“Ordumuz torpaqlarımızı azad edə bilmək iqtidarındadır” Layihə

“Ordumuz torpaqlarımızı azad edə bilmək iqtidarındadır”

Ermənistan silahlı qüvvələri 1992-ci ildə özünün hərbi və siyasi havadarlarının köməyi ilə Naxçıvan Muxtar Respublikasının əhali yaşamayan dağlıq sərhəd bölgələrində dağ zirvələrindən keçən sərhəd xəttini adlayaraq, hərbi nöqteyi-nəzərdən daha əlverişli nöqtələrdə mövqeləri işğal etmişdilər. Bu mövqelər əsasən Naxçıvanın Şərur rayonunda yerləşir.
Ötən günlərdə yayılan məlumatlara əsasən deyə bilərik ki, Azərbaycan Ordusunun düz xətt və cinahlardan həmləsi nəticəsində qeyd olunan ərazilərin bir hissəsinin azad edilməsi müvəffəqiyyətlə nəticələnib.
Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan əlahiddə qoşun birləşmələrinin hissələri may ayının ikinci yarısında Şərur rayonunun Günnüt kəndi istiqamətində irəliləyərək kəndi düşmənin nəzarətindən azad edib. Daha sonra Qızılqaya dağı və Xunut dağı (Kömürlüdağ) ordumuz tərəfindən işğaldan azad olunub. Daha bir uğurlu addım atan ordumuz Mehri dağını işğaldan azad edərək, Şərur rayonunun işğalda olan hissəsinin böyük qismini azad edib və mövqeləri irəli çəkib. Həmçinin, Dərələyəz mahalının Arpa kəndi istiqamətində qurulan mövqelər ordumuzun kəndi, əsasən də bölgə üzrə keçən yol qovşağını nəzarət altına almasına imkan yaradıb.
Hərbi eskpert Abuzər Əbilovun fikrincə, bütün bunlara əsasən, son illər Azərbaycan ordusu ilə Ermənistan ordusuna müqayisə kontekstində baxdıqda, hərbi ekspertlər və politoloqlar, məhz Ermənistan ordusunun son durumunu dəqiq şərh edirlər:"Onlar baş verən proseslərə, Ermənistan ordusunda tüğyan edən başıpozuqluq, hərbi cinayətlər, talanlar, korrupsiya və nizamnamədən kənar fəaliyyətlərin nəticəsi kimi baxırlar.
Psixoloji duruma görə də düşmən, durduğu torpağın özünün olmadığını anlayaraq, məhz özgə torpaqları uğrunda ölümə getdiyinin fərqindədir. Bu gün Ermənistan cəmiyyətində bununla bağlı böyük etirazlar var. Ermənistan ordusunda qulluq zamanı əlil olmuş hərbçilər, həlak olan hərbçilərin valideynləri dövlətdən dəstək ala bilmədikləri üçün, onların inamları da günü-gündən sınmaq tendensiyasındadır.
Son günlər Ermənistanda baş verən oyuncaq inqilabın təzadları hər halda açıq-aydın görünməkdədir. Naxçıvan əməliyyatı da buna bariz nümunədir. İqtidara gələn, nə siyasi, nə əqli, nə düşüncə, nə də elmi potensialı olmayan küçə "çegevarası" - Paşinyan, ondan tələb olunan keyfiyyətləri verə bilməyəcəyi fonunda yeni hökumət formalaşdırmağa çalışdı. Orduda da olan dəyişikliklər, sözsüz ki, dağ boyda problemlərin çözülməsi üçün cılız bir addım idi.
Bütün bunların həllini, erməni generalları, "yeni cəbhə" açmaqda, yəni Naxçıvan ərazisinə təxribatlar yeritməkdə gördü. Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Tatarovun şəhid olması buna əyani sübutdur. Nəticədə, bir neçə təhlükəli strateji hündürlüklər istiqamətində əməliyyat keçirildi. Yuxarıda qeyd olunduğu kimi, əməliyyatlar nəticəsində Şərur rayonunun Günnüt kəndi, Qızılqaya, Xunut və Mehri dağı işğaldan azad olundu. Bu ərazilər Azərbaycan respublikasının əzəli və əbədi torpaqları olduğundan, ermənilərin bu istiqamətdə rekasiyasının heç bir əsası yoxdur. Artıq erməni cəmiyyəti də anlayır ki, Ermənistan hökumətində yer tutmuş boşboğaz politoloqların, hökumət və parlament üzvlərinin, ehtiyatda olan generalların Azərbaycanı "İsgəndər" və digər kif qoxulu "əjdahalarla" qorxutmaq mümkün deyil və Azərbaycan ordusu, cərrah bıçağı itiliyində dəqiq zərbələr vurmaqla, əməliyyatlar keçirməyə qadirdir.
Bütün bunların fonunda Ermənistan əhalisinin sınıq halını və ordudan küskün əhvalını sosial şəbəkələrdə yer alan media "generallarının" səhifəsində də izləmək olur. Qatı anti-azərbaycan mövqeyində duran, hər zaman dezinformasiya ilə məşğul olan, keçmiş Azərbaycan vətəndaşı, bir vaxtlar Bakıətrafı qəsəbələrdən biri olan Zaqulbada yaşayan Gevorq Arakelyanın səhifəsində bu açıq-aşkar görünür. Gevorq Arakelyan Azərbaycan ordusunun əməliyyatlarını lağ edərək, ortada olan faktları sapdırmaq istəsə də, erməni istifadəçilər onun faktları gizlətdiyini bildirirlər. Erməni sosial şəbəkə istifadəçiləri, əsasən son illər Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatlarını dilə gətirir və Ermənistan ordusunun başıpozuq generallar tərəfindən, parakəndə quldur dəstəsinə çevrilməsi barədə müzakirələr aparırlar.
Bu baxımdan, artıq Naxçıvanla sərhəddə yaşayan erməni sakinlərinin, ölkənin daxilində və xaricində ev axtarması, öz yaşadıqları ərazinin təhlükəli olması haqqında müzakirələri, dəqiq deməyə imkan verir ki, Ermənistan cəmiyyəti nə köhnə, nə də yeni hökumətə inanmır və ortada olan faktlardan nəticə çıxarmaqdadır. Bundan əlavə xaricdə yaşayan ermənilər də etiraz səslərini qaldırırlar. Hər zaman məğlubiyyətlərinə kənardan "bəhanə" axtaran erməni lobbisinin "sehirli çubuğu" ilə Avropanın küçələrinə axışan, Ermənistanı ağır vəziyyətdə buraxaraq Avropaya axın edən erməni fəalları, "Rusiya Ermənistandan rədd ol" şüarları ilə gündəmi təzələməkdədirlər. Məhz dövlətlərinin süqutunu hökumətlərində axtarmayan bu bəsitlərin, bütün bəlalarını kiməsə yükləmək xəstəliyinə tutulduqları şəksizdir.
Üstəlik Azərbaycanı işğalçılıq siyasəti aparmaqda suçlandıran bu mərəzli toplum, Azərbaycanın işğal olunmuş Kərki kəndini, Qazax rayonunun kəndlərini, ümumən Qarabağı nədənsə "unutmağı" üstün tuturlar. Lakin bu toplum indiki məqamda "gedən qatarın arxasınca" nə qədər baxsa belə, Ermənistanın da o qədər üfüqdə kiçildiyi ilə barışmaq məcburiyyətindədir. Azərbaycan ordusunun İrəvan-Gorus-Laçın yoluna nəzarəti ələ keçirməsi isə, onun Ermənistanın təzə hökumətinə və Avrpada toplanmış "hayküyçülər"inə hədiyyəsidir. Bu hədiyyə nə qədər acı olsa belə, Ermənistan bunu udmaq məcburiyyətindədir. Və belə hədiyyələr hələ çox olacaq...
Ehtiyatda olan polkovnik, ekspert Şair Ramaldanovun fikrincə isə ordumuz torpaqlarımızı azad edə bilmək iqtidarındadır: "Son illər ərzində Azəbaycan Silahlı Qüvvələri zaman baxımından başqa dövlətlərin bacarmadığını edərək böyük inkişaf yolu keçib. Bunun nəticəsidir ki, bu gün ordumuz dünyanın ən güclüləri, sayılanları sırasındadır". Onun sözlərinə görə, bu ordu müharibə şəraitində formalaşıb: "Baxmayaraq ki, müstəqilliyin ilk illərində ordunun maddi-texniki bazası, təchizatı yox səviyyəsində idi, əldə olan hərbi texnikanın da böyük bir hissəsi Birinci Qarabağ Müharibəsi dövründə sıradan çıxmışdı. Bundan əlavə, kadr, zabit çatışmazlığı vardı, olanlardan da xeylisi savaşda şəhid olmuşdu. Yəni Azərbaycan öz Silahlı Qüvvələrini demək olar ki, müharibə dövrünə formalaşdırmağa başladı. Lakin onun tam təşəkkül tapması və vahid komandanlıq altına keçməsi Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra baş verdi. Ona qədər isə könüllülər adı altında yalnız cürbəcür özünümüdafiə batalyonları, silahlanmış bölmələr var idi. Məhz bundan sonra Füzulidə Horadiz istiqamətində hərbi əməliyyat həyata keçirildi və 22 yaşayış məntəqəsi düşməndən azad edildi. Daha sonra ordumuz qanunlara, hərbi nizamnamələrin tələblərinə uyğun olaraq formalaşdı.
1994-cü ildə atəşkəs barədə ümumi razılıq əldə olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələri sürətlə inkişaf etdi və hazırda beynəlxalq təşkilatların hesablamalarına görə, 130 dövlət arasında 56-cı yeri tutur. Bu gün əgər Azərbaycan Ordusu həmin statistik məlumatlara görə Ermənistan ordusunu 30 pilllədən çox qabaqlaya bilirsə və Cənubi Qafqazda ən güclü hesab edilirsə, bunun özü artıq böyük göstəricidir".
Azərbaycanda Silahlı Qüvvələrə demək olar ki, ümumilikdə Ermənistanın dövlət büdcəsi qədər büdcə vəsaiti ayrılır. Bunun nəticəsidir ki, ordumuz ən müasir silah-texnikaya malikdir və ən müasir tələblərə cavab verir. İstər zirehli texnika, istər artilleriya və raket qurğuları, istər hərbi hava, istər hava hücümundan müdafiə, istərsə də hərbi dəniz qüvvələri, eləcə də rabitə, kəşfiyyat, loqistika, tibbi və s. təminatı yüksək səviyyədədir. Əgər hərbi təlimlərin foto və videolarını izləsək, bu dəyişikliyin ilbəil necə baş verdiyini görə bilərik. Ancaq Silahlı Qüvvələrimizin bel sütununu təbii ki, onun şəxsi heyəti tutur. O heyət ki, öz mərdliyi, cəsurluğu, qəhrəmanlığı, Vətəni uğrunda hər an şəhid olmağa hazırlığı ilə seçilir və bunu əməldə göstərir".
Hərbi ekspertin fikrincə, Azərbaycan Ordusu peşəkarlığı və döyüş hazırlığı baxımından düşməndən daha üstündür və istənilən an işğal altındakı torpaqlarımızı azad edə bilmək iqtidarındadır: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabit heyəti və hərbi mütəxəssisləri başqa ölkələrdə birgə keçirilən, eləcə də NATO-nun təlimlərində, tədbirlərində iştirak edir, hansı səviyyəyə malik olmalarını uğurla göstərə bilirlər. Qeyd edim ki, ordu nə qədər də ən müasir silah və texnika ilə təchiz olunsa da, onun şəxsi heyətinin peşəkarlığından, psixoloji durumundan, vətənpərliyindən çox şey asılıdır. Bunun nəticəsidir ki, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 2016-cı ilin aprelində canı-qanı bahasına da olsa, son 23 ildə ilk dəfə olaraq torpaqlarımızın bir hissəsini işğalçı Ermənistan ordusunun tapdağından azad etdi. Hərbçilərimiz qəhrəmanlıq göstərərək keçilməz hesab edilən "Ohanyan xətti"ni aşa və strateji yüksəklikləri geri qaytara bildilər. Aprel döyüşləri zamanı düşmənə elə bir zərbə vurulub ki, indiyədək də ermənilər qorxu, səksəkə içindədirlər".
Ş.Ramaldanov əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, onun səviyyəsinin, döyüş hazırlığının artması bu gün bütün xalqımızın qürur mənbəyidir: "Azərbaycan ordusunun güclənməsi, keçirilən təlimlər Vətənin müdafiəsinə, işğal altında torpaqlarımızın azad edilməsinə yönəlib. Əgər Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, Ermənistan işğalçı ordusunu geri çəkməsə, Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini bacarığını düşmənə göstərəcək. Bu isə işğalçıların darmadağın olunması, onminlərlə itki verməsi ilə nəticələnəcək. Əgər Azərbaycana mane olmasalar və Ermənistanla təkbətək buraxsalar, əminəm ki, ordumuz qısa zaman ərzində işğalçıları darmadağın edərək torpaqlarımızı geri qaytaracaq".
Cavid