Təbiətin qorunmasında yeni dövr: şəffaf monitorinq, ictimai nəzarət və ölçülə bilən nəticələr Layihə

Təbiətin qorunmasında yeni dövr: şəffaf monitorinq, ictimai nəzarət və ölçülə bilən nəticələr

Azərbaycanda ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması həm təbiətimizin gələcəyi, həm də cəmiyyətimizin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişikliklərinin təsirlərini hiss etdiyimiz bu günlərdə yaşıllıq sahələrinin genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə və tullantıların düzgün idarə olunması istiqamətində addımların ardıcıl şəkildə davam etdirilməsi vacibdir. Sahə mütəxəssisləri vurğulayırlar ki, ekoloji təhlükəsizliyin təmin olunması yalnız müvafiq qurumların deyil, hər bir vətəndaşın, sənaye müəssisələrinin və ictimai təşkilatların birgə səyi ilə mümkündür. Ekspertlər “Xalq Cəbhəsi”nə açıqlamalarında Azərbaycanın ekoloji gələcəyi və bu sahədə görülməli olan işlərlə bağlı fikirlər səsləndirib və təkliflər irəli sürüblər.

Sənayedə ekoloji monitorinq

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova söyləyib ki, Azərbaycanda ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması istiqamətində tədbirlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi vacibdir.
O qeyd edib ki, son illərdə Azərbaycanda yaşıllıqların artırılması, su ehtiyatlarının qorunması, alternativ enerji mənbələrinin inkişafı, tullantıların idarə olunması və ekoloji maarifləndirmə sahəsində müxtəlif təşəbbüslər həyata keçirilir. Bununla yanaşı, mövcud ekoloji çağırışlar əldə olunan nəticələrin davamlı olması üçün daha sistemli tədbirlərə ehtiyac olduğunu göstərir.
İradə Həsənovanın sözlərinə görə, ekoloji təhlükəsizlik yalnız dövlət qurumlarının deyil, sənaye müəssisələrinin, bələdiyyələrin, vətəndaş cəmiyyətinin və hər bir vətəndaşın ortaq məsuliyyətidir: “Ətraf mühitin qorunması gələcək nəsillərin sağlamlığı, ölkənin iqtisadi inkişafı və insanların həyat keyfiyyəti ilə birbaşa bağlıdır. Sənayenin inkişafı iqtisadiyyat üçün vacib olsa da, istehsal proseslərinin ətraf mühitə təsiri daim nəzarətdə saxlanılmalıdır. Xüsusilə neft-qaz sənayesi, kimya müəssisələri, metallurgiya və digər istehsal sahələrində atmosferə atılan tullantılar, çirkab suların idarə olunması və torpaqların çirklənməsi məsələləri diqqət mərkəzində olmalıdır. İlk növbədə, sənaye müəssisələrində ekoloji monitorinq gücləndirilməli, emissiyaların həcmi mütəmadi ölçülməli və nəticələr ictimaiyyət üçün əlçatan olmalıdır. Müəssisələrdə müasir filtrasiya sistemlərinin quraşdırılması, enerjiyə qənaət edən texnologiyalara keçid və istehsalat tullantılarının azaldılması təşviq edilməlidir. Ekoloji normaları pozan müəssisələrə qarşı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülməli, ekoloji tələblərə əməl edən müəssisələr isə yaşıl texnologiyalara investisiya qoymağa həvəsləndirilməlidir. Əsas məqsəd sənaye inkişafı ilə təbiətin mühafizəsi arasında tarazlığın yaradılmasıdır”.
İradə Həsənova diqqətə çatdırıb ki, Azərbaycanda həllini gözləyən əsas ekoloji məsələlərdən biri də məişət və sənaye tullantılarının düzgün idarə olunmasıdır: “Tullantıların çeşidlənmədən ümumi poliqonlara göndərilməsi təkrar emal imkanlarını məhdudlaşdırır, torpaq və su ehtiyatlarına əlavə təzyiq yaradır. Tullantıların mənbəyində çeşidlənməsi sisteminin genişləndirilməsi, plastik və kağız məhsulların təkrar emalının artırılması, üzvi tullantılardan kompost hazırlanması və birdəfəlik plastikdən istifadənin azaldılması vacibdir. Xüsusilə regionlarda çeşidləmə məntəqələrinin və təkrar emal infrastrukturunun genişləndirilməsi diqqət tələb edir.
Dövlət və özəl müəssisələrdə, məktəblərdə və ali təhsil müəssisələrində “Sıfır tullantı” yanaşmasının tətbiqi ekoloji mədəniyyətin formalaşmasına mühüm töhfə verə bilər. Burada qeyri-hökumət təşkilatlarının da rolu böyükdür. QHT-lər maarifləndirmə kampaniyaları, ictimai monitorinqlər, təmizlik aksiyaları və yerli icmaların iştirakı ilə həyata keçirilən layihələr vasitəsilə cəmiyyətin ekoloji məsuliyyətini gücləndirə bilərlər”.
O, yaşıllıq sahələrinin qorunmasının yalnız ağacların əkilməsi ilə məhdudlaşmamalı olduğunu da vurğulayın: “Əsas məsələ əkilən ağacların yaşadılması, mövcud yaşıllıqların qorunması, şəhərlərdə ekoloji tarazlığın saxlanılması və təbii ekosistemlərin bərpasıdır. Xüsusilə Bakı və Abşeron yarımadasında su qıtlığı, yüksək temperatur, torpaqların deqradasiyası və urbanizasiya yaşıllıqların davamlılığı üçün ciddi çağırışlar yaradır. Buna görə də ərazilərə uyğun yerli bitki növlərinə üstünlük verilməli, suya qənaət edən suvarma sistemləri tətbiq olunmalı və ağacların qanunsuz kəsilməsinin qarşısı effektiv şəkildə alınmalıdır”.
O əlavə edib ki, şəhərsalma layihələrində parkların, yaşıllıq zolaqlarının və ekoloji dəhlizlərin qorunması əsas prinsiplərdən biri olmalıdır: “Tikinti və infrastruktur layihələri planlaşdırılarkən onların təbiətə təsiri əvvəlcədən qiymətləndirilməli, mümkün zərərlərin qarşısının alınması və kompensasiya tədbirləri təmin edilməlidir. Meşələrin, su-bataqlıq ərazilərinin, Xəzər dənizinin sahil zonalarının və digər həssas ekosistemlərin mühafizəsi də biomüxtəlifliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişiklikləri Azərbaycanda su ehtiyatlarının azalması, quraqlıq, istilik dalğaları, torpaqların deqradasiyası və bəzi ərazilərdə intensiv yağıntıların yaratdığı risklərlə bağlı əlavə tədbirləri zəruri edir. Bu istiqamətdə bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması, su itkilərinin azaldılması, damcı suvarma sistemlərinin genişləndirilməsi və iqlimə davamlı kənd təsərrüfatının təşviqi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın ekoloji inkişafı istiqamətində həyata keçirilən tədbirlərin uzunmüddətli nəticələr verməsi üçün onların effektivliyi konkret göstəricilər əsasında qiymətləndirilməlidir. Əkilən ağacların sayı ilə yanaşı, onların yaşama faizi, təkrar emala yönəldilən tullantıların həcmi, su itkilərinin azalması, atmosfer emissiyalarının dinamikası və çirklənmiş ərazilərin bərpası da əsas meyarlar olmalıdır.
Şəffaf ekoloji monitorinqin gücləndirilməsi, qanunvericiliyin icrasına nəzarət, yaşıl texnologiyalara investisiyaların artırılması və vətəndaş cəmiyyətinin qərarvermə prosesində iştirakının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ekoloji problemlərin həlli yalnız bu günün deyil, gələcəyin məsələsidir. Təbiəti qorumaq, su və enerji ehtiyatlarından səmərəli istifadə etmək, tullantıları azaltmaq və biomüxtəlifliyi mühafizə etmək hər birimizin məsuliyyətidir. Biz yaşıl gələcəyi yalnız bəyanatlarla deyil, davamlı fəaliyyət, ictimai nəzarət və ölçülə bilən nəticələrlə təmin edə bilərik”.

Biomüxtəliflik və yaşıllaşdırma

Ekoloq İlqar Xəlilov söyləyib ki, hazırda Azərbaycanın ekoloji siyasəti ümumilikdə müsbət istiqamətdə inkişaf edir: “Bununla belə, icra və nəzarət mexanizmlərinin daha da gücləndirilməsinə ehtiyac var”.
O qeyd edib ki, son illərdə Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, emissiyaların azaldılması, tullantıların idarə olunması, yaşıllıqların artırılması və iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində mühüm tədbirlər həyata keçirilir: “2035-ci ilədək emissiyaların 40 faiz azaldılması istiqamətində fəaliyyətin gücləndirilməsi ilə yanaşı, ekoloji nəticələrin davamlı olması üçün iqtisadi inkişafla ətraf mühitin mühafizəsi arasında daha ciddi balans yaradılmalıdır. Azərbaycanda ekoloji problemlərin həlli üçün günəş və külək enerjisindən istifadənin artırılması, neft və qazdan asılılığın azaldılması, sənaye müəssisələrində müasir, enerjiyə qənaət edən, aztullantılı və tullantısız texnologiyaların tətbiqi vacibdir.
O, meşələrin və yaşıllıq sahələrinin qorunub artırılmasının, şəhərlərdə yeni parkların salınmasının və magistral yollar boyunca yaşıllaşdırma işlərinin aparılmasının əhəmiyyətini vurğulayıb.
Ekoloq, həmçinin biomüxtəlifliyin qorunması məqsədilə yeni milli parkların və qoruqların yaradılmasını zəruri hesab edib: “Sənaye və məişət tullantılarının toplanması, daşınması, çeşidlənməsi və təkrar istifadəsi üzrə səmərəli idarəetmə sistemi ölkənin bütün ərazisini əhatə etməlidir. Su ehtiyatlarının qorunması və səmərəli istifadəsi də ekoloji siyasətin əsas istiqamətlərindən biri olmalıdır. Bunun üçün sənayedə qapalı dövriyyəli su sistemlərinin, kənd təsərrüfatında isə damcı suvarma texnologiyalarının tətbiqi genişləndirilməlidir”.
O əlavə edib ki, nəqliyyatda elektrik avtomobillərindən və ictimai nəqliyyatdan istifadənin artırılması ətraf mühitə mənfi təsirlərin azaldılmasına kömək edə bilər.
Ekoloq ekoloji qanunvericiliyin təkmilləşdirilməsinin, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsinin, ekoloji standartların, monitorinqin və idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasının da vacibliyini qeyd edib.
İlqar Xəlilov sonda ictimai nəzarətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb: “Ekoloji siyasətin səmərəliliyi yalnız qəbul edilən qərarlardan deyil, onların icrasına nəzarətin gücləndirilməsindən və cəmiyyətin bu prosesdə fəal iştirakından da asılıdır”.

Günel Elxan