“Qərb Ermənistanı müdafiə etməyəcək” Layihə

“Qərb Ermənistanı müdafiə etməyəcək”

Keçən il Ermənistanda baş verən inqilab və 9 dekabrda baş tutan növbədənkənar seçkilərdən sonra Qarabağ münaqişəsinin nizamlanmasında yeni reallıqların mövcud olması və geri dönüş proseslərinin imkanları barədə pərdəarxası razılaşmaların olduğu təəssüratını yaradacaq bəyanatlar fəallaşıb.
Lakin Ermənistan tərəfi Paşinyan səviyyəsində bildirib ki, münaqişənin həlli istiqamətində hər hansı dəyişiklik baş verməyib. Buna baxmayaraq, bir sıra ekspertlərin fikrincə, bu il münaqişənin həlli istiqamətində əhəmiyyətli rol oynayacaq. Bununla da, cari il uğurla başlayıb.
Belə ki, Minsk qrupunun həmsədrləri yanvar ayında Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşlərinin baş tutacağı barədə məlumat yayıblar. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən yanvar ayında Xarici İşlər nazirlərinin görüşünün təşkil edilməsinə dair təklif irəli sürülüb və qaydalara uyğun açıqlanacaq.
Amerikalı məşhur diplomat, analitik Pol Qobl Qarabağ münaqişəsi zonasını inqilabdan sonrakı vəziyyətini təhlil edərək erməni mətbuatına bildirib ki, münaqişə zonasında indiki mərhələdə əhəmiyyətli dəyişikliklərə gətirib çıxardacaq real heç bir dəyişiklik baş verməyib. Onun sözlərinə görə, nə həmsədr ölkələrin, nə də münaqişə tərəfi olan ölkələrin maraqları və yanaşmaları dəyişməyib.

Qoblun fikrincə, optimist çıxışlar tədricən hərbi ritorikaya çevriləcək, çünki nəticəsi olan danışıqlar prosesi yaxın gələcəkdə gözlənilmir.

"Ermənistandakı indiki hakimiyyət əvvəlki iqtidarın siyasətini davam etdirəcək və indiki hakimiyyətin üzərinə qoyulan legitimlik oyunları əsassızdır. Çünki Qarabağ münaqişəsinin nizamlanması istiqamətində istənilən addım hər hansı bir güzəşti ortaya qoymalıdır. Bu isə yeni seçilən və möhkəmlənən hakimiyyətə zərbə vuracaq", - deyə o qeyd edib.
Rus analitik Stanislav Taratov öz növbəsində hesab edir ki, son aylarda Qarabağ münaqişəsi proseslərinə dair əldə etmiş bütün məlumatlar münaqişənin həlli proqramının mövcud olmasını və bu il üzə çıxacağını iddia etməyə əsas verir.

O, Ermənistan siyasətində heç bir şeyin dəyişilmədiyinə dair amerikalı ekspertlə həmfikirdir. Onun sözlərinə görə, Ermənistan siyasəti anlaşılmaz və ziddiyyətli olmağa başlayıb.

"Bu səbəbdən Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın siyasəti daha səmərəli və anlaşılan görünür. Münaqişə zonasında mövcud layihələrin həyata keçirilməsi üçün tərəflərə, xüsusilə də Ermənistana təzyiq ediləcəyini istisna etmirəm", - deyə o bildirib.
Rusiyalı ekspert, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev isə Ermənistanın indiki hakimiyyətinin Rusiyanı ciddi narahat etdiyini deyib.
Rusiyalı ekspertə görə belə vəziyyətdə ermənilər Qarabağı əldən verə bilərlər. Çünki Gürcüstan və Ermənistandakı proseslərlə müqayisədə Azərbaycan "sabitlik adasıdır" və açıq-aşkar Qarabağı geri qaytarmaq planları qurur.
Yevseyev deyir ki, Ermənistanda hazırda ABŞ və Böyük Britaniya çox yüksək fəallıq göstərir. Bunun özü də neqativ amildir.
"Neqativdir ona görə yox ki, biz həmin dövlətlərlə Ermənistanda rəqabət aparırıq. Ona görə ki, Rusiya ilə hərbi əməkdaşlığın zəifləməsi Ermənistanın ərazi bütövlüyünü şübhə altında qoyur. Təəsüf ki, indiki hakimiyyət bunu dərk etmir. Mən hələ Dağlıq Qarabağda vəziyyətin destablizasiyası cəhdlərini demirəm, bu cəhdlər Qarabağın bütünlüklə itirilməsinə gətirib çıxara bilər"-Yevseyev ermənilərin əvəzindən Qarabağa görə ciddi narahatlığını ifadə edib.
Hansı ərazi bütövlüyündən söhbət gedə bilər, əgər söhbət Qarabağın itirilməsi təhlükəsindən gedirsə? Axı Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil?
Yevseyev iddia edir ki, Ermənistana qarşı müxtəlif ölkələrin iddiaları var. Və Dağlıq Qarabağda irimiqyaslı əməliyyatlar başlasa münaqişə Ermənistan ərazisinə də keçə bilər. Onun sözlərinə görə, bunu Azərbaycan tərəfdən səslənən bəzi bəyanatlar da təsdiq edir. O cümlədən Azərbaycan və Türkiyə qoşunlarının birgə əməliyyatı istisna deyil.
"İndi sual yaranır: Ermənistandakı Rusiya hərbi bazası nə üçündür? Baza Ermənistanı Türkiyədən qoruyur. Ona görə də Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqliyin zəifləməsi Ermənistanı çox ciddi təhdid altında qoya bilər və onun özü təkbaşına bu təhdidin öhdəsindən gələ bilməz. Çünki əslində heç bir Qərb Ermənistanı müdafiə etməyəcək. Əgər Ermənistan Qarabağı itirsə bu bütün ermənilər üçün fəlakət olacaq. Söhbət bundan gedir, Rusiyanın Cənubi Qafqazda hegemon olmaq istəyindən deyil. Sadəcə olaraq Rusiya ilə münasibətlər pisləşsə Ermənistanın öz təhlükəsizliyini necə təmin edəcəyi məlum deyil. Ona nə NATO kömək edəcək, nə ABŞ, nə Böyük Britaniya. Ermənistan çoxlu düşmənlərin əhatəsində tək qalacaq. Və əhalinin axışıb getdiyi bir vaxtda. İndiki Ermənistanın əhalisi cəmi 2.3 milyondur, Dağlıq Qarabağda 160 min erməni yaşayır. Onlar 10 milyonluq Azərbaycana qarşı dayana bilərmi? Necə düşünürsünüz?"-Yevseyev müxbirə sual edib.
- Çətin məsələdir...,-müxbir bildirib.
-"Çətin yox, ümumiyyətlə mümkün olmayan məsələdir. Və Ermənistanın Qarabağda hərbi iştirakının istənilən zəifləməsi təkcə ətraf rayonların yox, Dağlıq Qarabağın özünün də itirilməsinə gətirib çıxarar. Dağlıq Qarabağın ordusu özünü müdafiə edə bilməz, çünki indiki şərtlərdə bu real deyil. Xüsusən də həmin məqama qədər indiki hakimiyyət Rusiya ilə münasibətləri xeyli pisləşdirməyə nail ola bilsə"-Vladimir Yevseyev deyib.
Sabiq dövlət müşaviri Qabil Hüseynli deyib ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı yeni danışıqlar prosesi yetişməkdədir.
Politoloq bildirib ki, Azərbaycanın aktiv xarici siyasəti nəticəsində bir çox beynəlxalq təşkilatlar və əksər aparıcı dövlətlərin Qarabağ məsələsinin həllini dəstəkləməsi danışıqlar prosesi üçün yaradılan rahat şəraitdən xəbər verir:
"ABŞ Dağlıq Qarabağ məsələsində Ermənistanı müdafiə etmir və hansı yolla olursa-olsun, problemin həllinin tərəfdarıdır. Üstəlik, Vaşinqton Moskva qədər qeyri-konstruktiv mövqe tutmur. Rusiya isə proseslərin zahirən uğurlu danışıqlar üzərində irəlilədiyini göstərir, ancaq reallıqda isə heç bir addım atmır. Əks təqdirdə problem çoxdan həllini tapardı. Ona görə də hər şey Rusiyanın danışıqlar prosesinə verəcəyi təkandan və tutacağı mövqedən xeyli asılı olacaq".
Politoloq Rusiyanın son zamanlar postsovet məkanı ilə bağlı çox ziddiyyətli və aqressiv mövqe tutduğunu deyib:
"Rusiyada müəyyən siyasi elita tez-tez köhnə SSRİ-nin bərpa edilməsi ideyasını irəli sürür. Bu isə Moskvanın beynəlxalq hüquq normalarını pozmasına gətirib çıxarır. Bu səbəbdən də nə Qarabağla bağlı substantiv danışıqlara girmək, nə də məsələnin həllini beynəlxalq hüququn cızdığı yola səmtləndirmək mümkündür".
Politoloq bu arada ABŞ-ın Azərbaycanda eks-səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın Paşinyanın Qarabağ probleminin həllində riskli addımlara gedə biləcəyi haqda fikirləri ilə razılaşmayıb:
"Paşinyan çox tərəddüdlü görünür. Köçəryan və Sərkisyan Qarabağ müharibəsi dalğasında hakimiyyətə gəlmiş və xalq qarşısında müəyyən öhdəliklər götürmüşdülər. Paşinyan isə hakimiyyət naminə xalq qarşısında müəyyən öhdəliklər götürüb. Düzdür, o hazırda sırf erməni xalqına xoş gəlsin deyə Qarabağ məsələsində radikal mövqe sərgiləyir. Ancaq hesab edirəm ki, Paşinyan yalnız ABŞ və Rusiyanın güclü təzyiqi fonunda beynəlxalq hüquqa uyğun hərəkət edə bilər".
Yeri gəlmişkən, iki gün öncə Ermənistanda çağırışçıları hərbi komissarlığa aparan avtobusa hücum hadisəsi ilə bağlı yeni məlumatlar yayılıb.
Erməni mətbuatının yazdığına görə, avtomobildə olan bir qrup gənc nəqliyyat vasitəsini əhatəyə alıb. Yol kəsişmələrindən birində onun dayanmasından istifadə edərək qapıların açılması tələbi ilə avtobusu yumruqlamağa başlayıblar.
İnsidentin səbəbkarları qapıları zorla açaraq içəridə olan komissarlıq nümayəndəsini döyüb, sürücüyə hücum ediblər. Bundan başqa onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayişi pozub, eləcə də Müdafiə Nazirliyinin maşınına ciddi ziyan vurublar. Artıq polis insidenti törədənlərdən 40 yaşlı Qor Akopyanı və 22 yaşlı Merujan Vskanyanı saxlayıb. Hadisənin digər iştirakçıları isə gizlənirlər. Qor Akopyan dindirilmə zamanı bildirib ki, bu addımı bacısı oğlunun hərbi xidmətə aparılmasına etiraz olaraq atıb. Onun açıqlamasının cəmiyyətə mənfi təsir etməməsi üçün güc strukturları insidentə başqa don geyindirməyə çalışırlar.
Hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, hökumət insanları elə bir həddə çatdırıb ki, artıq heç kim övladını, yaxınını əsgər görmək istəmir. Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin də sayı artır. Hərbçilər bölmələrdəki ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən beziblər. Şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər. Son bir ildə 213 belə fakt qeydə alınıb.
Cavid