“Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu” Layihə

“Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu”

III yazı

I Dünya müharibəsinin sonu və ən əsas Türkiyənin məğlubiyyəti Azərbaycan üçün fəlakətlə nəticələnən çətinliklər yaratdı. Belə ki, imzalanmış Mudros barışığına görə, müttəfiqlər Bakını işğal etməli idilər. "Azərbaycan" qəzeti ""müttəfiqlərin Türkiyə ilə əqd etdikləri müharibə şərti 31 oktyabr 1918-ci il saat 12-dən qanuni güc alır" deyə barışın şərtlərinin bütün bəndlərini çap etmişdi. Sazişin 11-ci bəndinə görə, Türkiyə əsgərləri İranın şimal qərbindən çəkilməli, Zaqafqaziyanı boşaltmalıdır. Sazişin "Bütün dəmir yollarından müttəfiqlərin azad surətdə istifadə edəcəyi" haqda müddəalarını Azərbaycanın müstəqilliyinə vurulan zərbə kimi qiymətləndirən Azərbaycanın fövqəladə səlahiyyətli nümayəndəsi Ə.M.Topçubaşov Türkiyə tərəfinə bu barədə nota da təqdim etmişdi. Bu etirazların qarşılığında Azərbaycanda türk ordusunun olması bəhanəsinə görə müttəfiqlərin bu cür addım atdığını söyləyən Türkiyə rəsmiləri "nə ola bilər, onlar qalibdir, biz məğlub" cavabını vermişdilər.
Akif Aşırlı "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu" kitabında yazır ki, Mudros barışığının Azərbaycana aid maddələrinə görə Osmanlı imperiyasından narazı qalmasına baxmayaraq Azərbaycan xalqı vaxtilə türk ordusunu böyük hərarətlə qarşılaşdığı kimi, dünya müharibəsində məğlub dövlətlər arasında olmasından ehtiyat etməyərək onu dərin hörmət və ehtiyatla yola saldı. Noyabr ayının 10-da bazar günü Azərbaycan hökuməti Nuru Paşanın və Qafqaz İslam Ordusu şərəfinə yay klubunda 400 insanın iştirak etdiyi ziyafət təşkil etdi. Dövrü mətbuat yazır ki, "Nuru Paşa həzrətlərinin salona virudu əsasında musiqi orkestri tərənnümsaz olub, məclis əhli səfbəsteyi-ehtiram durub Paşa həzrətlərini səmimiyyətlə salamladılar".
Fətəli Xan Xoyski çıxışında Türk ordusunun köməyini Azərbaycanın istiq üçün söyləmiş, Azərbaycanın istiqlal savaşında şərəfli tarix kimi dəyərləndirmişdi:
"Azərbaycan çöllərində bizim türk qardaşlarımızın qanı bizim türklərin qanı ilə bir-birinə qarışdı. Mənşə etibarilə biz bir-birimizə qohumuq, bizim bir-birimizə qarışan qanımız bunu daha da möhkəmləndirdi, Azərbaycanın azadlığı uğrunda tökülən qanlar Osmanlı və Azərbaycan türkləri arasında yaxınlaşmanın və qırılmaz əlaqələrin möhkəm təminatıdır".
"Siyasi üfuqdə qara buludlar görünən kibidir" deyərək çıxışına başlayan Məmməd Əmin Rəsulzadə "Biz istiqlalımız yolunda mübarizə edəriz, nəticədə bizə ya istiqlalımız qalar, ya uçurulmuş daşlar! Fəqət əmin olunuz, müvəqqəti müzəffəriyyət sizin üzərinizdə olsa da, zəfər bizimlədir".
Akif Aşırlı yazır ki, "türk ordusunun geri çağırılması Azərbaycan ictimaiyyəti də, ziyalılar arasında kədər dolu izlər buraxdı. Hətta ölkənin istiqlalına qarşı böyük bir təhlükənin mövcudluğunu düşünən, pessimist ovqata köklənənlər də vardı. Bir həftə əvvəl Huru paşanın şərəfinə verilən təntənəli ziyafətdən sonra Əhməd Cavad ingilis qoşunlarının Bakıya gəlişinə etiraz edərək "Gəlmə" şeirini yazıb "Azərbaycan" qəzetində çap etdirmişdi. Bu pessimist ovqatda tək Əhməd Cavad deyil, o dövrün başqa ədibləri 17 noyabr tarixini millətin təklənməsi, işğalçıların yenidən cövlan etməsi məqamı kimi öz əsərlərində təsvir etdilər.
Beləliklə, Mudros sazişinə uyğun və ingilis generalı Tomsonun ciddi təhdidlərindən sonra Qafqaz İslam Ordusunun hərbi heyəti, silah və sursat yüklənmiş eşelonlar Azərbaycan
ərazilərindən çıxarılmağa başlanıldı. Ermənilərin "Mişak" qəzetinə istinadən "Borba" yazırdı: "Türk hərbi hissələri Yelizavetpolu tərk edib. Yalnız bir qrup əsgər qalıb. Türklər bəyan ediblər ki, Bakıya yola düşürlər oradan isə Hindistana gedəcəklər. Qoşunların köçürülməsı gecələr həyata keçirilir".
Tiflisdə nəşr olunan qəzetlərin bir çoxu türk ordusunun Azərbaycandan çıxarılmasına səhifələrində həvəslə yer ayırır, dünya savaşında məğlubiyyəti "Türkiyənin sonu" kimi qiymətləndirirdilər. "Borba" qəzeti "artıq Bakıdan türk qoşun hissələri çıxarılır və Batumda dəniz limanına daşınır, Şimali Qafqazda da eyni hadisələr təkrarlanır, türk siyasətçilərinin arzuladıqları Turan imperiyasının - hansı ki onun sərhədləri Səmərqənddən Konstantinopola qədər uzanırdı - bu arzuların sonu görünür"- deyə yazırdı.
Ordunun Azərbaycanı tərk etməsini sevincək halda öz səhifələrinə köçürən Rus Milli Şurasının orqanı "Yedinaya Rossiya" da bu səpkili xeyli sayda material dərc edib: "Dekabrın 8-də Tiflisdən 32, Batumdan isə iki eşelon Qarsa yola salınıb. Xaşuri stansiyasında ayın 7 və 8-də 5 eşelon və 150 vaqon ləngimişdi. Əsgərlər əsəbilik keçiriblər. İğtişaşların qarşısını almaq üçün gecə saat 11-də şəhərə zirehli qatar göndərilib". Bu məlumatın dərcinin səhərisi isə qəzet Nuru Paşanın gedişi xəbərini eyhamla, Azərbaycan hökumətinin bu gedişi belə əsl "xanlara" layiq təşkil etdiyini xəbər verir: "Bizə bildirirlər ki, Yelizavetpoldan Türkiyə istiqamətinə çar vaqonu adlandırılan bir vaqonda Nuru Paşa yola düşüb. Bu, Azərbaycan dəmir yolunda mövcud olan ən bahalı, yeganə vaqondur. Söylənilənə görə, bu vaqon Azərbaycana qaytarılmayacaq".
Qəzetin digər məlumatına görə isə dekabrın 20-dən Azərbaycandan Batuma 20 eşalon yola salınıb. Batumdan isə Yelizavetpola bu işləri həyata keçirmək üçün instruktorlar olan 2 eşalon göndərilib.
Akif Aşırlı kitabında Huru paşanın İstanbulda ingilislər tərəfindən həbs olunaraq Batuma gətirilməsini də qeyd edir.
Türkiyənin "Sabah" qəzetinə istinadən "Azərbaycan" qəzetini 17-ci sayında Nuru Paşanın həbsi barəsində xəbər dərc etmişdi. Xəbərə görə, guya, Ənvər Paşanın hakimiyyətinin
sonunda Nuru Paşaya 700 min lirə göndərdiyini, bu məbləğin isə ona çatmadığı qeyd edilirdi.
"İttihad" qəzeti isə Nuru Paşanın həbsi ilə bağlı Qarabəy Qarabəyovun etiraz dolu məqaləsini çap etmişdi. Məqalədə deyilir: "Bizə çatan məlumatlara görə, Nuru Paşa Batumda həbs olunub və o, hazırda həbsxanadadır. Biz Azərbaycan müsəlmanları həyatı və xilası, şərəfi üçün Nuru Paşaya borcluyuq. Lakin biz Batum komandanlığının müsəlmanların ali heysiyyatı ilə bu cür qeyri-qanuni davranışlarından xeyli təəccüblənmişik. Biz Batum hakimiyyətinin hərəkətlərində təkcə loyal münasibət yox, həm də türk ordusunun başında dayanan, Azərbaycanı bolşevik-daşnak birləşməlarindən təmizləmiş, hər hansı bir nəfərə qarşı mənfi münasibət göstərməyən Nuru Paşanın təhqir olunmasının yolverilməz olduğunu düşünürük. Bütün Azərbaycan müsəlman əhalisi bizim mövqeyimizi bölüşür və dəstəkləyir". Həmin dövrün milli mətbu orqanları Qafqaz İslam Ordusu rəhbərliyinə daxil olanların həbsini Azərbaycan türklərinin "şərəf hisslərinin" təhqiri kimi qiymətləndirən yazılar dərc etmişdilər.
Akif Aşırlı adıçəkilən kitabında Azərbaycan Mərkəzi Dövlət Arxivində saxlanılan, tədqiqatçı-publisist Şəmistan Nəzirlinin çap etdirdiyi bir teleqramı dərc edib: "Keçən il anarxiya nəticəsində baş vermiş hadisələr zamanı Nuru Paşa Azərbaycana gəlmişdir. O özünün ədalətli və bacarıqlı hərəkətləri ilə böyük təhlükənin qarşısını ala bilmişdir.
Yalnız onun bu ədaləti və bacarığı ilə millətlər arasındakı müharibə dayandırıldı. Biz azad nəfəs almağa başladıq. Lakin bizə çatan məlumatlara görə, sevgi və təşəkkürə layiq olan bizim xilaskarımız xəbis adamların yaydıqları iftira və böhtanlara görə həbs olunmuşdur. Vətənimizin belə sülh şəraitində yaşaması belə nadürüstləri qane etmir. Biz Yevlax cəmiyyətinin üzvləri parlamentdən xahiş edirik ki, general Nuru Paşa təcili olaraq həbsdən azad edilsin. Bununla da qəhrəmanımız Nuru Paşanın qəlbinə edilən qəsdlərdən xilas olsun".
"İttihad" qəzeti yazırdı: "Nuru Paşa Zaqafqaziyada, o cümlədən Bakıda olduğu 6 ay müddətində onu əhatə edənlərlə namusla və nəzakətlə davranmışdı, yerli müsəlmanlar və yalnız yerli müsəlmanlar mart günlərində amansızlıqla onların əmlakını qarət edib yandırmış quldurlara qarşı zor işlətməyi özlərinə rəva bilmişdilər. Nuru Paşanın yüzlərcə xeyirxah əməli hamıya bəllidir. Nuru Paşa hansı cinayəti törətmişdi? Nə üçün onu həbs etmişlər? Məgər bəşəriyyətə verilən fayda və xeyir əməllər üstündə adamları həbs etmək
lazımdır?".
Nuru Paşanın həbsindən narahatlıq keçirən bir çox Azərbaycan türkləri onun həbsxanadan qaçırılması barəsində planlar üzərində işləyirdilər. Açıq şəkildə olmasa da, hökumət nümayəndələri də bu işə dəstək verir, bunu xalqın ağır
günlərində Nuru Paşanın göstərmiş olduğu fədakarlığı qarşısında mənəvi borc hesab edirdilər. Akif Aşırlı öz tədqiqatı zamanı Nuru Paşanın həbsxanadan qaçırılması barəsində "İttihad" qəzetində dərc edilmiş material əldə edib. "Nuru Paşanın qaçırılmasının təfərrüatları"
adlı məqalədə deyilir: "Bu işin təşəbbüskarı olan bir qrup şəxs bütöv bir ingilis batalyonu və tikanlı məftillərlə qurulan həbsxanada oturan Nuru Paşaya onun azad olunması barədə qərar qəbul olunduğunu diqqətinə çatdırıb, onu razı salmaq üçün dilə tutdu. Plan hazırladıq ki, avqustun 8-də bir neçə əsgərin və zabitin müşayiəti ilə kazarmanın ətrafında gəzintiyə çıxan zaman Nuru Paşa azad olunsun". 13 nəfərlik bir heyətlə qurulan plan icra olunur, Qafqaz İslam Ordusunun sabiq komandanı itkilər bahasına həbsxanadan qaçırılır. Akif Aşırlı yazır ki, Azərbaycan xalqının xilaskarlıq missiyasını həyata keçirmiş bir insana qarşı bu cür davranmaq, onun xidmətləri qarşısında öz mənəvi borcunu ödəmək ancaq və ancaq türk kişiliyinin bariz nümunəsi sayılmalıdır.
Nuru Paşanın həbsdən azad olduqdan sonra bir müddət Azərbaycanda qalması haqqında məlumatlar var. Belə ki, türk xalqının bu qəhrəman oğlunun 1920-ci ildə bolşeviklərin Azərbaycanı istila etməsindən sonra da qısa zaman kəsiyində Qarabağda mübarizə apardığı barədə məlumatlar var. Üzeyir Hacıbəyli yazırdı ki, "türklər gedəndən sonra Azərbaycana qarşı təbliğat kampaniyası aparılır, əleyhimizə məqalələr dərc olunurdu. Ölkənin daxilində də bu kampaniyaya dəstək verənlər tapılır, müstəqillik əleyhinə fikirlər səsləndirirdilər".

Ülviyyə Tahirqızı