“Qarabağ ixtilafının həllində Rusiya və ABŞ vasitəçiliyi on illər ərzində heç bir ciddi nəticəyə gətirməyib” Layihə

“Qarabağ ixtilafının həllində Rusiya və ABŞ vasitəçiliyi on illər ərzində heç bir ciddi nəticəyə gətirməyib”

Politoloq: “Əsas səbəb də Moskva və Vaşinqtonun Cənubi Qafqazda toqquşan geosiyasi maraqlarıdır”

Son günlər Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli açıqlamaları və danışıqlar prosesini pozmağa yönəlik addımları müharibə ehtimalını artırır. Qondarma rejimin keçirdiyi “seçki”, eyni zamanda, Ermənistan rəhbərliyinin ritorikası Azərbaycan ordusunun növbəti zərbələrini qaçılmaz edir.
Müdafiə naziri Zakir Həsənov da müharib anonsu verib. Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatlarına münasibət bildirən nazir “hesab edirəm ki, biz hərbçilər bu polemikada iştirak etməli deyilik. Bizim vəzifəmiz döyüşməkdir”, - deyə vurğulayıb: “Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz bunu arzulayırıq. Bu, yaxın vaxtda olacaq. Görəcəyik ki, o öz sözünün üstündə dura biləcək, ya yox?! Hesab edirəm ki, bizim Xarici İşlər Nazirliyi onlara layiqli cavab verib. Heç Ermənistan rəsmi dövlət kimi Qarabağı tanımayıb. Boş-boş danışmaq onlara qalacaq”.
Nazir bildirib ki, 2016-cı ildə Azərbaycan ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gün ərzində darmadağın etdi: “Məcbur olub səfərbərlik elan etdilər. Səfərbərlik nə zaman elan olunur?! Ordunun gücü tükənəndə... Qocaları yığır, toy-bayramla göndərir. Nə oldu? Qaçdılar dərhal öz “yiyə”lərinin yanına ki, “qoymayın qırırlar”. Lakin mən inanmıram ki, ikincidə bunların “yiyə”ləri bunların arxasında dayana bilsin”, - deyə nazir bildirib.
Onu da əlavə edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir.
Müdafiə Nazirliyindən “Xalq Cəbhəsi”nə verilən xəbərə görə, sentyabrın 20-dək davam edəcək təlimlərdə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçiriləcək təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra ediləcək.
Təlimdə əsas diqqət qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldiləcək.
Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçiriləcək.
Prosesləri şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi İlyas Hüseynov “Xalq Cəbhəsi”nə bildirdi ki, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2019-cu il 8 sentyabr tarixində “yerli özünüidarə orqanlarına seçkilər” adı altında keçirilmiş seçkilər təxribat xarakterlidir və cinayətkar rejimin düşdüyü çıxılmaz vəziyyətinin göstəricisidir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi beynəlxalq təşkilatların və media nümayəndələrinin Dağlıq Qarabağa qanunsuz səfərlərindən öz maraqları üçün istifadə edirlər: “Ermənistan tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır, dərhal reaksiya nümayiş etdirilir və etiraz notaları göndərilir. Ermənistan rəhbərliyinin və əlaltısı olan cinayətkar qruplaşmanın Dağlıq Qarabağda keçirdiyi seçki tamamilə qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir ləkə hesab olunur”.
Ekspert bildirib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsi mötəbər beynəlxalq təşkilatın sənədlərində təsbit olunub: “Belə bir vəziyyətdə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma qurumun seçki keçirməsi təcavüzkar siyasət həyata keçirən rejimi ifşa edir. Əslində işğalçı Ermənistan və saxtakar rejim bu cür “seçkilər” keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özlərini aldatmaqla məşğul olur. Saxta “seçkilər”, həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ziddiyyətlərin, ixtilafların mövcudluğunu bir daha açıq şəkildə göstərdi”.
O həmçinin əlavə edib ki, Ermənistan rəhbərliyinin son dövrlərdə səsləndirdiyi sərt bəyanatlar əsasən daxili auditoriyaya yönəlsə də, bölgədə vəziyyətin daha da kəskinləşməsinə və gərginliyin artmasına xidmət edir: “Ermənistanın Baş Naziri Nikol Paşinyan təcavüzkar siyasətini davam etdirməklə mövcud status-kvo vəziyyətinin möhkəmlənməsi istiqamətində bir sıra addımlar atır. Bununla da daxildəki narazılıqları ört-basdır etmək məqsədi güdür. Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi, münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Əksinə münaqişənin həlli istiqamətində aparılan bütün danışıqların, müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir, danışıqlar prosesinin məhv edilməsinə hesablanmış və məsuliyyətsiz addımlardır. Münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyinin son dövrlərdə səsləndirdiyi anneksionist bəyanatlardan çəkindirməyi və bölgədə vəziyyətin kəskinləşməsinə xidmət edən təxribatlara son qoymağı tələb etməlidir”.
Politoloq Əziz Əlibəyli isə diqqətə çatdırd ki, Ermənistan rejiminin “sərt” bəyanat verməsi prosesdə onların son çırpıntılarının olduğunun göstəricisidir: “Dağlıq Qarabağdakı separatçı rejim zatən Ermənistana da tabe deyil. Qaldı Paşinyana, onun bəyanatları özünun tükdən asılı hakimiyyətini qorumaq və onun qarantı kimi Qarabağda da həmfikirlərini hakimiyyətə gətirməkdir. Bu cür epizodik bəyanatlar Azərbaycana yönəlik deyil, daxili hissi qarşılamaq və daxili müxalifləri dəf etməyə yönəlib.
Qarabağ konflikti ətrafında son gəlişmələr bir daha münaqişənin həllində hərb variantını gündəmə gətirir. Bir çox təhlilçilərə görə, düşmən tərəfin radikal davranışı və mövqeyi bu xüsusda Bakının əlinə işləyir, Azərbaycanın hərbi gücə əl atması üçün əlavə əsaslar yaradır, Bakının məsələdə manevr imkanlarını artırır. Bunu iki gün öncə ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndində verdiyi məlum təxribatçı bəyanatına (“Dağlıq Qarabağ Ermənistanındır”) neqativ reaksiyası da təsdiqləyir”.
Politoloq Elxan Şahinoğlu da bu açıqlamaları danışıqlar prosesinə zərər vuran hadisə kimi dəyərləndirib. O bildirib ki, bu tip bəyanatlar həmişə sülh danışıqlarına zərər vurur: “Biz daha çox konstruktiv bəyanat və konkret addımlar eşitmək istəyirik. Ziddiyyətləri həll etmək və ümumi dil tapmaq lazımdır. Təəssüf ki, fikir ayrılıqlarına və nizamlanma prosesinə zərər vuran bu cür açıqlamalar problem olaraq qalır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq olar”.
O hesab edir ki, beynəlxalq hüququn reallaşması isə ilk növbədə böyük güclərin iradəsindən asılı durumdadır: “Hər halda, Qarabağ ixtilafının həllində Rusiya və ABŞ vasitəçiliyi öz üzərinə götürüb. Əfsus ki, bu vasitəçilik on illər ərzində heç bir ciddi pozitiv nəticəyə gətirməyib. Əsas səbəb də Moskva və Vaşinqtonun Cənubi Qafqazda toqquşan geosiyasi maraqlarıdır. Qarabağ məsələsi ən əvvəl bu toqquşan maraqların girovuna çevrilib.
Ya da Azərbaycan “qızıl fürsət” yaranan kimi, yəni regionda uyğun geosiyasi şərtlər yetişən kimi, hərbi güc amili hesabına işğal rejiminə qısa zamanda son qoyub məsələni bitirməlidir. Sözsüz ki, bu variant həmişə Bakının masası üzərindədir. Belə görünür ki, hadisələr məhz buna doğru inkişaf etməkdədir. Son günlər müharibə ehtimalı daha da aktual mövzuya çevrilib”.

Əli