri "Smerç" reaktiv sistemlərinin tətbiqi ilə təlimlər keçirib.
Təlimlərin ssenarisi üzrə Ermənistan silahlı qüvvələri həyəcan siqnalı ilə təyin edilmiş yerə çıxıb, "Smerç" kompleksini atəş açılacaq yerdə yerləşdirib və sonra hədəfə-şərti rəqibə zərbələr endirib.
"Smerç" reaktiv yaylım atəşləri sistemi uzaq məsafələrdən praktiki olaraq istənilən hədəfi– rəqibin canlı qüvvəsini, hərbi texnikasını, nəzarət məntəqələrini və rabitə vasitələrini vurmaq üçün nəzərdə tutulub.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın təlimlərdə "Smerç" yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildiriərkən deyib ki, bu, Ermənistanın öyünə biləcəyi yeganə silah növüdür: "Nəzərə alsaq ki, "İsgəndər" əməliyyat-taktiki raket kompleksi Ermənistan silahlı qüvvələrinin balansında deyil, "Smerç" YARS onların ordusunun silahlanmasında olan "ən güclü" raket sistemidir. Lakin unutmaq lazım deyil ki, bu raket sistemləri Sovet dövründə istehsal olunub və 1987-ci ildə istifadəyə verilib. Mülki vətəndaşlar bilməsələr də, peşəkar hərbçilər yaxşı bilir ki, 30 il əvvəl istehsal olunan və illərlə anbarlarda saxlanılan silahın bu gün uğurlu tətbiqi böyük şübhə altındadır. Böyük ehtimalla, Ermənistanın "Smerç" YARS-dan atışlar keçirməsi də məhz onların istifadəyə yaralı olub-olmamasının yoxlanılması ilə əlaqədardır. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunun silahlanmasında olan və daim yenilənən ən müasir raket sistemləri və digər silah növləri dəqiqliyinə və dağıdıcı gücünə görə dünyanın ən qabaqcıl ordularının silahları ilə müqayisə oluna bilər".
Millət vəkili Musa Qasımlı isə deyib ki, xarici işlər nazirlərinin görüşünün keçirilməsi faktının özü müsbətdir: "Lakin görüşlərin nəticəsi olmalıdır". Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün rəsmi İrəvan praktik addımlar atmır, ona mane olur və "oldu-bitdi" yaratmağa çalışır: "Belə mövqe münaqişənin həllini uzadır. Münaqişənin həlli üçün ilk növbədə işğal faktı aradan qaldırılmalıdır. Bu olmadıqca, işğalçı qoşun hissələri ilə təmas xəttində gərginliyin artmasının bütün məsuliyyəti təcavüzkar Ermənistanın üzərinə düşür. Belə bir regional siyasi gərginliklər fonunda Ermənistanın yeganə çıxış yolu işğal altında olan torpaqları geri qaytarmaqdan ibarətdir".
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda BMT BA müstəvisində ATƏT-in Mnsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə görüşdü. Ermənistan XİN-in belə görüşlərə 2 elementdən ibarət xüsusi yanaşması mövcuddur: "Əsas məqsəd belə görüşlərin baş tutmasına imkan verməməkdir. Baş tutacağı təqdirdə isə bunu mümkün qədər gecikdirmək".
O qeyd edib ki, həmişə belə görüşlər barədə Ermənistan XİN qeyri-dəqiq məlumatlar yayır. Bu dəfə isə Ermənistanın görüş tarixini yubatması ona baha başa gəldi. Politoloq vurğulayıb ki, həmsədrlər ATƏT-in baş katibi T.Qreminger və BMT Baş Katibinin siyasi məsələlər üzrə müavini C.Feltmanla görüşdü: "ABŞ-ın ağırçəkili diplomatı Feltman BMT-nin siyasi kuratorudur. İranla "altılıq" arasında nüvə müqaviləsi Feltmanın İrana gizli səfər edərək apardığı danışıqlardan sonra imzalandı. Feltman indi Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğuldur. Səhv etmirəmsə, bu onun ikinci müdaxiləsidir".
M. Əhmədoğlu vurğulayıb ki, bu iki görüşün təşkilində E.Şoferin rolunun olduğunu ehtimal etmək olar. Yeni amerikalı həmsədr E.Şofer ilk dəfə ATƏT MQ həmsədri kimi fəaliyyətə başladı: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin Nyu-York görüşündən sonra yaydığı bəyanatda danışıqların davamı üçün etimad tədbirləri kimi prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinə istinad olunmur. 2016-cı ilin aprel döyüşlərindən sonra bu ilk dəfədir. Prezidentlərin görüşü tənzimlənmənin əsas məsələləri üzrə razılığa gəlmək üçün etimad yaratmaq tədbiri kimi göstərilir. Bu artıq Ermənistanın ciddi diplomatik məğlubiyyətidir".
Politoloq əlavə edib ki, Nyu-York görüşündə ATƏT MQ həmsədrləri səlahiyyət və məsuliyyət prizmasından özlərinin pay bölgüsünü müəyyənləşdirdilər: "Ona görə Ermənistan XİN həmsədrlərlə nazirlərin görüşünün bitməsindən sonra dərhal məlumat yayacağını anons etsə də, bu baş vermədi. Çünki görüşün məzmunu Ermənistan XİN-in ev hazırlığını alt-üst etmişdi. Təbii ki, bu Azərbaycan XİN-in iştirakı ilə baş tutdu. Prezident S.Sərkisyan "Baza"da erməni gənclərilə görüş zamanı tənzimlənmədə öz maraqlarını detallar vasitəsilə təmin edəcəklərini bildirmişdi: "Hər nöqtə və vergül uğrunda uzun müddətli mübahisələr gedəcək"". Azərbaycan XİN rəhbəri E.Məmmədyarov detal mövzusunda ermənistanlı həmkarı E.Nalbandyanı uddu və prezident S.Sərkisyana detallar fənni üzrə əməlli-başlı dərs keçdi. Bunun əvəzində Ermənistan XİN-i ATƏT MQ həmsədrlərinin yaydığı bəyanatla vuruşmağa başladı: "Qısa, amma gərgin döyüşdən sonra Ermənistan XİN həmsədrlərin bəyanatını şil-küt etdi. Ermənistan XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bəyanatın vacib hissələri kəsilmişdi, hətta, "oktyabrın əvvəli" sözü "oktyabr"la əvəzləndi".
Politoloq hesab edir ki, Ermənistan diplomatiyasının qara gününü yeni amerikalı həmsədr E.Şoferin rəsmən fəaliyyətə başladığı günlə üst-üstə düşməsini erməni ekspertlərinin nəzərə alması vacibdir.
Politoloq Fikrət Sadıxov isə hesab edir ki, xarici işlər nazirlərinin görüşünü ümumilikdə müsbət qiymətləndirmək Onun sözlərinə görə, bunu proseslərin inkişafı baxımından söyləmək mümkündür: "Azərbaycanın xarici işlər naziri də bəyan etdi ki, müəyyən təkliflər var. Yəni, o, bununla demək istədi ki, müzakirə predmeti mövcuddur. Bu, konstruktiv və substantiv şəraitdə keçsə, əlbəttə ki, müəyyən ilkin nəticələr əldə etmək olar. Burada dövlət başçılarının görüşü nəzərdə tutulur. Mənə elə gəlir ki, vaxtilə keçmiş amerikalı həmsədr Hoqlandın irəli sürdüyü təkliflər əsasında olan təşəbbüslərdən söhbət gedir. O, prosesin işğal olunmuş rayonların azad edilməsindən başlanılmasını təklif edirdi və bununla bağlı 6 prinsip səsləndirib. Əgər bunun əsasında danışıqlar baş tutsa, bu bizim maraqlarımıza cavab verən addım olar və biz nə isə əldə edə bilərik. Fikrimcə, məhz bu, Nyu-Yorkda baş tutan görüşün əsas müsbət nəticəsidir. Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutacağını əminliklə söyləmək isə mümkün deyil. Lakin həmsədrlər bu görüşün keçirilməsinin daha çox istəyirlər və bunun üçün əllərindən gələni edəcəklər. Hesab edirəm ki, görüş naminə hansısa görüş təşkil etməyin heç də mənası yoxdur. Çünki masanın üzərində Azərbaycanın marağına cavab verən konkret təkliflər olmalıdır. Azərbaycanın maraqları dedikdə, biz beynəlxalq hüquq normalarını nəzərdə tuturuq. Əgər belə təkliflərin müzakirəsi planlaşdırılsa, əlbəttə ki, dövlət başçıları görüşə bilər. Amma bir şərtlə ki, Ermənistana müəyyən təzyiqlər olunsun. Ermənistan özü-özlüyündə normal konstruktiv plana riayət etmir. Ona görə də iki istiqamət eyni vaxtda vacibdir: Birincisi, həmsədrlər tərəfindən təkliflər irəli sürülməlidir, digər tərəfdən isə Ermənistana müəyyən təzyiq göstərilməlidir".

Əli