Ermənilərin hədəfinin İrəvan xanlığına yönəlməsi - 3-cü yazı   Layihə

Ermənilərin hədəfinin İrəvan xanlığına yönəlməsi - 3-cü yazı  

Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun araşdırmasında bildirilir ki, ermənilərin arzuladığı zaman gəldi: Rusiya imperatoru I Aleksandr 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq bu manifest Rusiyanın iddiasının daha böyük olduğunu göstərirdi. Vaxtilə erməni-gürcü federativ dövlətindən bəhs edən ermənilər gürcü çarlığını ləğv edən imperator manifestini sevinclə qarşıladılar: “Artıq bölgəyə daxil olan Rusiyanın ermənilərə də münasibəti birmənalı deyildi. Buna baxmayaraq ermənilər Rusiyanın Azərbaycan xanlıqları, Qacarlar (1804-1813) və Osmanlı dövləti ilə (1806-1812) müharibələrindən maksimum yararlanmağa çalışırdılar. Bu mərhələdə onlar istədiklərinə nail ola bilmədilər. 1804 və 1808-ci illərdə rus qoşunlarının İrəvana yürüşü uğursuz oldu. 1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə bağlanan müqavilə nəticəsində məlikliklərə dair planlar boşa çıxdı”.
Belə bir vəziyyət erməniləri təmin etmədiyindən siyasi varlıqlarını ortaya qoymaq üçün Rusiyanın Qacarlar və Osmanlı dövləti ilə münasibətlərinin kəskinləşməsi və yeni müharibələrin (1826-1828, 1828-1829) başlanmasında müəyyən rol oynadılar. Qarabağ məlikliklərinə olan ümidlər puça çıxdığına görə, İrəvan xanlığının işğalının həyata keçirilməsi ətrafında oyunlar başlandı: “Erməni ənənəsinə uyğun olaraq erməni dövləti üçün IV əsrdə yaradılan konsepsiya bu dəfə də Qarabağ məliklikləri üçün uydurulmağa başladı. Raffi ləqəbli Akop Melik-Akopyan (1835-1888) 1880-ci illərin əvvəllərində sonralar ermənilər tərəfindən dəfələrlə çap olunan “Xəmsə məliklikləri” adlı kitab yazdı. Bu dəfə də məlikliklərin süqutunda xəyanətə xüsusi yer ayrıldı və xəyanətkarlığın əsas simvolu Vərəndə məliyi Məlik Şahnəzər oldu”.
Bu dövrdə ermənilərin mövqeyini Lazarev nəslindən olan Xristofor Lazarev və Gürcüstan və İmeretiyada erməni yeparxiyasının rəhbəri, sonralar isə patriarx olan (1842-1857) Nerses Aştaraketski təmsil edirdi. 1827-ci ildə Benkendorf vasitəsilə Lazarev tərəfindən tərtib edilən “Ermənilər haqqında” məruzə qeydləri çara təqdim edildi. Burada qədim erməni dövlətinin bərpasından, Rusiya tərkibində onun muxtar vəziyyətindən bəhs olunurdu. 1827-c il oktyabrın 1-də İrəvan işğal edildikdən sonra xanlığın yeni statusu məsələsi yarandı.
Rusiyanın yerli hakim dairələri İrəvan xanlığının işğalından sonra onu vilayətə çevirdi, burada müvəqqəti idarə yaradıldı. Beləliklə, ilkin vəziyyətə görə, Rusiyaya müqavimət göstərən və ləğv olunan digər Azərbaycan xanlıqları kimi İrəvan xanlığında da vilayət quruluşunun təmin edilməsi nəzərdə tutulurdu. Ermənilər isə vəziyyəti öz xeyrinə dəyişməyə çalışırdı. Lazarevin 1827-ci ilin sonlarında tərtib etdiyi “xüsusi layihə”də yenə də muxtar erməni dövlətinin bərpasından bəhs edilirdi.
1828-ci ilin fevralında imzalanan Türkmənçay müqaviləsi İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçməsini təsdiq etdi. Çar I Nikolay Türkmənçay müqaviləsindən qısa bir müddət sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqları əsasında mərkəzi İrəvan olan Erməni vilayəti yaratdı və onu çar tituluna daxil etdi. Belə bir fərmanın meydana gəlməsini təsadüfi hesab etmək olmaz. Ermənilərin burada ciddi təsiri ilə yanaşı, Rusiya imperiyası Osmanlı və Qacarlar ilə sərhəddə özünə etibarlı dayaq yaratmaq istəyirdi.
Beləliklə, ermənilər Erməni vilayəti kimi siyasi status aldılar. Vilayət idarəsində təmsil olunan Aştaraketsi bundan istifadə edərək müsəlmanların sıxışdırılması ilə ermənilərin mövqeyini daha da möhkəmləndirməyə çalışırdı: “Bununla eyni zamanda, vilayətin erməniləşdirilməsi istiqamətində də işlər genişləndirildi. Ermənilərin kütləvi şəkildə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Türkmənçay və Ədirnə müqavilələrində rəsmiləşdirilsə də, ermənilərin ondan məharətlə istifadə etməsi xüsusi qeyd edilməlidir. Bu şərtlər daxilində İran və Osmanlı dövlətindən yüz otuz mindən çox erməni keçmiş İrəvan, Qarabağ, Naxçıvan və digər xanlıqların ərazisində yerləşdirildi. Ermənilər siyasi statusla birlikdə, demoqrafik yüksəliş də əldə etdilər. Bütün bunlarla yanaşı erməni vilayətinin təcrübəsi göstərdi ki, ermənilər kilsə, ticarət və siyasi intriqalarda nə qədər çevik olsalar da dövlətçilik sahəsində o dərəcədə naşı olaraq qalırlar. Çar I Nikolayın 1837-ci il Qafqaz səfəri zamanı Erməni vilayətini seçməklə ona nə dərəcədə önəm verdiyini də göstərmək istəyirdi. Onun burada qarşılaşdığı mənzərə isə hökmdarı özündən çıxardı. Erməni vilayətinə dair həmin dövrdə yazılan və çap edilən nəşrlər də vilayətin real vəziyyətini gizləyə bilmirdi. Yarıtmaz fəaliyyətinə görə erməni Bebutov başda olmaqla vilayət administrasiyası işindən uzaqlaşdırıldı. 1840-cı ildə isə erməni vilayəti ləğv edildi”.
Ermənilər siyasi statusdan fərqli olaraq kilsənin mövqeyini möhkəmləndirməyə nail oldular: “1836-cı ildə erməni-qriqorian kilsəsi haqqında əsasnamə onun hüquqi vəziyyətini stabilləşdirdi. Alban kilsəsi ilə tarixi mübarizədə erməni kilsəsinin xeyrinə həll edildi. Erməni kilsəsinin mərkəzi olan Eçmiədzin erməni vilayətində də təsirli rola malik oldu. Ermənilər siyasi məsələlərdəki problemlərə baxmayaraq, kilsənin mənafeyinə yönələn hər hansı bir addımı qəti müqavimətlə qarşıladı. Bu özünü 1903-cü ildə göstərdi”.
İrəvanın erməni siyasi mərkəzinə çevrilməsi siyasəti və onun iflası: “İlk vaxtlar İrəvan vilayətinin, sonra isə bütövlükdə erməni vilayətinin siyasi mərkəzi kimi İrəvan şəhəri müəyyən edildi. Ehsan xanın siyasəti nəticəsində Naxçıvanda yerli hakimiyyətin möhkəmlənməsi ilə ermənilərin burada fəaliyyətinin aradan qaldırılması onların İrəvan ətrafında siyasi intriqasını daha da gücləndirdi. Çar hökuməti də İrəvanın Rusiya işğalına qarşı kəskin müqavimətini, onun strateji əhəmiyyətini və ermənilərin işğal prosesindəki rolunu nəzərə alaraq vəziyyətini möhkəmləndirməyə çalışdı. Bütün bunlara baxmayaraq, bütövlükdə erməni vilayətində olduğu kimi İrəvan şəhərində də onlara ayrılan missiyanı yerinə yetirə bilmədi. Ermənilər daha çox gəlir əldə etmək məqsədi ilə işğaldan sonra iqtisadi həyatı canlanan Tiflis, Gəncə, Şamaxı, Bakıvə digər şəhərlərə meyl edirdilər. İrəvanın vilayətin ləğvindən sonra qəza şəhərinə (1840-1849), sonra isə quberniya şəhərinə çevrilməsi də vəziyyəti dəyişmədi. İrəvan əhalisinə, şəhər həyatının xüsusiyyətlərinə görə Azərbaycan şəhəri kimi varlığını davam etdirməkdə idi”.
“Erməni məsələsi”: ermənilərin ondan yararlanmaq cəhdləri: “Rusiya 1853-1856-cı illər Krım müharibəsində məğlub olduqdan sonra Osmanlıdan qisas almaq üçün məqam gözləyirdi. Belə bir məqam 1877-ci ildə yetişdi. Rusiya Osmanlı imperiyası ilə 1877-1878-ci illər müharibəsində qələbə qazandı. San-Stefano (1878, 19 fevral/3 mart) barışığı, sonra isə Berlində sülh müqaviləsi (1878, 1/13 iyun) bağlandı. Bu müqavilə ilə “erməni məsələsi” adlanan məsələ beynəlxalq gündəmə daxil oldu. Bu mahiyyət etibarı ilə böyük dövlətlərin Osmanlı imperiyasının daxili işlərinə qarışmağa əsaslanırdı. Rusiya bununla həm Osmanlı imperiyasını zəiflətmək, həm də Rusiya ermənilərinin diqqətini imperiyadan qonşu dövlətə keçirmək istəyirdi. Ermənilər də “erməni məsələsi”ndən maksimum yararlanmağa çalışırdı. Onun əsas istiqamətini Rusiya və Osmanlı ermənilərinin siyasi fəaliyyətinin ilk dəfə olaraq vahid istiqamətdə birləşməsinin baş verməsi idi. Əsas hədəf isə Osmanlı imperiyası idi. Bunun üçün ermənilər siyasi təşkilatlanmağa başladılar. 1887-ci ildə erməni sosial-demokrat partiyası “Qnçak”, 1890-cı ildə isə erməni inqilabi federasiyası “Daşnaksütun” meydana gəldi”.
Daşnaksütun qısa bir zamanda ermənilər arasında möhkəmlənə bildi. Hər bir erməni qriqorian olmaqla bərabər, daşnak olmağa da məcbur oldu. Azərbaycan xalqına qarşı soyqırımların təşkilatçısı və onun torpaqlarını işğal edərək burada erməni dövləti yaradılmasını daşnaklar həyata keçirdi. 1890-cı illərdə ermənilər Osmanlı dövlətinə qarşı geniş miqyaslı üsyana qalxdılar. Bu üsyanlar məğlub edildikdən sonra fəaliyyətini Rusiyaya keçirdi. Daşnaklar tərəfindən yayılan xəritələrdə erməni dövlətinin tərkibinə Osmanlı torpaqları ilə bərabər Rusiyanın hakimiyyəti altında olan Azərbaycan torpaqları da daxil edilirdi.
Ermənilərin artan imkanlarından narahat olan çar hakimiyyət dairələri onların hüquqlarının məhdudlaşdırılması üçün fəaliyyətə keçdi. 1903-cü ildə erməni-qriqorian kilsəsinin əmlakının müsadirə edilməsi haqqında fərman verildi. Erməni-qriqorian kilsəsinin rəhbərliyi ilə çar hökumətinə qarşı terror hərəkatı başlandı. Nəticədə hökumət geri çəkilməyə məcbur oldu. Bu hadisələr ermənilərin Rusiyanın tərkibindəki Azərbaycan torpaqlarında dövlət yaratmaq sahəsində imperiyaya keçən təşəbbüslərin yenidən öz əllərinə almasına da təkan verdi.
Ermənilər Azərbaycanın Qarabağ bölgəsində dövlət yaratmaqda itirdikləri ümidlərini geri qaytarmaq və siyasi mərkəz kimi mökəmlənə bilmədikləri İrəvan və ətrafında mövqelərini gücləndirmək üçün yeni bir vasitəyə - azərbaycanlılara qarşı soyqırımlara əl atdılar. Təsadüfi deyil ki, 1905-1906-cı illərdə tarixə “erməni-müsəlman davası” kimi daxil olan hadisələrin gedişində ermənilər ən qanlı hadisələri Qarabağ və İrəvanda törətdilər. Erməni kapitalının ən çox mərkəzləşdiyi Bakıda da azərbaycanlılara xüsusi qəddarlıqla divan tutuldu. Çar hökuməti 1903-cü il təcrübəsini nəzərə alaraq bu hadisələrdən erməni-qriqorian kilsəsinə deyil, daşnaklara qarşı istifadəyə üstünlük verdi.

Elçin Qaliboğlu