“Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişikliklər...” Layihə

“Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişikliklər...”

Qabil Hüseynli: "Ermənistandakı hadisələrin gedişatına əsasən müəyyənləşəcək"

Tofiq Zülfüqarov: "Geosiyasi baxımdan Ermənistanın vəziyyəti dəyişməyəcək"

İrəvanda çaxnaşma davam edir. İrəvanda müxalif lider Nikol Paşinyanın rəhbərliyi ilə yeni etirazlara start verilib. Ekspertlər vəziyyətin getdikcə gərginləşəcəyini və hətta qanlı qarşıdurmaların olacağını istisna etmirlər. Müzakirə oluinan məsələlərdən biri də Rusiyanın forpostundakı proseslərə hansı prizmadan baxmasıdır.
Ermənistan parlamentinin skiperi Ara Babloyan bildirib ki, Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix açıqlanıb. Onun sözlərinə görə, yeni baş nazirin kimliyi mayın 1-də parlamentin xüsusi iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarkisyan aprelin 23-də istefa verib. Hazırda təkcə "Elk" müxalifət fraksiyası öz namizədini – etiraz aksiyalarının təşkilatıçısı Nikol Paşinyanın adını irəli sürüb.
Deputatı Tahir Rzayev deyib ki, bu gün Azərbaycanla Ermənistan arasında müqayisə edilməyəcək qədər fərq var: "Azərbaycan inkişafa, Ermənistan isə məhvə gedir". Onun sözlərinə görə, bunun nəticəsidir ki, hər iki ölkədə keçirilən seçkilər fərqli nəticələr verdi: "Azərbaycanda inkşafa doğru islahatlar aparılır, yeni hökumət formalaşdırıldı, sabitlik daha da möhkəmləndi. Ermənistanda isə seçkilərdən sonra siyasi xaos başladı, insanlar küçələrə axışdı". T.Rzayev qeyd edib ki, xalqa zülm edən hökmdar uzun müddət vəzifədə qala bilməz: "Serj Sarkisyanın hakimiyyətdən getməsi lap əvvəllər olmalı idi. Sarkisyan hakimiyyəti silah gücünə qoruyub saxlayırdı. Ermənistan xalqı onu istəmirdi, o, təkcə Azərbaycan xalqının deyil, öz xalqının da düşmənidir. O, uzun müddət işğalçılıq siyasəti yeridərək xalqı məhvə məhkum edib. Ermənistan çökmüş və başqa ölkələrdən asılı, ianələrlə dolanan bir respublikadır, özünün heç bir siyasəti yoxdur, ölkədə demokratiya, söz azadlığı yoxdur. Azərbaycan isə müstəqil siyasət yeridir, heç kimin torpaqlarında gözü yoxdu. Azərbaycan Prezidenti düzgün siyasət həyata keçirir, ölkə iqtisadiyyatı inkişaf edir, ölkənin beynəlxalq aləmdə nüfuzu artır və Azərbaycan bütün layihələrə öz imzasını qoyur. Ermənistan isə bütün beynəlxalq layihələrdən kənarda qalıb. Ona görə də Sarkisyan getməli idi". Deputat bildirib ki, bu, hələ son deyil, Serj Sarkisyanın faciəsi bundan sonra başlayacaq: "Sarkisyan əlini günahsız azərbaycanlıların qanına batırıb və o, tribunal qarşısında cavab verməlidir".
Politoloq Vasif Əfəndiyev bildirib ki, 30 ildir müharibə şəraitində hər an ölmək qorxusu ilə yaşayan erməni xalqı savaş simvolu sayılan Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırdı. Onun sözlərinə görə, sonunda Ermənistan xalqı dərk etdi ki, onların da firavan və müharibəsiz ölkədə yaşamaq haqqları var: "Bundan sonrakı gözlənti Ermənistan rəhbərliyinə sağlam və ayıq başla düşünən bir hakimiyyətin gəlməsidir. Hadisələr ildırım sürəti ilə baş verdiyinə görə, Sarkisyanın xarici himayədarları vəziyyəti dəyərləndirməyə macal tapmadılar. Yoxsa Kreml Sarkisyanı belə asanlıqla təhvil verməzdi. Ermənistan bütün sərhədləri boyunca türklərlə yaşamaq məcburiyyətindədir. Gürcüstan və İranla sərhəd bölgələrdə də türk əhalisi yaşayır. Bu reallıqdan qaçmaq mümkün deyil. İndiki şəraitdə yalnız İran tərəfi Ermənistan üçün açıq qapıdır. Lakin təcavüzkar siyasət davam edərsə, bir gün İranın da düşmən ölkədən üz döndərəcəyini görə bilərik. Ən azından İranda 40 milyon azərbaycanlı yaşayır və hakimiyyətin bir gün onların əlinə keşəcəyi istisna deyil. Ona görə də Ermənistanın yeni formalaşacaq rəhbərliyi sülh tərəfdarı olmalıdır".
Politoloq Qabil Hüseynli diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişikliklər Ermənistandakı hadisələrin gedişatına əsasən müəyyənləşəcək. "Dağlıq Qarabağ klanı"nın yavaş-yavaş siyasi meydandan çəkildiyini deyən politoloq söyləyib ki, hazırda baş verənlərin fonunda deyə bilərik ki, Ermənistan xalqı taleyini bir növ əlinə almış olur. Onun sözlərinə görə, ermənilər indiyədək tökdükləri qanın cavabını ödəməli olacaqlar. Q. Hüseynli söyləyib ki, Ermənistanda başlanan inqilab sona qədər getməlidir: " Düşmən ölkədə seçki olmalı, yeni hökumət formalaşmalı, yeni prezident seçilməlidir". Rusiyanın məsələyə müdaxilə etmək niyyətində olduğunu dilə gətirən politoloq belə olan halda, düşmən ölkədə qanın tökülməsi istisna deyil: "Qan tökülərsə o zaman Qərb də proseslərə müdaxilə edə bilər və bu da Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə zərbə vura bilər".
Politoloq vurğulayıb ki, düşmən ölkədə yeni hakimiyyətin formalaşması Azərbaycana müsbət təsiri ola bilər: " Çünki, yeni gələcək adamlar Qərb yönümlü ola bilər ki, onların da ölkəmiz və ərazi bütövlüyümüz haqqında mövqeyi birmənalıdır. Hesab edirəm ki, əli dirsəyə qədər qana bulanan Serj Sarkisyandansa daha fərqli mövqe tutan Paşinyan və onun komandası danışıqlarda daha üzü yola ola bilər. Azərbaycan ərazi bütövlüyü Koçaryan və Serj Sarkisyan komandasından sonra daha asanlıqla həll edə bilər".
Paşinyanın hakimiyyətə gəlmə şansına gəlincə Q. Hüseynli vurğulayıb ki, etiraz hərəkatının lideri Rusiya amilini dəf etsə, o zaman onun hakimiyyətə gəlmə şansı yüksəkdir: "Əks halda, bu o qədər də asan olmayacaq və Serj Sarkisyandan başqa köhnə qüvvələr hakimiyyətdə qalacaq".
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Azərbaycan indiki şəraitdə siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür: "Bu da gələcək məsələlər üçün Bakıya çox böyük və vacib zəmin yaradır". Politoloq tezliklə Ermənistanın strateji xəttində bölünmənin gedəcəyini və bununla da İrəvanın siyasətinin dəqiqləşəcəyini açıqlayıb: "Ermənistan iqtisadi baxımdan Qərbə bağlı olmaq istəyir. Bununla yanaşı, ermənilər təhlükəsizlik məsələlərində rusların alternativinin olmadığını da yaxşı bilirlər. Bu sxemin nə şəkildə formalaşacağını gələcək göstərəcək. İndiki mərhələdə böhran davam edir və təkcə Sərkisyan deyil, onun başçılıq etdiyi və parlamentdə çoxluq təşkil edən Respublika Partiyası da camaatın tələbi ilə siyasi səhnədən uzaqlaşdırılmaqdadır. Bu prosesin sonunun nə olacağını zaman göstərəcək. Ancaq hakimiyyətə gələn Paşinyanın həm daşnaklarla yaxınlığı var, həm də Levon Ter-Petrosyanla fikirləri üst-üstə düşür. Azərbaycanın mövqeyinə gəlincə, biz bilirik ki, Ermənistanda hakimiyyəti kim ələ alsa, dərhal populist şüarlarla çıxış edəcək. Bu populist şüarlar isə ilk növbədə Dağlıq Qarabağa aid olacaq və Paşinyan artıq Qarabağ məsələsinə sərt mövqelər tələb edib. Bu da onu göstərir ki, geosiyasi baxımdan Ermənistanın vəziyyəti dəyişməyəcək. İrəvan Moskva ilə indiyə qədər necə bağlı olubsa, bu bağlılıq ən azı təhlükəsizlik məsələlərində bundan sonra da davam edəcək". T.Zülfüqarov Moskvanın Ermənistanın Rusiyaya olan bağlılığını artırmaq üçün müəyyən addımlar ata biləcəyini istisna etməyib: "Əslində, bu bağlılıq Dağlıq Qarabağ məsələsində - işğal olunmuş Azərbaycan torpaqları Ermənistanın nəzarəti altında olanda da qala bilər, olmayanda da. Əgər Azərbaycan Rusiyanın Ermənistana təzyiqi ilə işğal olunmuş torpaqlarını bu və ya digər şəkildə azad etsə, İrəvanın Moskvaya bağlılığı bununla azalmayacaq. Bu tezislər bu və ya digər şəkildə yaxın gələcəkdə siyasətdə özünü doğruldacaq".
Politoloq Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın Moskvaya, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin isə gözlənilmədən, məxfi şəkildə İrəvana səfərinə də münasibət bildirib: "Bu gediş-gəlişlər təbii ki, texniki məsələlərdir, görünür, hansısa mövqelər dəqiqləşdirilir. Hər halda, Azərbaycan indiki şəraitdə siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür. Bu da gələcək məsələlər üçün Bakıya çox böyük və vacib zəmin yaradır".
Qeyd edək ki, İrəvanda müxalif lider Nikol Paşinyanın rəhbərliyi etirazlar davam edir.

Əli