“Erməni siyasiləri, yerli media Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın xeyrinə həll oluna biləcəyi təlaşını yaşayır” Layihə

“Erməni siyasiləri, yerli media Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın xeyrinə həll oluna biləcəyi təlaşını yaşayır”

"Prezident İlham Əliyev avqustun 1-də şəhid ailələrinə mənzillərin paylanması mərasimində Ermənistanın yeni hakimiyyətinin siyasətinə ilk dəfə detallı toxundu. Prezident əvvəllər də işğalçı dövlətin yeni hakimiyyəti haqqında bir-iki cümlə işlətmişdi, ancaq bu dəfə məsələyə sistemli yanaşdı". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkmədən söylədiyi fikirləri belə qruplaşdırmaq olar:"Birincisi, İlham Əliyevin "Ermənistanın yeni hökuməti indi daxili problemlərlə məşğuldur" sözlərindən anlaşılan odur ki, baş nazir Nikol Paşinyanın hələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa gərəkli vaxtı yoxdur. Rəsmi Bakı bir az gözləyə bilər. Bu baxımdan İlham Əliyevin bu cümləsi diqqəti çəkir: "Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin". Əslində bu İlham Əliyevin Nikol Paşinyanı tələsdirmədiyinə işarədir. Ancaq zaman limiti uzun çəkməyə də bilər. Paşinyan erkən parlament seçkisinə qədər Qarabağ istiqamətində addım atmağa hazır deyil. Paşinyan Ermənistanda növbədənkənar parlament seçkisini gələn ilin mayında keçirməyi planlaşdırır. Həmin müddətə qədər gözləməliyə dəyərmi – bu sualın aktuallığı da az deyil.
İkincisi, İlham Əliyev Paşinyanın ziddiyyəli bəyanatlarına da toxundu. Paşinyan bir tərəfdən danışıqlarda Qarabağ separatçılarının iştirakını istəyir ki, rəsmi Bakı heç zaman buna razılaşmayacaq, ikinci tərəfdən bu şərt yerinə yetirilmədən də Ermənistanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşüb, fikir mübadiləsi aparıb. Paşinyanın "danışıqlarda separatçılar da iştirak etsin" tələbini nəinki biz, beynəlxalq aləm də qəbul etmir.
Üçüncüsü, İlham Əliyev keçmiş prezident Serj Sərkisyanın ünvanına "kiriminal xunta rejimi" işlətsə də Nikol Paşinyana qarşı hələ ki, sərt ifadə işlətmir. Ancaq İlham Əliyev sonrakı ifadəsində "onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik" cümləsinə də yer verir və bundan sonra məsələyə bu şəkildə nöqtə qoyur: "Ermənistanı daha da sarsıdacağıq".
Dördüncüsü, İlham Əliyev Ermənistanda Azərbaycanla sülh çağırışları edənlərə də diqqət yetirdiyini biruzə verdi. "Biz bu çağırışları eşidirik" – deyən prezident sülh üçün zəruri şərti təkrarladı: "Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!" İlham Əliyevin Ermənistanda sülh çağırışı edənlərə qarşılıqlı jesti də var: "İşğala son qoyularsa, bölgədə sülh yaranar, Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər".
Beləliklə, Azərbaycan və Ermənistan rəhbərləri hələ görüşməsələr də, bir-birləri ilə qiyabi müzakirə aparırlar. Qiyabi müzakirə sanki Azərbaycan ilə Ermənistanın baş naziri arasındakı görüş tarixini yaxınlaşdırır".
Onu da qeyd edək ki, son günlər işğalçı Ermənistanın Qərbə meylli siyasət yürütməsi rəsmi Moskvanın qəzəbinə tuş gəldiyindən Rusiyadan Ermənistana ağır zərbələr hazırlandığı istinsna edilmir. Erməni siyasiləri də və hətta yerli media Ermənistan-Rusiya münasibətlərinin sərinlənməsinin Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın xeyrinə həll oluna biləcəyi təlaşını yaşayır.
Politoloq Mirsamir Məmmədovun fikrincə, Rusiya Ermənistanın arxasından çəkilərsə, bu, işğalçı ölkənin süqutu ilə nəticələnəcək: "Baş nazir Paşinyan ölkəni xaosa sürükləyir və Rusiya ilə münasibətlərini soyuqlaşdırmaqla uçuruma yuvarlanacaq. Məlumdur ki, Ermənistan Rusiyanın bir əaylətidir, bütün iqtisadi və hətta hərbi sənayesi, sərhədləri belə Rusiya tərəfindən qorunur. Eyni zamanda Dağlıq Qarabağ məsələsi də var. Əgər rəsmi Moskva Ermənistana sərt siyasət nümayiş etdirərsə, o zaman Ermənistan çökəcək. Bunu arzulayırıq, çünki artıq Rusiya da başa düşüb ki, işğalçıya etibar etmək olmaz".
Rusiya narıncı inqilabdan sonra ilk dəfə olaraq Ermənistanın yeni hakimiyyəti barədə sərt ifadələr işlədib və bu, iki ölkə arasındakı böyük uçurumun başlanğıcı sayıla bilər.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə söhbətində ilk dəfə olaraq Nikol Paşiyanın komandası barədə barədə sərt ifadələr işlədib.
Lavrovun əsas narazılığı Nikol Paşiyanın öz rəqiblərinə - Rusiyaya sadiq siyasətçilərə sərt divan tutması ilə bağlı olub. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsinə etiraz bildirən Sergey Lavrov deyib: "Hadisələr Ermənistanın yeni rəhbərliyinin bir az əvvəl özündən əvvəlkilərə qarşı siyasi motivlərlə təqib təşkil etməyəcəyi barədə verdiyi vədlərə uyğun gəlmir".
Erməni KİV-lərinin bəziləri 2009-ci ilin 1 mart hadisələrinə görə həbs edilmiş Robert Koçaryanın dinc nümayişi atəşə tutmaq üçün verdiyi əmrinin arxasında Rusiyanın durduğunu və məhkəmə posesində 10 nəfərin ölümünün əsas baiskarının Kreml olduğunun açılacağına iddia edir. Amma bu cür iddialar gülüncdür. Hər halda, Rusiya 1200 illik dövlətçilik ənənəsinə malik ölkədir və bu cür "beynəlxalq fəaliyyət" zamanı iz buraxmamaq praktikasına çoxdan yiyələnib.
Moskvanı narahat edən başqa məsələdir - Paşinyanın dedikləri ilə əməlləri üst-üstə düşmür. Bu, o deməkdir ki, Nikol Paşiyanın Rusiya və 102-ci rus hərbi bazasının Ermənistanın təhlükəsizliyi üçün vacibliyi barədə etdiyi açıqlamalar sadəcə Kremlin başının altına yastıq qoymaq üçün istifadə edilən blefdir. Paşinyan Ermiənistanı NATO-ya üzv etməyə çalışır və bu istiqamətdə addım-addım irəliləyir. Məsələn, Ermənistan KTMT üzvü olduğu halda NATO-nun avqust ayında Gürcüstanda keçiriləcək "Nobel Partner" manevrlərinə qoşulacaq. Həmçinin, Ermənistanda 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı kampaniya başlayıb. "EurAsia Daily" portalının yazdığına görə, "Facebook" sosial şəbəkəsində başlamış bu kampaniyaya Nikol Paşiyanın ən yaxın adamları - baş nazirin müavini Ararat Mirzoyan, hökumət üzvü Daniel İonisyan və onların həmkarı Karpis Paşoyan rəhbərlik edir. Belə görünür ki, onlar müdafiə naziri David Tonoyanın bu günlərdə Rusiya hərbi bazasının statusu məsələsinə yenidən baxılmasının vacibliyi barədə verdiyi bəyanata sosial baza hazırlayırlar.
Bu isə o deməkdir ki, Nikol Paşiyan özü dediyi kimi Gümrüdə və İrəvanda yerləşən Rusiya hərbi bazasını gec-tez çıxarmağa çalışacaq. Bir məsələ var ki, istər İrəvan, istərsə də Gümrü olsun, bu şəhərlərin təhlükəsizliyi məhz Rusiya hərbi bazasının hesabına təmin edilir. Ermənistanın öz hərbi qüvvələri əksəriyyəti Qarabağdadır. Hətta Azərbaycanın Gədəbəy rayonu ilə üzbəüz yerləşən Göyçədəki hərbi hissələr belə Zod tərəfdə, yəni Kəlbəcərə yaxın yerləşib və İrəvanla Gədəbəy arasında ciddi hərbi qüvvə yoxdur.
Yəni İrəvandakı rus hərbi bazası qalxarsa, Azərbaycan ordusu Göyçədən girərək bir neçə saata İrəvana çata bilər. Aviasiya bi məsələdə xüsusi yararlı ola bilər, çünki Ermənistan ordusu aviasiya baxımından çox zəifdir.
Amma Paşiyan belə bir nəticədən yayına da bilər. O, Madrid prinsiplərinə əməl edərək Qarabağ ətrafı rayonları Azərbaycana qaytara bilər və keçmiş muxtar vilayətin statusu barədə Helsinki prinsiplərinə uyğun, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqları davam etdirə bilər. Hiss olunur ki, Paşiyan bu varianta hazırlaşır və keçmiş partiya yoldaşı Zoya Tadevosyanın erməni cəmiyyəti üçün bu günkü riskli bəyanatı buna hazırlıqla bağlıdır. Zoya Tadevosyan erməni jurnalistlərə Ermənistan ordusunun işğal etdiyi ərazilərin Azərbaycana məxsus olduğunu və onları geri qaytarmağın vacibliyini bildirib. Bu, Ermənistanda soyuq duş effekti yaradıb.
"Aysor.am" saytı xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, hazırda Rusiya-Ermənistan münasibətləri heç də yaxşı dövrünü yaşamır.
"Bunun əyani sübutu: KTMT-nin baş katibi Yuriy Xaçaturov haqqında həbs qətimkan tədbirinin seçilməsi, Rusiyanın Ermənistandakı hərbi bazası ətrafında baş verənlər, baş nazirin "Rusiyanın müharibənin qarşısını almaq üçün Azərbaycana təzyiq mexanizmləri mövcuddur" deməsi və sonuncu Rusiya XİN rəhbəri Sergey Lavrovun srağagünkü bəyanatı. Lavrovun bəyanatı aydın şəkildə iki hökumət arasında anlaşılmazlığın olmasının göstəricisidir. Anti-Rusiya mövqeyi süni şəkildə yaradılır".
O, qeyd edib ki, Rusiya XİN rəhbərinin çıxışı erməni-rus münasibətlərinin gələcək inkişafı baxımından narahatlıq doğurur: "Yeni hökumət Rusiya ilə münasibətlərə diqqət etməlidir. Üç prezidetin dövründə Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu qısa müddət ərzində baş verən ictimai hadisələr göstərir ki, Ermənistan və Rusiyanın saat əqrəbləri müxtəlif istiqamətlərdə hərəkət edir".
Cavid