Medianın reklam problemi Layihə

Medianın reklam problemi

Bir çox ölkələrdə qəzetlərin gəlirinin əsas hissəsi reklamlardan formalaşır
Sosial reklamlar KİVDF ilə əməkdaşlıq edən çap mediası arasında bölüşdürülə bilər

I yazı

Ölkə mətbuatının ən böyük problemlərindən biri reklam bazarına girə bilməməsidir. Reklam bazarı ilə bağlı problem dəfələrlə media ekspertləri, qəzet rəhbərləri, hətta hakimiyyət təmsilçiləri ilə müzakirə olunub. Səslənən təkliflər arasında mətbuat və elan qurumunun yaradılması da vardı. Ancaq vaxtaşırı səslənən fikirlər medianın reklam vasitəsilə gəlir əldə etmək problemini həllinə müsbət təsir etmir. Ölkə mediasında reklam bazarının durumu media kapitanlarını qane etmir. Reklamçıların internet mediasına da axını zəifdir. Bir çox dünya ölkələrində reklam şirkətləri qəzetlərlə yaxından əməkdaşlıq etsələr də, Azərbaycanda isə bu iş zəif qurulub. Belə ki, ölkəmizdə media-reklam bazarı daha çox elektron və internet medianın xeyrinə işləyir. Çap məhsullarına reklam agentlikləri arasında maraq azdır - qəzetlər reklam bazarında elektron və internet mediasına uduzur.
"ZenithOptimedia" - beynəlxalq reklam agentlikləri şəbəkəsinin (VivaKi qrupuna - Publicis Groupe transmilli kommunikasiya holdinqinin media strukturuna daxildir) elektron, internet, mobil və s. media orqanlarında reklamların yer alması ilə bağlı araşdırmalarını əsas götürsək, onda qəzetlərdə reklam kasadlığı ilə bağlı vəziyyətin acınacaqlı olduğuna bir daha əmin olarıq. Belə ki, reklam investisiyalarının həcmi nöqteyi-nəzərindən televiziya dünyada ən böyük media olaraq qalmaqdadır. Keçən il bütün reklam pullarının 40%-i onun payına düşüb. İkinci yerdə 21% payla hazırda ən sürətlə inkişaf edən mediakommunikasiya seqmenti olan internet gəlir. 2013-cü ildə qlobal səviyyədə internet-reklam həcminin 16,2% artdığını bildirən şirkət 2014-cü ildən 2016-cı ilə qədər bu mediaya reklam investisiyalarının ildə orta hesabla 16% artacağını proqnozlaşdırır. Bundan əlavə, mobil reklam dinamik şəkildə inkişaf etməkdədir. Hazırda onun inkişafı stasionar daşıyıcılarda internet-reklamın inkişafından altı dəfə çoxdur.
ZenithOptimedia-nın proqnozlarına görə, 2013-cü ildən 2016-cı ilə qədər mobil reklamın orta illik artımı 50% təşkil edəcək. Bu, smartfonların və planşetlərin sürətlə yayılması ilə şərtlənib. Proqnozlara görə, mobil reklam radio, jurnal və outdoor-u keçərək reklam investisiyalarının səviyyəsinə görə dünyada 4-cü olmasına imkan verəcək.
Maraqlıdır, yaşı bütün media orqanlarından qədim olan çap məhsullarına reklam şirkətləri niyə maraq göstərmir? Şirkətlərin xidmət və məhsullarının reklamı üçün qəzet niyə uyğun sahə sayılmır? Təbii ki, bunu şirkətlərin öz məhsullarının reklama ehtiyacının olmaması və ya şirkətlərin reklam strategiyasının olmaması ilə izah etmək sadəlövhlük olardı. Sadəcə, bəlkə ölkəmizdə reklam və bu sahədə peşəkar xidmət təkmilləşməyib? Hətta müxtəlif masalarda reklam bazarında canlanma yaratmaqdan ötrü xüsusi fondun yaradılması və bu qurum vasitəsilə reklamların qəzetlər arasında ədalətli təminini irəli sürən təkliflər səslənsə də, irəliyə doğru addım yoxdur. Elə isə, bugünkü KİV bolluğunda qəzetlər reklamlara çıxışı necə əldə etməlidirlər?
Reklam bazarındakı vəziyyətin mətbuata da təsirsiz ötüşmədiyini bildirən reklam sahəsi üzrə ekspert Hacıəmi Atakişiyev hesab edir ki, bu gün ölkənin əksər ciddi qəzetləri reklam tapmaqda çətinlik çəkir: "Bəzi qəzetlərin reklam agentləri şirkətlərdən reklam almağa çalışır. Azad iqtisadiyyata malik olan ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışından əldə etdiyi gəlirlər hesab olunur. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85 faizi reklamlardan, 15 faizi isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycanda isə qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər".
Ekspert statistikaya istinad edərək son illər Azərbaycanın reklam bazarının böyüdüyünü iddia etsə də, bu böyümədən yazılı mətbuata pay düşmədiyini də qeyd edir. Belə ki, televiziya və radio kanallarının reklam həcmi artsa da, mətbuat reklamlarının həcmini artıra bilmir: "Əgər bu sahədə rəqəmlər uzun illərdir ki, dəyişməz vəziyyətdə qalırsa, deməli, reklam bazarında heç bir inkişaf yoxdur. Əgər ölkədə yüksək tempdə iqtisadi inkişaf gedirsə, onda reklam olunan məhsulların da sayı artmalıdır. Proses isə əksinə gedir".
Ekspert Qadir İbrahimli deyir ki, medianın reklam bazarına çıxış imkanlarının olmaması Azərbaycan mediasının ən böyük problemlərindən biridir: "Dünya praktikasında mətbuatın gəlirlərinin çox əhəmiyyətli kəsimi reklam gəlirlərinin payına düşür. Tutaq ki, Almaniyada medianın gəlirlərinin 40 faizi reklam hesabına olur. Reklam faizi 50-60 faiz olan ölkələr də var. Yəni satış və abunədən gələn gəlirlər adətən bir qədər az olur. Ancaq bizdə isə qəzetin gəlirlərinin 90-95 faizi birbaşa satışın və abunənin payına düşür. Bunun nəticəsi olaraq Azərbaycanda qəzetlər biznes növü kimi ola bilmirlər. Onlar çoxsaylı manevr imkanlarına malik olmurlar, inkişaf edə bilmirlər. Çünki qəzet təkcə satışdan gələn gəlirlər hesabına problemlərini həll edə bilməz. Böyük əməkhaqqı fondunun, ofisin saxlanılması, texniki xərclərin qarşılanması və sair kimi problemləri qarşılamaq çətindir. Nazirliklərin sosial reklam büdcəsi var, bu, çox məhdud bir media quruluşlarına, hökumətyönlü mediaya verilir. Hökumət yaxşı olardı ki, sosial reklamların həcmini artırsın və həmin sosial reklamlar ölkənin tanınmış, ictimai rəyə təsir edən media quruluşları arasında bölüşdürülsün. Tutaq ki, sosial reklamlar KİVDF ilə əməkdaşlıq edən çap mediası arasında bölüşdürülə bilər. Həmin reklamların hesabına qəzetin maddi-texniki bazası genişləndirmək, inkişaf etdirmək olar. Yaxşı olar ki, bütün KİV-lər bundan faydalana bilsinlər".
Müstəqil Media İnstitutunun rəhbəri Əlişir Əhədin fikrincə, "bir çox şirkətlər reklam verməkdən çəkinirlər. Qorxurlar ki, reklamları sayt və qəzetlərdə çıxandan sonra vergi müfəttişləri kəsdirəcəklər başlarının üstünü. Azərbaycanda fəaliyyət göstərən iri şirkətlər yalnız bayramdan-bayrama bir neçə qəzetə təbrik verir. Ona görə də bu problemin həlli dövlət səviyyəsində həll olunmalıdır".
Vətəninfo.az saytının rəhbəri Hahid Canbaxışlı isə bildirib ki, bu məsələnin həlli ilə bağlı media kapitanları xüsusi bir qurum yaratmalıdırlar: "Yəni bir qəzetin əldə etdiyi reklam onunla əməkdaşlıq edən digər qəzetlərdə də verilsin. Bu qurumda birləşən qəzetləri bu məsələdə bir-birlərinə dayaq dura bilsinlər. Yoxsa ayrı-ayrılıqda hər bir qəzet reklam tapmaqda çətinlik çəkir".
Oxucu.info-nun rəhbəri Məhərrəm Ağalaroğlu isə bildirib ki, sayt açmazdan öncə asanlıqla reklam bazarına daxil olacağını düşünürdü: "Sayt fəaliyyətə başlayandan bəri reklam tapa bilmirəm. Hansı şirkətin qapısını açıramsa razılaşmırlar. Hətta digər sayt və portallardan qat-qat aşağı qiymətlər təklif edirəm, yenə də razılaşmırlar. Onların əksəriyyəti qəzet və saytlara reklam verməkdənsə televiziyalara üz tutmağı daha üstün tuturlar. Çünki televiziyaların auditoriyası daha genişdir. Bizə yalnız seçkidən-seçkiyə reklam verə bilərlər. Onu da hər sayta vermirlər. Mən fikir vermişəm, seçki öncəsi bəzi sayt və portallar, eləcə də qəzetlər namizədlərlə bağlı yazılar dərc edirlər ki, gələcəkdə onlara reklam versinlər. Yəni təxmini edirlər ki, bu insan seçkilərdə namizəd ola bilər. Beləcə 5 ildən bir reklam ala bilirlər".
"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin fikrincə isə reklam bazarı ilə bağlı artıq bütün iş adamlarında belə bir ənənə və fikir formalaşıb ki, birdən hansısa bir müstəqil mətbuata reklam verərlərsə, yuxarıların buna qarşı münasibəti pis ola bilər. Ona görə də onlar müstəqil mətbuata reklam vermirlər.
"Gündəlik Bakı" qəzetinin baş redaktorunun müavini Ülvin Məhəmməd bildirdi ki, bu gün ölkənin əksər ciddi qəzetləri reklam tapmaqda çətinlik çəkir: "Bəzi qəzetlərin reklam agentləri şirkətlərdən reklam almağa çalışır. Azad iqtisadiyyata malik olan ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışından əldə etdiyi gəlirlər hesab olunur. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85 faizi reklamlardan, 15 faizi isə nəşrin satışının reallaşdırılmasından asılı olur. Azərbaycanda isə qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər. Məndə olan məlumata görə, əvvəllər mətbuatın reklam bazarının ümumi həcmi 25 milyon dollar idisə, indi 40 milyon manata çatıb. Amma bu böyümədən yazılı mətbuata pay düşmür. Belə ki, televiziya və radio kanallarının reklam həcmi artsa da, mətbuat reklamlarının həcmini artıra bilmir. Ona görə də ayrıca qurum yaratmaqla reklamın mətbuat orqanları arasında bərabər bölünməsinə nail olmaq mümkündür. Amma arzulayardım ki, belə bir təklif reallaşacağı təqdirdə bundan kimlərsə sui-istifadə etməsinlər. Bütün mətbuat orqanlarına eyni gözlə baxılsa və reklamlar onlar arasında bərabər bölünsə, mətbuatın inkişafında bu qurum böyük rol oynamış olar".
Media eksperti Elnur Baimov reklamın qəzetlərdən daha çox elektron və ya internet mediada yer almasına münasibət bildirərək bunu elektron medianın ənənəvi media ilə müqayisədə auditoriyasının daha az olması ilə izah edir: "Ziyarət olunan saytlarda xəbəri yerləşdirən kimi dərhal neçə min adam oxuyur. Sözsüz ki, bu məsələdə qəzet uduzur. Sadəcə qəzetin üstünlüyü odur ki, onun spesifik auditoriyası var. Bundan əlavə, bizdə bazar, məsələn, Türkiyə qəzetçiliyi ilə müqayisədə fərqlidir. Məsələn, onlar öz qəzetlərinə tanınmış köşə yazarlarını cəlb edir, onlara böyük məbləğdə pullar verirlər və s. Onlar dəyərli qələm sahiblərini transfer edərək və hətta yazılarını belə mediasatınalma ilə xalqa çatdıraraq reklam paylarını artırırlar".

Cavid